Türkiyəyə qarşı müharibənin ssenariləri dəyişdi - DƏHŞƏTLƏ ÜZ-ÜZƏ

5-08-2021, 16:55   


Türkiyəyə qarşı müharibənin ssenariləri dəyişdi - DƏHŞƏTLƏ ÜZ-ÜZƏ
Son həftələrdə Türkiyədə baş verən ekoloji fəlakət bütün dünyanın diqqətini qardaş ölkəyə yönəltdi. PKK terror qruplaşmasına bağlı olan “Atəşin uşaqları” yanğınları öz üzərinə götürdü.
Bunlar məsələnin görünən tərəfidir. Baş verənlər təkcə Türkiyə üçün deyil, bütün dünya üçün 2 nüans haqqında düşünməyin vacibliyinin altından xətt çəkdi.
Birincisi, yanğınlarla mübarizə tək bir ölkənin işi deyil, bütün region ölkələri vahid ekosistemi qorumaq üçün hərəkətə keçməlidirlər. İkincisi, Türkiyədəki yanğınlar sabah Azərbaycanda da baş verə bilər.
Bəs ölkəmiz siyasi-təhlükəsizlik baxımından buna hazırdırmı? Baş verəcək regional ekoloji fəlakətlərin öhdəsindən qonşu ölkələr hansı formada gəlməlidir? Digər əsas məsələ, hazırda hadisələrin episentrində olan Türkiyə bütün dünyanın ekoloji sisteminə meydan oxuyan PKK yaraqlılarına qarşı hansı sərt addımları ata bilər?
Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında söyləyib ki, Türkiyə bu hadisələrdən sonra PKK terror qruplaşmasına qarşı daha sərt addımlar atacaq:
“Bu, artıq ölüm-dirim müharibəsidir. Belə olan halda PKK törətdiyi əməllər üçün cavab verməlidir. Təəssüf ki, getdikcə müharibələr öz xüsusiyyətini dəyişir. Müharibələr əvvəl lokal şəraitdə, konkret ərazidə aparılırdı. İndi hibrid müharibələr praktikada daha çox üstünlük təşkil edir. Ekoloji müharibələr də son dövrlərdə daha çox yayılmaqdadır. Söhbət ekoloji terrordan gedir. Görünür, PKK indi də bu yola əl atır. Əvvəl onlar digər addımlar atırdılar. İndi “fəaliyyət istiqamətlərini” dəyişiblər”.

Politoloq əlavə edib ki, əvvəllər PKK yalnız Şərqi Anadoluda dağlarda fəaliyyət göstərirdisə, indi Türkiyənin bütün bölgələrini əhatə etməyə çalışır:
“Onlar indi coğrafiyanı genişləndiriblər. Söhbət ekoloji terrordan gedir. Bu gün meşələri yandırırlar, ola bilsin ki, sabah ekoloji terrorla bağlı fərqli addımlar atsınlar. Belə olan halda Türkiyənin bütün vətəndaşları təhlükə altına düşür, təkcə Şərqi Anadoluda yaşayanlar yox. Terrordan söhbət gedirsə, onlara qarşı amansız müharibə aparmaq lazımdır. Bu insanlara qarşı ən sərt tədbirlər görülməlidir. Eyni zamanda bu istiqamətdə beynəlxalq səviyyədə işlər aparılmalıdır. Həmin terrorçular başqa-başqa yerlərdə fəaliyyət göstərirlər. Avropada gizlənirlər. Onların havadarları Avropada oturub. Ermənistanın özündə də bu qəbildən olan terrorçular var. Onlarla mübarizə coğrafiyası da genişlənməlidir”.
Yuxarıda qeyd etdiyimiz ikinci məqama baxaq:
Artıq Türkiyənin timsalında baş verənləri gördük.
Görünən odur ki, Azərbaycan da ekoloji terrordan sığortalanmayıb. Azərbaycan belə halların baş verməməsi üçün nələrə hazır olmalıdır? Ekoloji təhlükəsizlik sistemimiz hansı şəkildə qurulmalıdır?
Politoloqun təbirincə desək, bu da çox ciddi məsələdir: “Burada texniki məsələlər ən axırıncıdır. Effektiv təhlükəsizlik sistemi qurmalıyıq. Bu, çox mühüm məfhumdur. Burada təkcə ənənəvi yox, həm də ekoloji təhlükəsizliklə bağlı tədbirlər görülməlidir. Biz öz gücümüzlə bunu etməməliyik. Çünki kifayət qədər effektiv olmayacaq. Biz digər ölkələrlə birgə bunu etməliyik. Ekoloji fəlakət elə bir şeydir ki, digər ölkələrə də təsir göstərəcək. Əgər cənub bölgəsində yanğınlar genişlənsə, qonşu İrana da keçəcək. İran son vaxtlar ekoloji terror törədərək bizim çaylarımızı çirkləndirir. Amma bizimlə yanaşı, bu ekoloji terrordan özü də zərər çəkir. Çünki çirkab sular Araza axıdılır və İran da həmin sulardan öz ərazilərində istifadə edir. Əlbəttə, burada İranın da təhlükəsizliyi məsələsi var. Əgər şimal bölgəsində yanğınlar baş verərsə, həmin yanğınlar Dağıstana da keçə bilər. Həmin vaxt biz Rusiya ilə müəyyən tədbirlər görməliyik”.
İlqar Vəlizadə hesab edir ki, söhbət ekoloji terrordan gedirsə, regional səviyyədə biz qardaş Türkiyə, Pakistan, İran, Rusiya və digər ölkələrlə mütləq birgə işləməliyik:
“Ekologiya elə bir şeydir ki, sərhəd tanımır. Heç kəs ondan sığortalanmayıb. Ona görə də burada regional təhlükəsizlik böyük önəm kəsb edir. Türkiyədəki yanğınlarda sözsüz ki, Azərbaycan qardaş ölkənin yanındadır. Amma Azərbaycanla yanaşı Ukrayna, Rusiya da dəstək verdi. Çünki bu yanğınlar Qara dəniz hövzəsində baş verirdi və vahid ekoloji sistemdir. Əgər külək cənubdan şimala əssə, o zaman bundan nə Ukrayna, nə də Rusiya sığortalana biləcək. Çünki bu zəhərli və zərərli kütlə o tərəflərə də gedəcək. Bir sözlə, ekoloji terror, təhlükə bütün region ölkələrini birləşdirir. Fəlakət hamı üçün fəsadlar verə bilər. Ermənistan bunu dərk etmək istəmir. Onların başları başqa cür işləyir. Əslində, bundan Ermənistan da ziyan görür”.
Tural Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar