"İcra başçısı Lütfəli Babayev 65 min dollarımı mənimsəyib"
İntihara cəhd edən şəxsin həyat yoldaşı Könül Nəsibova Musavat.com-un əməkdaşına bildirib ki, icra başçısı torpaq sahəsi satmaq adı ilə ərindən pul alıb. Amma nə torpaq verilib, nə də pul qaytarılır.
***
12.55
Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən şəxs dərdini Bizimyol.info-ya danışıb. O, Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev tərəfindən aldadıldığını bildirib: "Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".
***
12.36
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, özünü atmaqla hədələyən şəxs millət vəkili Qənirə Paşayevanın ora gəlməsini və onu dinləməsini tələb edir. Əks təqdirdə, özünü atacağını bildirir.
Sadiq Nasirov körpünün üstündən yerə məktub atıb. Məktubda qeyd olunur ki, İcra
Hakimiyyəti ilə problemi var. O, İcra Hakimiyyəti tərəfindən 65 min manatının mənimsənildiyini iddia edir. Yazdığına görə, çox yerə şikayət etsə də, sözünü
dinləyən yoxdur.
***
12.16
Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxsin adı məlum olub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs Sadiq Nəsirovdur.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri S. Nəsirovu fikrindən daşındırmaq üçün danışıqlar aparır.
***
12.05
Bakıda kişi intihara cəhd edir.
Musavat.com-un məlumatına görə, metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.
Təxminən 45-50 yaşlarında kişi 65 min borcunun olduğunu bildirir.
***
Musavat.com-un əməkdaşı xəbər verir ki, intihara cəhd edən şəxs hazırda kiminləsə telefonla danışır.