Merkel: “Rusiya Avropanı işğal edə bilər”

24-08-2014, 11:40   
Merkel: “Rusiya Avropanı işğal edə bilər”Almaniya kansleri Angela Merkel Krımın Rusiyaya birləşdirilməsinin Avropa ölkələri tərəfindən heç vaxt qəbul edilməyəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Merkel Krımın Ukraynadan ayrı qəbul olunmasını qəbuledilməz adlandıraraq Avropanın da eyni tarixi yaşaya biləcəyi xəbərdarlığını edib.
Kiyevdə rəsmi səfərdə olan Merkel Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşərkən Avropada torpaqların Rusiya tərəfindən işğal olunmasının təkcə Krım və Ukraynanı maraqlandırmadığını, bu hadisənin Avropada böyük həyəcanla izlənildiyini vurğulayıb.
İkinci Dünya müharibəsindən sonra yaranmış xəritənin pozulmasının yolverilməz olduğunu deyən Merkel Donetsk və Luqanskın ölkədən ayrılmaq astanasında olduğunu da qeyd edib.
Merkel Rusiyaya qarşı yeni sanksiyaların Avropa Birliyinin gündəmində olmadığını deyərək Ukraynada vəziyyətin daha da pisləşəcəyi təqdirdə məsələnin gündəmə gələcəyini bildirib.
Merkel: "Ukraynada hakimiyyətin regionlar üzrə bölüşdürülməsi gərgin vəziyyətdən çıxış yoludur"
"Ukraynada hakmiyyətin regionlar üzrə bölüşdürülməsi ölkənin şərqində yaşanan gərgin vəziyyətin aradan qaldırılması istiqamətində düzgün addım ola bilər. Biz Almaniyada buna federalizm sistemi deyirik. Ukraynada isə, bu sistem mərkəzi hakmiyyətin bölüşdürülməsi adlandırıla bilər." ANS PRESS-in məlumatına görə, Almaniya kansleri Angela Merkel Ukraynadakı problemlərin həlli yollarını şərh edərkən bu cür açıqlama verib.
Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə mətbuat konfransında çıxışı zamanı Merkel qeyd edib ki, bu sistem Ukraynanın rusdilli vətəndaşlarını da nəzərə alır və onların hüquqların müdafiə edir.
“Biz Almaniya və Avropa Birliyi olaraq Ukraynada çoxlu sayda insanın üz-üzə qaldığı dramatik vəziyyətin diplomatik həllinə çalışırıq. Əlbəttə, problemin həlli hamı üçün qəbuledilən olmalıdır. Bununla yanaşı, Ukraynanın suverenliyi də qorunmalıdır”
Merkel hökumətlə separatçılar arasında atəşkəs əldə olunması üçün hər şeydən öncə Rusiya-Ukrayna sərhədlərinin ATƏT rəsmiləri tərəfindən nəzarətə götürülməsini vacib sayıb.
Pyotr Poroşenko öz növbəsində çıxışı zamanı Merkelin Ukraynanın bərpası üçün nəzərdə tutulmuş planını “Marşal planı” ilə müqayisə edib.
Gələn həftə Belarusun paytaxtı Minskdə Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin və Avropa Birliyi rəsmiləri arasında görüşlər olacaq.
Tərəflər problemin sülh həlli ilə yollarını müzakirə edəcəklər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar