İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi arsenalının məhv olması Rusiya üçün yeni silah bazarı açıb.Moskva Paşinyan hökuməti ilə danışıqlara başlayaraq Ermənistan ordusunun “islahat və yenidən qurulması” adı altında yenidən silahlandırılmasına başlayıb. Qeyd edək ki, iyul ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinləri Sergey İstrakov və Viktor Liin bu məqsədlə İrəvana səfər edərək beş gün Ermənistanda danışıqlar aparmışdı. Son günlər isə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Moskvaya tez-tez baş tutan səfərlərinin əsas gündəliyini də məhz Rusiyadan silahların alınması təşkil edir.
Moskvada keçirilən “Armiya-2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib. Müdafiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi İrəvana 100 milyon dollar kredit ayırdığı da bildirilir. Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır.
Təbii ki, Ermənistanın Rusiyadan silah almaq üçün maddi imkanları yoxdur. Cari ildə, yəni İkinci Qarabağ müharibəsindən ötən dövrdə Ermənistanın dövlət borcları 2 milyard dollara yaxın artıb. Bu da Ermənistanın dövlət büdcəsinin təxminən 90 faizinə bərabərdir. Ona görə də Rusiya Ermənistana silahları əvvəlki illərdə olduğu kimi bir hissəsini kreditlə, bir hissəsini isə pay kimi verir. Kreditlə verilən silahlar isə satış qiymətindən baha başa gəldiyindən, Ermənistan bunun qarşılığında ya istehsal müəssisələrinin səhmlərini Rusiyaya verməli olub, ya da siyasi öhdəliklər götürüb.
Beləliklə, Rusiya silah satışına Ermənistanı özünün siyasi asılılığında saxlamaq üçün vasitəsi kimi baxır. Son dövrlər isə Baş nazir Nikol Paşinyanın Qərbyönlü kursunun güclənməsi fonunda Rusiyanın silah təklifinin artması əslində Ermənistanı öz təsir dairəsində saxlamağa hesablanmış gedişdir. Ancaq silah məsələsində Paşinyan hökumətinin Kremldən kifayət qədər narazılığı var. Çünki yalnız hakimiyyət deyil, Ermənistan cəmiyyətində hesab edirlər ki, müharibədəki məğlubiyyətin əsas səbəbi Rusiya silahlarının keyfiyyətsiz və köhnə olması ilə bağlıdır. Ona görə də Paşinyanın silah müqabilində Qərbyönümlü kursdan imtina edib Moskva ilə yaxınlaşacağını söyləmək çətindir. Rəsmi İrəvanın mövqeyindən asılı olmayaraq, Rusiyanın bu addımı Azərbaycanın maraqlarına ziddir. Son 30 ildə Ermənistanın silahlandırılması Azərbaycana qarşı işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edib.
Qarabağda sülhməramlı missiya yerinə yetirən dövlətin Ermənistanı silahlandırması bitərəflik prinsipinin pozulmasıdır. Bu isə Rusiyanın iştirakı ilə imzalanmış 2020-ci il 10 noyabr Bəyanatının pozulması deməkdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda “CNN Türk” telekanalına verdiyi müsahibəsində sülhün təmin olunmasının əsas şərtlərindən biri kimi Rusiyanın Ermənistana silah satmamalı olduğunu qeyd edib.
Politoloq Əziz Əlibəyli
“Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya Ermənistana silah satmaqla açıq mövqe nümayiş etdirir. Bu da təəssüf doğurur:
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması da bundan ibarət idi ki, guya bölgədə balans yaradırlar, ona görə də Azərbaycan Ermənistandan güclü olmamalıdır. Bu səbəbdən Ermənistana silahlanmanı və təhcizatı həyata keçirməliyik. Təbii ki, bu çağırışlar Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirdi. Nəticədə, diplomatik və hərbi təmaslardan sonra belə bir fikir meydana çıxdı ki, Ermənistan bu revanşı həyata keçirməyə hazırdır. Bəs bunun aqibəti necə olacaq? Birincisi, Rusiyanın arsenalında Azərbaycana qarşı istifadə edilə biləcək güclü silahlar yoxdur. İkinci Qarabağ müharibəsində Azərbaycan malik olduğu silah və hərbi texnika ilə Rusiyanın Ermənistana verdiyi bütün silahları zərərsizləşdirə bildi. Hətta onlar ən dəhşətli silah olan “İskəndər” raketini belə istifadə ediblər.İkincisi, Ermənistanın zərəri 3,8 milyard dollardır. Bunu bərpa etmək üçün 38 il vaxt lazımdır. Bütün bunların hamısının yerini doldurmaq mümkün deyil. Rusiyanın verdiyi silahlar Ermənistanın müharibədən əvvəlki hərbi gücünü bərpa etməkdə heç bir rol oynamayacaq. Çünki itki çox böyükdür. Ermənistanın bütün iqtisadi potensialı Rusiyadan asılı vəziyyətdədir. Fikrimcə, silahların əvəzində Ermənistanın ödəməyə heç nəyi qalmayıb. Böyük problem buradan qaynaqlanır”.Ekspert xatırladıb ki, digər tərəfdən, 1991-ci il sentyabrın 2-də Qarabağın Ermənistana birləşdirilməsinə dair “müqavilə” var:
“İndi onun ildönümünü qeyd etməyə hazırlaşırlar. Onlar yeni silahlar, raketlər əldə edib, yeni postlar tikiblər. Bunlar həm sülhməramlıların fəaliyyətindən kənar bir mexanizmin olduğunu göstərir, həm də artıq növbəti dəfə hərbi əməliyyatların gündəmə gətirilməsi deməkdir. Hesab edirəm ki, hadisələr iki istiqamətdə inkişaf edəcək. Uzaq potensialda Azərbaycan Ermənistanın silahlanmasını gözləməyəcək. Yaxın potensialda Azərbaycanın antiterror əməliyyatları keçirib Qarabağdakı qüvvələrə zərbə vura bilər. Təəssüf ki, Rusiya 10 noyabr razılaşmasının bəndlərinə əməl etmədi və Azərbaycan nota vermək məcburiyyətində qaldı. Azərbaycan tərəfi də bunu ən yüksək səviyyədə bəyan etdi. Rusiyanın Ermənistanı silahlandırması müharibə ehtimalını aktuallaşdırır. Məncə, bu, hərbi əməliyyatlara gətirib çıxartmayacaq. Rusiya Azərbaycana təzyiq göstərmək istəyir ki, sülhməramlıların statusunu qanuniləşdirsin və uzun müddət orada qalmasını təmin etsin. Nəticədə, Rusiyanın bölgədə mövcudluğu hüquqi cəhətdən təsbit olunsun”.Müşfiq Abdulla
Cebhe.info