İsfəndiyar Vahabzadənin Vladimir Jirinovskinin timsalında rus xalqını aşağılaması qəbuledilməzdir. O, çox uğursuz söz işlədib. Ümumiyyətlə, son zamanlar onun radikal müxalifətçilik mövqelərinə yuvarlanması rəğbətlə qarşılana bilməz. Çünki İsfəndiyar Vahabzadənin ailəsi Heydər Əliyevin dövründə, Azərbaycanın müstəqillik dövründə bu dövlətə xidmətləri olan bir ailədir.Bu sözləri
Axar.az-a açıqlamasında politoloq, professor
Qabil Hüseynli deyib.
O bildirib ki, İ.Vahabzadənin bütün rus xalqını aşağılamasına heç cür bəraət qazandırmaq olmaz:
“Jirinovskini mən də tənqid etmişəm. O, yaramazdır, alçaqdır, millətlərarası nifrəti körüklüyən bir “idiot”dur. Jirinovskinin türk-müsəlman xalqına qarşı amansız mövqeyi var. Bu gün rus xalqı arasında Jirinovskinin özünə də kifayət qədər nifrət edənlər var. Ona görə də rus xalqı ilə Jirinovskini eyniləşdirmək qətiyyən olmaz. Rus xalqı böyük xalqdır və İsfəndiyar Vahabzadə bunu bilməmiş deyil. O, rus dilində təhsil alıb, rus xalqının böyüklüyünü rus ədəbiyyatının, rus alimlərinin timsalında görüb. Heç Jirinovskiyə də donuz demək olmaz. Jirinovskini başqa formada tənqid edəcək uğurlu sözlər var. Amma Jirinovski uğursuz da olsa, siyasətçidir. O, provokator olsa da, millətlərarası münasibəti qızışdıran biri olsa da, siyasətlə məşğuldur. Siyasətçinin isə cavabı siyasi müstəvidə verilir, küçə səviyyəsində, bir xalqı təhqir etməklə yox”.