Gerçəkdən də təkcə dünyanın ərazicə ən böyük, hərbi qüdrətinə görə ikinci nəhəng dövlətinin yox, eləcə də dünyanın taleyi həll olunurdu.
Bütün zamanların və müasir dövrün ən böyük imperiyasının – SSRİ-nin gələcəyi necə olacaqdı? Milyardlarla insan bu sualın cavabını gözləyirdi.
Eynilə builki kimi isti keçən avqustu Krımda, şəhər tipli Foros qəsəbəsindəki eyni adlı iqamətgah-sanatoriyada keçirən SSRİ rəhbəri Qorbaçovun başına “Xruşov vaqiəsi” gəlmişdi.Kremlin intriqabaz qoca qurdları bu Sergeyeviçi də sələfi Nikita Sergeyeviç kimi məhz istirahətdə (Abxaziyanın Pitsunda qəsəbəsində) olduğu zaman devirmişdilər. Daha dəqiqi, devirdiklərini elan etmişdilər.
Yenə də saray çevrilişinin arxasında MK katibləri, baş nazir, DTK sədri, DİN rəhbəri, müdafiə naziri (Baklanov, Tizyakov, Starodubtsov, Pavlov, Kryuçkov, Puqo, Yazov) vardı. Bu dəfə onlara yenicə təsis olunmuş vitse-prezident postunu Qorbaçovun xeyir-duası ilə tutan Gennadi Yanayev rəhbərlik edirdi.
Adam ilk mətbuat konfransındaca bütün dünyaya göstərdi ki, ondan ölkə idarə edən olmaz. Yanayevin əlləri əsdi, səsi titrədi. Bəlkə də həyəcandan belə olmuşdu, amma bütün sovet xalqı dərhal onun sərxoş olmasından şübhələndi.
Qiyamçıların niyyəti heç də hakimiyyəti götürmək, böyük vəzifələr qamarlamaq deyildi. Zatən, biri nəhəng ölkənin ikinci, biri üçüncü, o biriləri də dördüncü, beşinci, yeddinci adamları idi. Bundan böyük nə vəzifə tutacaqdılar ki?
Onların dərdi yıpranmış, dağılmaqda olan ölkəni – SSRİ-ni toparlamaq, parçalanmasına imkan verməmək, nüfuzdan düşmüş kompartiyanın hakimiyyəti itirməsinin qarşısını almaq idi.
1988-ci ildən başlayaraq, erməni separatçılarının Qarabağda start verdiyi detonasiya prosesi nəticəsində şərqi Avropa dövlətlərindən ibarət sosialist düşərgəsi dağılmış, yarımmüstəmləkə dövlətlər (Almaniya Demokratik Respublikası, Polşa, Çexoslovakiya, Ruminiya, Macarıstan, Bolqarıstan) müstəqillik qazanmışdılar.
Baltikyanı ölkələr israrla onların iziylə gedirdi, bu ölkələrin kommunistləri belə Moskvaya itaət göstərmək istəmirdilər.
Ermənistan yaxasını cırır, “müstəqillik” deyə-deyə başqa müttəfiq respublikalara pis örnək olurdu.
Gürcüstanın yönü dəyişmişdi, Moskvanın sərt üzüylə ilk o qarşılaşmış, 9 apreldə qurbanlar vermişdi.
Azərbaycan qəfildən yaxalandığı siyasi kataklizmdən çıxış yolunu ermənilərə ciddi dəstək verən Kremlə qarşı yumruq yelləməkdə görürdü. Bunun cavabı 20 Yanvar faciəsi olmuşdu və xalqın sidqi böyük ölçüdə Moskvadan sıyrılmışdı.
Ancaq “QKÇP” (tərcümə abbreviaturası FVDK – Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) çevrilişinin ilk günlərində (19-20 avqust) Ermənistanda dərin məyusluq, Azərbaycanda isə, əsasən hökumət dairələrində müəyyən eyforiya müşahidə olunurdu.
Ermənilər Mixail və Raisa Qorbaçovların simasında ciddi arxa-dayaqlarından məhrum olduqlarını, yeni hakimiyyətin onların nazı ilə oynamayacağını düşünürdülər.Azərbaycanda isə başlıca qənaət belə idi ki, Yanayevin rəhbərlik etdiyi yeni hökumət bir çox məsələlərdə, o cümlədən Qarabağ münqaişəsində ədalətli mövqe tutacaq, SSRİ-nin laxladan erməni separatizmini cəzalandıracaq.
Başqa variant yox idi. Dövlət rəhbərliyi Qorbaçovun siyasi xəttindən imtina edirdisə, ədalətli olmağa, ölkəni tam şəkildə toparlamağa məhkum idi. Bu zaman ermənilərin kükrəmiş torpaq ələ keçirmək, “böyük dövlət” qurmaq niyyətləri puç olacaqdı.
Amma onu da bilmək olmazdı. Bəlkə də ermənilər Yanayev başda olmaqla digər SSRİ rəhbərlərinə “giriş” tapacaqdılar.
Hər halda, Ermənistan “QKÇP”-yə qarşı mövqe bildirdi, Azərbaycan rəhbərliyi isə Yanayevdən yana oldu.
“QKÇP”-nin ömrü 3 gün çəkdi. Yeni rəhbərlər küçələrə axışmış xalqı ram edə bilmədilər. Rusiyada hakimiyyətə iddia edən yeni qüvvələr, Boris Yeltsinin başçılıq etdiyi “demokratlar” köhnə kommunistləri məğlub etdi. Ordu itaətsizlik etdi, “QKÇP”-nın əmri ilə xalqın üstünə yerimədi.
İki gün Krımdakı “Foros” iqamətgahında dünyadan təcrid olunmuş Qorbaçov tətil qiyafətində, açıq rəngli yay gödəkçəsi geymiş halda, həyəcanlı şəkildə təyyarədən enib Kremlə getdi.
Avqustun 22-də “QKÇP” liderlərinin həbsi başlandı. Onların hamısını qandalladılar. Yalnız DİN başçısı Boris Puqo özünü güllələdi və nazirkən dustağa dönmədi.
SSRİ-nin dağılması prosesi isə daha da sürətləndi və 4 aydan sonra dövlət rəsmən çökdü. Kommunist partiyası isə hakimiyyətini bir neçə günün içində itirdi. Qorbaçov o boyda partiyanı yasaqladı. Faktiki hakimiyyət Rusiya rəhbəri Yeltsinin əlinə keçdi, Qorbaçovun idarəetmə rıçaqları bir-bir əlindən çıxdı. Avqustdan dekabrın sonlarına qədər onların intriqası davam etdi və Qorbaçovun istefası ilə bu qovğa başa çatdı.
Bəs “QKÇP” duruş gətirsəydi, Qorbaçovun hakimiyyətdən uzaqlaşdırılması prosesi başa çatdırılsaydı, necə olacaqdı?
Asan olmayacaqdı. SSRİ-ni qoruyub saxlamaq üçün yenə də yüz minlərlə adamı repressiyaya məruz qoymaq, yeni parlamış siyasi xadimləri, fəalları, ziyalıları güllələmək, sərt senzura tətbiq etmək, hərbi rejimə keçmək lazım gələcəkdi. Heç bütün bunlar da iqtisadiyyatı dağılmış ölkəni toparlamağa bəs etməyəcəkdi və böyük bir ölkə məchulluğa qərq olacaqdı.
SSRİ dağılandan sonra isə müstəqillik qazanmış müttəfiq respublikalar girdabın dibindən öz güclərinə, birtəhər çabalayaraq çıxmağa çalışdılar.
SSRİ-dən ayrılmaq, Rusiyadan qopmaq barədə ilk qışqırıq salan Ermənistan isə şimal qonşumuzdan qopa bilməyən yeganə SSRİ respublikası olaraq qaldı və qalır.
Xalid Kazımlı. Musavat.com