Ermənistanın Baş naziri Nikol Paşinyan ikibaşlı açıqlama ilə çıxış edib.Belə ki, Paşinyan ilk olaraq ATƏT-in Minsk qrupundan təklif gözlədiyini və bunun əsasında Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
“İrəvan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - Paşinyan belə deyib.
Ardınca isə Paşinyan deyib ki, Ermənistan ərazilər işğal etmək, yaxud aqressiv addımlar atmaq niyyətində deyil. O, ölkədə aparılan ordu islahatlarının yanlış təqdim olunduğunu və qonşu ölkələrə qarşı hər hansı hücum planının olmadığını iddia edib:
“Niyyətimiz suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasıdır. Ermənistanın strategiyası regionda sülh və stabillikdir. Düşmənçiliyin dərinləşməsi qəbuledilməzdir və bütün region üçün təhlükədir”.Maraqlıdır, Ermənistan regionda sülh istəyirsə, o zaman 10 noyabr Bəyanatına niyə əməl etmir? Digər tərəfdən Paşinyan ATƏT-in Minsk Qrupundan niyə təklif gözləyir? 30 illik fəaliyyəti ilə heç bir uğurlu nəticəyə imza atmayan ATƏT-in Minsk qrupunun fəaliyyətində Ermənistan niyə maraqlıdır?
Məsələ ilə bağlı
Cebhe.info-ya danışan politoloq Mehman Əliyev deyib ki, bu çağrış gözlənilən idi:
“Çünki Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivlik Ermənistanda seçkilərdən qabaq başladı. Sonra isə tənəffüs götürüldü, seçkinin nəticələrini gözlədilər. Əslində bu gözlənilən idi, Paşinyan yenidən qələbə qazanacaq və belə də oldu. Seçkilərdən sonra ikinci mərhələ aktivlik başladı. Avropa Şurasının başçısı Ermənistana getdi, Rusiyaya Paşinyanın və İlham Əliyevin səfərləri oldu, ATƏT-in Minsk qrupunun həmsədrləri aktivləşdir və proses yenidən canlandı. 2 avqusta Paşinyanın Baş nazir olaraq təsdiqlənməsindən sonra bu proses inkişaf edəcək. Paşinyan bildirdi ki, artıq yeni hakimiyyət formalaşıb, oturuşub və danışıqlara hazırıq. Azərbaycan tərəfi buna hazır idi, çünki bizdə problem yox idi. Ermənistanda isə müharibədən sonra seçki keçirildi və bu proses bitdi. Paşinyan da bəyan etdi ki, artıq keçid dövrü bitib və danışıqlara hazırdırlar”.Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycanla sülh sazişi bağlamağı qaçılmazdır:
“İlk növbədə beynəlxalq vasitəçilərin, Rusiya, Avropa Birliyi və ABŞ-ın regionda maraqları fərqli ola bilər. Amma müharibə göstərdi ki, vasitəçilər bu məsələdə müəyyən konsensus əldə edə bildi. Bu da sülh sazişinə beynəlxalq zəmin yaradır. Onlar da maraqlıdırlar ki, tezliklə problem həll olunsun və saziş imzalansın. Çünki qarşıda böyük layihələr var və sülh sazişinin olmaması ciddi əngəllər yaradır.
Müharibənin özü də bu prosesləri tezləşdirdi. Məhz müharibə də ona görə baş verdi ki, proseslər gecikirdi və gözləməyə vaxt yox idi. Digər tərəfdən Azərbaycan tərəfi sülh sazişində maraqlıdır, çünki ərazi bütövlüyü bərpa olunub və ordusu sərhəddə çıxıb.Ermənistanın sülh sazişini imzalaması ilə o deməkdir ki, Qarabağ məsələsi onlar üçün bitdi. Ermənistan isə sülh sazişində o qədər də maraqlı deyil. Amma onların daxili vəziyyəti, sosial-iqtisadi, mənəvi, psixoloji durumu Ermənistanı tezliklə bu sazişi imzalamağa vadar edir.Paşinyan ona görə sülh sazişinə hazır olduğunu bildirir. Saziş olmasa, Ermənistandan əhalinin köçü davam edəcək və müəyyən vaxtdan sonra bir ölkə, ərazi kimi mövcud olmayacaq. Yəni, itkilər Ermənistan üçün daha da böyük olacaq. Onlar da bunu dərk edir. Baxmayaraq ki, Qarabağı itirirlər, amma hazırda söhbət Qarabağdan deyil, Ermənistanın özünün mövcudluğundan gedir. Hazırda Ermənistan sülh sazişində çox maraqlıdır”.Vilayət Muxtar
Cebhe.info