“Rusiya nə qədər tez zəifləsə, daxilində müstəqillik qazanan dövlətlər daha çox olar və Rusiyanın kənara təsiretmə mexanizmi də aradan qalxar”.
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. O, Rusiyanın parçalanması ilə dünyanın yeni siyasi xəritəsinin formalaşacağını bildirib:
“Rusiya hazırda dünyadan təcrid olunma dövrünü yaşayır. Rusiyanı idarə edən Putin ağılla deyil, hissi davranaraq ölkəsini parçalanmağa doğru aparır. Bu siyasət Rusiya üçün pis olsa da, dünyanın yeni siyasi xəritəsinin formalaşması baxımından yaxşıdır. Rusiya nə qədər tez zəifləsə, daxilində müstəqillik qazanan dövlətlər daha çox olar və Rusiyanın kənara təsiretmə mexanizmi də aradan qalxar. Lakin bunu da nəzərə almaq lazımdır ki, Rusiyanın zəifləmə prosesi təsiri altında olan dövlətlərdə bir sıra qətliamlar, dövlət çevrilişləri və sairə törədə bilər. Çünki Rusiya daima işğalçı siyasət yürütdüyü üçün zəifləməsi və ərazilərinin itirilməsi onun üçün qəbuledilməz olacaq. Lakin bir gerçək də var ki, Rusiya ərazisində tezliklə yeni müstəqil dövlətlər görəcəyik. Rusiyanın sərhədləri yenidən müəyyənləşəcək. Putin bunu yaxşı bilir və hazırda yürütdüyü siyasət isə təsir etmək imkanlarının güclü olduğu kiçik dövlətləri xaos, şantaj və s. kimi təhdidlərlə özünə tabe etdirməkdir. Bu dövlətlər Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan və sairədir. Cənubi Qafqaz Putin və Rusiya üçün çox önəmlidir. Əgər bu coğrafiyadakı dövlətlər NATO-Avropa xətti tutarlarsa, Rusiyanın süqutu daha sürətlə gedəcək. Rusiya burada nüfuzunu itirməmək üçün bütün qəbulolunmaz variantlara əl atacaq. Buraya separatizm, hərbi çevriliş, daxildə xaos, milli faktor və s. aiddir. Bu real təhlükənin Bakıya qarşı ediləcəyi də istisna deyil. Hesab edirəm ki, Azərbaycan da gözlənilən bu təhlükədən yayınmaq üçün tədbir görməlidir”.