“Bloomberg” Bakıda dollar satışına sərt məhdudiyyət haqda yazır BƏS MƏRKƏZİ BANK VƏ DEPUTAT VAHİD ƏHMƏDOV NƏ DEYİR...

18-07-2021, 13:30   


Azərbaycan bankları xarici valyutanın satışına məhdudiyyət tətbiq ediblər, lakin nizamlayıcı orqan-Mərkəzi Bank belə məhdudlaşdırma siyasəti tətbiq etmədiyini bildirir.
Virtualaz.org xəbər verir ki, bu haqda “Bloomberg” agentliyinin məqaləsində bildirilir.
“Nəsimi Paşayev xaricdə oxuyan oğlunun təhsil haqqını ödəmək üçün Bakı banklarından avro almaq istəyəndə ona valyuta satmaqdan imtina ediblər, deyiblər ki, valyuta satışı Mərkəzi Bank tərəfindən məhdudlaşdırılıb”,-agentlik bildirir.
Qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri də buna oxşar bir çox xəbərlər yayırlar. Banklar bildirirlər ki, ötən ilin martından bu yana adambaşına ildə təxminən 11.800 dollar ekvivalentində (20 min AZN) xarici valyuta satışı qaydası tətbiq edilir, hərçənd Mərkəzi Bankın bu haqda rəsmi qərarı yoxdur.

“Bloomberg”in sorğusuna cavab olaraq Mərkəzi Bankdan elektron poçtla bildiriblər ki, Azərbaycanda “liberal valyuta bazarı” hökm sürür və kreditorlar ancaq öz daxili qaydaları əsasında “valyuta risklərini azaltmaq üçün” tədbirlər görə bilərlər.
Agentliyin əlaqə saxladığı banklar isə valyuta məhdudiyyətinin tətbiq edildiyi barədə ya şərh verməkdən imtina ediblər, ya da Mərkəzi Bankın açıqlamasını təkrarlayıblar. Üç keçmiş və indiki bank rəhbəri isə anonimlik şərti ilə bildirib ki, tənzimləyici orqan 2020-ci ilin martında dollara tələbat 1.9 milyard dolları keçəndə və manatın yenidən devalvasiyası barədə şaiyələr yayılanda qeyri-formal məhdudiyyətlər tətbiq edib. Həmin 20 min manat ekvivalentində xarici valyuta limitini keçən şəxslər hüquqi şəxs qismində qeydiyyatdan keçməli, vergi orqanlarına hesabat verib öz gəlir mənbələrini açıqlamalıdır.
Bu məlumatı virtualaz.org-a şərh edən deputat Vahid Əhmədov isə deyib ki, valyuta satışının məhdudlaşdırıldığı haqda ona məlumatlar daxil olmayıb.
 
“Hətta belə məhdudiyyət varsa belə, mən buna normal baxıram, çünki istənilən ölkənin hökuməti öz maliyyə bazarını nizamlamaq hüququna malikdir. Ola bilsin Mərkəzi Bank tərəfindən banklara valyuta mübadiləsini hansısa formada tənzimləmək barədə tövsiyələr göndərilib. Bu, izaholunandır və daxili bazarın qorunması üçün edilir”,-Vahid Əhmədov deyib.
V.Əhmədov əlavə edib ki, elə bu günlərdə onun tanışlarından biri heç bir maneə olmadan banklardan birindən 12 min dollar ala bilib. Deputat ölkədən dollar axını probleminin olduğunu təsdiq edir və deyir ki, bunun qarşısını almağın yolları tapılmalıdır. Üstəlik əhali öz əmanətlərini dollarla saxlayır. “Bu da onunla əlaqəlidir ki, vaxtaşırı olaraq manatın devalyasiyası barədə şaiyələr yayılır. Lakin bu şaiyələrin heç bir əsası yoxdur. Büdcə müzakirələri zamanı biz Milli Məclisdə biz bütün iqtisadi məsələləri müzakirə etdik, devalvasiya üçün əsas olmadığını gördük. Üstəlik indi neftin qiyməti də qalxıb və bu da manatın möhkəmlənməsinə imkan yaradır”,-deputat deyib.
V.Əhmədov vurğulayıb ki, adi vətəndaşlar xaricə aparmaq üçün hansısa cüzi məbləğlərdə dollarlar alırlar. Ölkədən milyardlarla dolları çıxaranlar isə oliqarxlardır.
Virtualaz.org məsələ ilə bağlı Mərkəzi Banka müraciət etsə də şərh ala bilməyib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.