Kreml və Ağ Evin bitməyən savaşı: ABŞ-dan təzyiq artdıqca, Rusiyanın qonşularına yaratdığı problemlər çoxalır – ŞƏRH

28-08-2021, 20:02   


Kreml və Ağ Evin bitməyən savaşı: ABŞ-dan təzyiq artdıqca, Rusiyanın qonşularına yaratdığı problemlər çoxalır – ŞƏRH

“Rusiyaya qarşı "dərin iş" gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır”.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu belə deyib. Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb.
Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir:
“Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı “dərin işlər” aparılır, Kalininqraddan Kamçatkaya qədər... Rusiyanın bir müdafiə sistemi qurması lazımdır”.
Ancaq Şoyqu Rusiyaya qarşı Qərb tərəfindən hazırlandığı iddia edilən “dərin işlər”in məzmununu açıqlamayıb.
Qeyd edək ki, Qərb dövlətləri 2014-cü ildə Krımın işğalından sonra Rusiyaya qarşı “Anakonda” adlı yeni plan hazırlamışdı. Planın əsas məqsədi təcavüzkar dövlətin iqtisadiyyatını yavaş-yavaş çökdürməkdən ibarət idi. Eyni zamanda, son illər ABŞ Rusiyaya qarşı “İkinci Reyqan planı” adlı strategiyanı həyata keçirir. Məqsəd keçmi postsovet ölkələrinin Rusiyanın təsir dairəsindən çıxartmaqdır. Belarusdan Qırğızıstana qədər yerləşən keçmiş SSRİ respublikalarında Rusiyanın geosiyasi mövqelərinin zəiflədilməsi əslində, şimal imperiyasının mühasirəyə mühasirəyə alınması deməkdir.
Rusiya isə bunu bəhanə edərək qonşu ölkələrə təcavüz edir. Ona görə də Sergey Şoyqunun Rusiyanın müdafiə sistemi qurmasının vacibliyi haqqında açıqlaması təhlükəli mesaj kimi başa düşülə bilər.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Qərb üçün təhlükəli rəqibdir:

“Xüsusilə də 2014-cü ildə Krımı ilhaq etməklə Rusiya Qərbin təhlükəsizlik çəmbərini yardı. Nəticədə, Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başladı”.
Ekspert hesab edir ki, Qərbin qadağaları daha çox olmalıdır:
“Şərqi Avropada, Baltik dənizi regionu, Ukrayna, Polşa, Qara dəniz hövzəsi boyunca ABŞ və NATO öz qüvvələrini yerləşdirir. Həmçinin, Arktika sahilində, Uzaq Şərq istiqamətində Yaponiya və Cənubi Koreya ilə birlikdə ABŞ Rusiyaya qarşı planlar hazırlayır.
Rusiya da Arktikada möhkəmlənmək strategiyasını həyata keçirir.

Dünyanın yeni nizamının formalaşmasında Qərblə Rusiya arasında ciddi rəqabət gedir. Qərbin sanksiyaları və Rusiya ətrafında çəmbərin daralması Kremli narahat edir. Qərb, xüsusilə ABŞ Rusiyanın fövqəldövlət olmaq iddiasının qarşısını almağa çalışır. ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxartması, “Taliban”ın hakimiyyətə gəlməsi, Mərkəzi Asiyada təhdidlərin formalaşması Rusiyanı daxili problemlərinə çəkmək və zəiflətməyə xidmət edir. Amma Rusiyaya tətbiq edilən sanksiyalar təsirsiz qalır.
Çünki Rusiya neftinin və qazının əsas alıcısı Qərb ölkələridir. Qərb Rusiyanın neft-qaz sektoruna sanksiyalar tətbiq etdikdən bu təzyiqlər səmərəli ola bilər. Yalnız bundan sonra Rusiya güzəştə gedəcək. Əlbəttə, Rusiya da preventive addımlar atır. Qərb və Baltikyanı istiqamətində çevik qüvvələrini yerləşdirir. Şoyqunun “Rusiyanın ətrafında müdafiə sistemi qurulmalıdır” deməsi, Moskvanın postsovet məkanında bir təhlükəsizlik zonası formalaşdırmaq planlarından xəbər verir. Rusiya əsasən, Mərkəzi Asiyada, Cənubi Qafqazda, Qara dəniz və Baltikyanı bölgədə ABŞ-ın möhkəmləsinin qarşısını almağa çalışır. Ancaq Rusiyanın hansısa hərbi müdaxiləyə əl atacağını düşünmürəm. Rusiya hibrid şəkildə bu ölkələri nəzarətinə götürməklə Qərbin təsirinin qarşısını almağa çalışa bilər.
Kreml yeni təhlükəsizlik tədbirləri üzərində düşünür. Buna baxmayaraq, Rusiyanın səylərinin nəticə verəcəyini düşünmürəm. Artıq Mərkəzi Asiya ilə bağlı Rusiyanın narahatlıqları var. Rusiya bu regionda böhrana salınması baş verə bilər. Nəticədə Rusiyanın mövqelərinin laxlayacağı gözlənilir. Növbəti mərhələdə Şimali Qafqazda vəziyyət gərginləşə bilər. Rusiya yaxın xaqricə nə qədər can atsa, onun daxilində ciddi problemlər baş verə bilər. Görünür Şoyqu da daxili prosesləri nəzarətdə saxlamaq üçün əlavə tədbirlər planının hazırlanmasını nəzərdən keçirir.
İndiyədək Rusiya hakimiyyəti xarici düşmən obrazı hesabına daxili proseslərdə mövqeyini qoruyub saxlaya bilib. Artıq Rusiyada seçkilər yaxınlaşır, iqtisadi vəziyyət çətinləşir. Qərbin artan təzyiqləri də Kremli qəzəbləndirir. Fikrimcə, Qərb Rusiyanı Mərkəzi Asiya və Əfqanıstan istiqamətində böhrana çəkmək istəyir. ABŞ və NATO bu toqquşmada qalib gəlməklə fövqəlgüc olduğunu nümayiş etdirəcək. Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyadakı təzyiqləri ciddi nəticə verməyəcək”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar