Bloger: "Harada açıq-saçıq ... gördüz, zorlayın"İyulun 6-da “Pantural” adıyla tanınan bloger və kinorejissor Tural Səfərov video-açıqlama yayıb.
O, 70 min izləyicisi olan "İnstaqram" hesabında yayımladığı videoda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini və bu səbəbdən kişilərin öz hisslərini cilovlaya bilmədiyini deyib.
Bundan əlavə, o, videonun şərh hissəsində: “Harada açıq-saçıq ... gördüz, zorlayın”, - deyə çağırış edib.
Nadir Qafarzadə: "Mən elə şərh yazmamışam"Müğənni Nadir Qafarzadənin DİN-in açıqlaması ilə bağlı şərh yazdığı və "Pantural"a dəstəyini ifadə etdiyi bildirilir.
"“Pantural" həbs olunsa, biz qeyrət cihadı edəcəyik. Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz”, - deyə müğənni qeyd edib.
Nadir Qafarzadə Meydan TV-yə “İnstagram”da yazılan şərhin ona məxsus olmadığını deyib.
O bildirib ki, Tural Səfərovun paylaşdığı videoda təhqir olmayıb: “Tural, pis söz deməyib axı. Ancaq öz fikrini bildirib. Videonu bir nəfər şovinist paylaşmışdı, baxdım, orada təhqir görmədim. Mən o şərhi bəyənmişdim, çünki baxdığım videoda pis ifadələr yox idi. Hər kəs papağını başına qoyub, arvadını geyindirsin. Mən demirəm ki, hamı hicab geyinməlidir. Geyimin də mədəniyyəti var. Müasirliyə qalsa, heyvanlar bizdən çox müasirdir, çünki onlar ümumiyyətlə, heç nə geyinmirlər".
"Mən vətəndaşam, mövqe bildirmək haqqım var"Müğənni həmçinin hesab edir ki, həmin videoda zorakılığa çağırış da yoxdur: "Panturalın videosuna baxdım, orada zorakılıqdan söhbət getmir. Sadəcə, bəzi qadınlara deyib ki, lüt gəzməyin. Bəlkə də, daha öncə video paylaşıb, sonra da silib. Videoda onun danışığı xoşuma gəldi. Müasirlik açıq-saçıq geyimdə deyil. Nə olsun, yaydır. Onda gərək, kişilər də tuman-köynəkdə gəzsin. Axı bizə də istidir. Günah bu xəbərləri tirajlayanlardadır. Hər gün saytlar zorakılığı, açıq-saçıqlığı, əxlaqsızlıqları, evdən qaçanları, seks işçilərini paylaşır. Gəlinin evdən getməyini xəbər etməməlidirlər. Mən vətəndaşam, mövqe bildirmək haqqım var”.
Ələsgər Məmmədli: "İfadədə zorakılığa çağırış var"Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, ifadədə zorakılığa çağırış var: “Burada zorakılıq hərəkətlərini etməyə çağırış Cinayət Məcəlləsinin 220-ci maddəsi çərçivəsində cinayət məsuliyyəti yaradır. Çünki ifadə azadlığı cinayət çağırışlarını, həmçinin nifrətyönümlü çağırışları qorumur. Buna görə 3 ilə qədər həbs nəzərdə tutulur”.
Şəhla İsmayıl: "Dəyərlər adı altında qadınlara nifrəti gizlədə bilmirlər"“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da düşünür ki, "Pantural" adlı blogerin fikirlərində qadınlara nifrət açıq hiss olunur: “Azərbaycanda qadınların sərbəstliyi daha çox geyimlə ifadə olunur, xüsusən də kişilərin gördüyü budur. Bu həm aqressiv, həm də patriarxal yanaşmaya əsaslanan bir haldır. Dəyərlər adı altında qadınlara qarşı nifrəti, aqressiv yanaşmanı, psixoloji təzyiqi gizlədə bilmirlər. Əslində, görünüşlə, geyimlə bağlı olan reaksiya patoloji bir qorxu ilə əlaqədardır. Kişilər düşünürlər ki, qadınlarla bərabər olsalar, hansısa mövqeləri itəcək. Bu, ənənəvi yanaşmadır və tək bizim cəmiyyətə xas deyil. Feminizm tarixinə baxsaq, belə dövrlər, mərhələlər olur. Bu da onun bir siqnalıdır. Çox eybəcər bir təzahürdür, amma təbiidir. Hesab edirəm ki, normal təfəkkürlü, insan hüquqları haqqında anlayışı olan adam qətiyyən buna diqqət etməməlidir”.