Eyyub Hüseynov: «Formaların qiyməti ən azı 50 faiz aşağı salınmalıdır»
Günün ən aktual problemlərindən biri də məktəb hazırlıqlarıdır. Bu baxımdan, övladları məktəbə gedəcək valideynlər qayğı içindədir. Üstəlik, məlum olub ki, məktəbli formalarının qiymətində artım var. Formaların standart qiyməti açıqlanaraq aşağı siniflərdə 40, yuxarı siniflərdə isə 60 manat müəyyənləşdirilib.
Biz hələ formaların keyfiyyət məsələsinə toxunmuruq, onların sadəcə, qiymətinin valideynləri razı salıb-salmayacağınndan bəhs edirik. Eyni zamanda üç övladı məktəbdə oxuyan valideyn üçün üç formanı sözügedən qiymətə almaq asan deyil. Bir də ki, məktəbə uşaq yola salmaq təkcə forma almaqla məhdudlaşmır. Bunu məktəblə əlaqəsi olan bütün valideynlər bilir. Bu mənada, məktəbli formalarının qiymətinin reallıqla nə qədər uzlaşdığını aydınlaşdırmaq istədik.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu məsələ ilə əlaqədar istehlakçılar mütəmadi olaraq onun rəhbərlik etdiyi təşkilata müraciət edir. Məktəbli formalarının qiymətinin normalara uyğun gəlmədiyini deyən AIB sədri burada monopoliya elementlərini istisna etmir:
“Əslində, formaların standartları hazırlanmalı və həmin standartlara uyğun formalar da bazara çıxarılmalıdır. Standarta uyğun olmayanlar isə ləğv edilməlidir. Ədalətli rəqabət olarsa, qiymətlər də özü-özünə aşağı düşər. Lakin vəziyyətin belə olması bazar prinsiplərinə, bazarın liberal olmasına ziddir. Bu, səhv bir siyasətdir. Qiymətlər ən azı 50 faiz aşağı endirilməlidir. Yaxud azad bazar iqtisadiyyatına uyğun iş aparılmalıdır. Hazırkı qiymətlər əhalinin sosial müdafiəsinə zidd bir qərardır”.