Pensiya yaş həddinin artırılması mürtəce addımdır - ''Bu qanun ləğv edilməli, insanların halal haqları özlərinə qaytarılmalıdır"

7-09-2021, 19:40   


Pensiya yaş həddinin artırılmasını nəzərdə tutan qanun mahiyyətcə mürtəcedir. Bu qanun ömürlərini əmək cəbhəsində qocaldan on minlərlə yaşlı insanı haqq etdikləri sığorta haqlarından məhrum etməklə ölkəni geriyə atır. Qanun bacarıqsızlığı ört-basdır etməyə hesablanıb. Bu mürtəce qanun ləğv edilməli, insanların halal haqları özlərinə qaytarılmalıdır.
Baxın, 3,723 milyon nəfər əhalisi olan Gürcüstanda 2021-ci ilin əvvəlinə olan vəziyyətə görə 932 min nəfər pensiyaçı olub (bax: mənbə-1). Yəni Gürcüstan hökuməti əhalinin 25%-nə pensiya verir. Azərbaycan hökuməti isə əhalinin vur-tut 12%-nə pensiya verir. 2017-2020-ci illər arası dövrdə pensiyaçıların sayı Gürcüstanda 6% artıb. Azərbaycanda isə bu göstərici 7% azalıb. Hətta pensiyaçıların sayı yalnız son 1 ildə Gürcüstanda 2,4% çoxalıbsa, Azərbaycanda 4%-ə yaxın düşüb. Bəs necə olur ki, çox az sərvət imkanları ilə Gürcüstan hökuməti öz əhalisinin 25%-nə pensiya verə bilir, lakin çox iri maliyyə imkanları ilə yüklü edilmiş Azərbaycan hökuməti bu işin öhdəsindən gələ bilmir? Axı Azərbaycanın qonşu ölkədən nəyi əskikdir?
Bu məsələdə Ermənistandan geri düşməyimiz isə heç bir əndazəyə sığmır. 2020-ci ilin göstəricilərinə görə 2,962 milyon nəfər əhalisi olan Ermənistan 467 min nəfərə pensiya verib (bax: mənbə-2). Orada əhalinin hər 1000 nəfərinə 158 pensiyaçı düşür. Azərbaycan isə hər 1000 nəfərin 122-nə pensiya verir. Ermənistanda pensiyaçıların sayı 2017-2020-ci ilər arası dövrdə 2% çoxalıb, Azərbaycanda isə 7% azalıb. Bu illərdə pensiyaçıların sayı Ermənistanda hər il yüksəlib, Azərbaycanda isə hər il düşüb. Bəs hökumət öz addımlarıyla iqtisadi potensialına, coğrafiyasına və əhali sayına görə sözün həqiqi mənasında regionun lider ölkəsi olan Azərbaycanı niyə bu dərəcədə geriyə atıb? Bu suala ağlabatan izah tapmaq çox çətindir, demək olar ki, mümkün deyil. Elə isə niyə belə olmalıdır? Bəyəm Azərbaycan xalqının daha yüksək səviyyədə pensiya təminat sistemindən faydalanmaq haqqı yoxdur?
Bu məsələ yalnız Gürcüstan və Ermənistanla bitsəydi, dərd yarıydı. Məsələ bundadır ki, əhalinin pensiya ilə təminat göstəricisinə görə çox ölkələrdən geriyə salınmışıq. Cari ilin əvvəlinə olan məlumatlara görə Rusiya hər 1000 nəfərin 312-nə, Belarus hər 1000 nəfərin 265-nə, Moldova hər 1000 nəfərin 262-nə, Türkiyə hər 1000 nəfərin 160-na pensiya verir (bax: mənbə-3, mənbə-4, mənbə-5, mənbə-6). Azərbaycanda isə bu göstərici 122 nəfərdir. Ölkədə həyata keçirilən pensiya siyasəti faktiki olaraq Azərbaycanı Rusiyadan 2,6 dəfə, Belarusdan 2,2 dəfə, Moldovadan 2,1 dəfə, Gürcüstandan 2 dəfə, Türkiyə və Ermənistanın hər birindən 1,3 dəfə geriyə atıb. Bunun adı iflas deyil, bəs nədir?
Azərbaycanda pensiya yaş həddinin qaldırılmasını nəzərdə tutan qanun qüvvəyə minənədək (2017-ci ilin ortaları) Azərbaycanın bu sahədəki vəziyyəti onsuz da yaxşı deyildi. Qanunun qüvvəyə minməsi ilə göstəricilər daha da pisləşib. Görünən budur ki, “pensiya islahatı” adıyla xalqa sırınan bu qanun müasir tələblərlə ayaqlaşmır. Yaş həddinin qaldırılmasının əhalinin təpkisi ilə üzləşməsini də nəzərə almaq vacibdir. Odur ki, hökumət ətrafına baxmalı, ölkəni adaya çevirdiyinin fərqində olmalı, inadkarlığından əl çəkməli və pensiya yaş həddinin qaldırılmasını nəzərdə tutan bu biabırçı qanunu ləğv edərək buraxdığı kobud səhvləri düzəltməlidir.
Mənbə-1: https://www.geostat.ge/ka/modules/categories/55/sotsialuri-uzrunvelqofa;
Mənbə-2: https://www.armstat.am/ru/?nid=12&id=19150;
Mənbə-3: https://rosstat.gov.ru/folder/13877;
Mənbə-4: https://www.belstat.gov.by/ofitsialnaya-statistika/solialnaya-sfera/sotsialnaya-zaschita-nseleniya/graficheskii-material-grafiki-diagrammy_10/chislennost-pensionerov-sostoyaschih-na-uchete-v-organah-po-trudu-zanyatosti-i-sotsialnoi-zaschite-i-srednii-razmer-naznachennyh-im-pensii/ ;
Mənbə-5: https://statistica.gov.md/public/files/publicatii_electronice/Buletin_trimestrial/Buletin_trim_I_2021.pdf;
Mənbə-6: https://data.tuik.gov.tr/Kategori/GetKategori?p=Saglik-ve-Sosyal-Koruma-101 (İstatiksel Tablolar)

Nemət Əliyev, iqtisadçı ekspert
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.