Qərb ölkələrinin sərt sanksiyaları ilə sıxışdırılan Belarus prezidenti Aleksandr Lukaşenko dünən bəyan edib ki, tezliklə vəzifəsindən gedəcək. Dövlət başçısı jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə sensasiyalı açıqlamasını bu cümlələrlə davam etdirib:
“Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar gələcək. Hətta tezliklə. Ancaq siz bu dəyişikliyin vaxtı ilə bağlı narahat olmayın. Lukaşenkonun nə vaxt gedəcəyini tapmacaya çevirməyin. Bu, çox tezliklə olacaq”.Lukaşenkonun bəyanatını şərh edən
siyasi təhlilçi Şahin Cəfərli düşünür ki, Rusiya Belarus Prezidentini yola salmağa qərar verib. O, hesab edir ki, bu, yeni yox, ötən il Belarusda başlayan xalq hərəkatından sonra, hətta istisna deyil ki, daha əvvəl verilmiş qərardır.
"Qərb də bunu bilir və Lukaşenkoya qarşı sanksiya üstünə sanksiya qoyur", - təhlilçi qeyd edib.
Ş.Cəfərlinin sözlərinə görə, ilk baxışdan anlamağın çətin olduğu paradoksal situasiya yaranıb: "Lukaşenko Rusiyanın dərin inteqrasiya təklifinə hələ də razılıq vermir, bu mövqeyini bir daha təkrarlayıb. Eyni zamanda, o anlayır ki, Rusiya dəstəyini çəksə, nəinki hakimiyyətdə qalmaq, hətta özü və ailəsinin təhlükəsizliyini təmin etmək şansı da yoxdur. Bu səbəbdən aqrorəhbər Rusiyanın tələbi ilə onun prezidentlikdən getməsini nəzərdə tutan Konstitusiya dəyişiklikləri həyata keçirməyə razılıq verib. Moskvanın fəal iştirakı ilə hazırlanan layihəyə əsasən Prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq, parlament və hökumətin səlahiyyətləri genişləndiriləcək, proporsional-majoritar seçki sistemi tətbiq olunacaq, Prezidentin 2 dəfədən artıq bu vəzifəyə seçilməsinə qadağa qoyan müddəa geri qaytarılacaq, Ümumbelarus Xalq Yığıncağı adlı bütün səviyyəli deputatların təmsil olunduğu quruma konstitusion status veriləcək, bu qurum üçdə iki səslə Prezidenti vəzifədən uzaqlaşdıra biləcək. Mühacirətdəki müxalifət liderlərinin namizədliyini əngəlləmək məqsədilə yalnız son 20 ildə daimi olaraq Belarusda yaşamış şəxslərin prezidentliyə namizəd ola biləcəyinə dair müddəa da təklif olunur. Yeni siyasi sistemdə siyasi partiyaların rolu artacaq, bu çərçivədə güclü rusiyayönümlü partiyanın yaradılması üçün pərdə arxasında hazırlıqlar bir müddətdir başlayıb". Təhlilçinin qənaətinə görə, Lukaşenko prosesi mümkün qədər gecikdirməyə çalışır. "Məsələn, o, konstitusiya dəyişiklikləri layihəsini yenidən işlənmək üçün geri qaytarıb və referendumun ən tez 2022-ci ilin əvvəllərində keçiriləcəyini deyib. Yeni konstitusiyanın qüvvəyə minməsindən sonra isə 2 böyük seçki kampaniyası - prezident və parlament seçkiləri keçirilməlidir. Yəni Lukaşenkonun təqviminə əsasən məsələ 2023-cü ilə qədər uzana bilər. Rusiya isə bu prosesi bir az sürətləndirmək istəyir",-deyə ekspert vurğulayıb.
Ş.Cəfərli hesab edir ki, məntiqlə, Qərb Belarusun müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasında və onun Rusiyanın təsir sferasından çıxarılmasında maraqlı olmalıdır: "Lukaşenko indiyədək müxtəlif manevrlərlə ölkəsinin suverenliyini qorumağa nail olub və Belarusu Rusiyaya birləşdirməyib. Amma Qərbin getdikcə sanksiyaları sərtləşdirməsi Minskdəki rejimin dözüm limitini azaldır və onun daha tez çöküşünə zəmin hazırlayır. Yəni paradoks bundadır ki, faktiki, Qərb bu məsələdə Rusiya ilə paralel hərəkət edir, bir növ onun planlarına xidmət etmiş olur. Bunun düşünülmüş şəkildə edilib-edilmədiyini, Rusiya-Qərb arasında hansısa gizli alverin tərkib hissəsi olub-olmadığını deyə bilmərəm".
Təhlilçi ehtimal edir ki, Moskvanın planı təxminən belədir: "Lukaşenko Prezident vəzifəsindən gedir, Belarusda Rusiyaya yaxın, daha proqnozlaşdırıla bilən, müxalifləri öldürməyən və işgəncə verməyən, insan sifətli yumşaq avtoritarizm bərqərar olur. Beləliklə, qərblilərin təbirincə, “Avropadakı sonuncu diktatura” sökülmüş olur. Amma Lukaşenkonun yeni konfiqurasiyada qeyri-icraçı pozisiyada yer almasını - məsələn, Ümumbelarus Xalq Yığıncağının sədri vəzifəsini tutmasını da istisna etmək olmaz".
"AzPolitika.info"