Məlum hadisələrdən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk etdi, vitse-prezident Əmrulla Saleh də ölkədən qaçdı. Əfqanıstandan qaçanlar içərisində keçmiş “ulduzlar”, 1990-cı illərin sönmüş əfsanələri Əbdül Rəşid Dustum və Əttah Məhəmməd Nur da var.Xalq müqavimətinin lideri və “Herat aslanı” kimi tanınan
Məhəmməd İsmayıl Xan isə öz şəxsi mühafizəçiləri tərəfindən taliblərə təhvil verilib və sonradan “Taliban” yaraqlılarını dəstəklədiyi barədə bəyanat yayıb.
İndi artıq
Əhməd Şah Məsud kimi yeni bir döyüşçü lider tapılmalıdır ki, xalqı “Taliban” əleyhinə müqavimətə səfərbər etsin. Əslində, Əhməd Şah Məsud kimi cəsur lider elə əvvəlcədən də yox idi. Bunun özü Kabilin müdafiəsinin pis təşkil olunması səbəblərindən biridir.
Əşrəf Qani rəhbər roluna qətiyyən uyğun adam deyildi. Onu Əfqanıstanda demək olar ki, heç zaman sevməyiblər. Regional elitalar, hökumətdəki nazirlər və etnik azlıqlarla onun arasında dəfələrlə açıq münaqişələrin meydana gəlməsinin səbəbi Əşrəf Qaninin nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq istəyindən qaynaqlanıb. Nə zaman ki, ”x” saatı gəlib çatdı, narazıların hamısı Əşrəf Qanini tərk edərək onu “Taliban”la təkbətək qoydular.
Beynəlxalq legitimlik qazanmaq üçün Kabildəki hakimiyyətin dinc yolla ələ keçirilməsi taliblər üçün olduqca vacib idi. Bununla taliblər Kabilə hücum etməmək barədə Qərblə aralarındakı razılığın bir hissəsini formal da olsa yerinə yetirmiş oldular.ABŞ vətəndaşı olan
Əli Əhməd Cəlalinin rəhbərliyi ilə müvəqqəti keçid hökumətinin yaradılması gözəl və incə manevrdir. Beləliklə, bu gediş hakimiyyətin sülh yolu ilə ötürülməsi görüntüsünü yaratmaqla bərabər, həm də taliblərin mötədil qanadının lideri
Əbdül Qani Bəradərin başçılığı altındakı administrasiyanın legitimliyinin əsasını qoyacaq. Unutmayaq ki,
Rusiya, Çin, ABŞ, Pakistan və Türkiyə daxil olmaqla bütün xarici oyunçularla danışıqları son bir neçə ildir ki, Əbdüll Qani Bəradər aparıb.
Bəli, maraqlı tərəflər Əfqanıstandakı vəziyyəti elə nizama salmaq istəyiblər ki, hər şey az-çox sakit görünsün. Strateji perspektiv baxımından ABŞ-ın məğlubiyyətə uğramasını söyləmək olmaz. Məgər qoşunların çıxarılmasının yöndəmisiz təşkili və “Taliban”ın hərbi imkanlarının düzgün dəyərləndirilməməsi amerikalıların imicinə çoxmu güclü zərbə vurur?Ancaq Əfqanıstanda baş verənlər fonunda qlobal miqyasdakı real itkilər barədə fikir yürütmək dərin təhlilin predmetidir. Çünki sonradan hər şey aydınlaşanda və postamerika Əfqanıstanına kimin və necə girəcəyindən, orada necə qalacağından çox şey asılıdır.
Hələ ki, daha çox uduşlu start mövqeyində
Çin, Pakistan və İran dayanır.
Rusiya və Türkiyə isə astanada duraraq, taliblərin yeni hakimiyyətilə münasibətlərin hansı formada qurulacağı məsələsini həll edirlər.
Bu məsələdə
Hindistan və Mərkəzi Asiya ölkələrinin vəziyyəti elə də ürəkaçan deyil. Belə ki, təhlükəsizlik sahəsində çoxlu qeyri-müəyyənilklər və risklər var. Bu isə onları təhlükəsizliyin nisbətən effektli təminatçıları sayılan və həmçinin də “Taliban” rəhbərliyi ilə əlaqə kanallarına malik olan
Moskva, Vaşinqton, Pekin, Ankara və ya Tehran kimi mərkəzi güclərə tərəf yönəlməyə məcbur edəcək.
“Qlavred” - (Ukrayna)
Tərcümə: “AzPolitika.info”