“Büdcənin hər 100 manatından 69 qəpiyi elmə,8 manat 38 qəpiyi hüquq-mühafizə və prokurorluğa,xərclənəcək”
13-09-2021, 16:27
2022-ci ilin büdcə parametrlərinə dair sənəd yayılıb “Gələn ilin büdcəsinin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə, 12 manat 91 qəpiyi təhsilə sərf ediləcək”. Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Bu, büdcə ayırmalarının məbləğinə görə ilk üçlükdə olan sahələrdir. İqtisadçı bildirir ki, bunun ardınca sosial müdafiə və təminat xərcləri gəlir. Büdcənin hər 100 manatından 12 manat 37 qəpiyi bu istiqamətə xərclənəcək: “8 manat 38 qəpiyi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa, 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına, 6 manat 60 qəpiyi xarici borclara xidmətə, 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 4 manat 98 qəpiyi səhiyyəyə, 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə, 98 qəpiyi ətraf mühitin mühafizəsinə, 86 qəpiyi mənzil kommunal təsərrüfatına, 69 qəpiyi elmə xərclənəcək”. 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon, xərclərinin 28 milyard 974 milyon, kəsirin isə 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Maliyyə Nazirliyinin 2022-ci ilin ilkin büdcə parametrlərinə dair yaydığı sənəddə belə deyilir. İqtisadçı Nemət Əliyev düşünür ki, hökumət hər dəfə olduğu kimi bu dəfə də prioritetləri baş-ayaq salıb. 2022-ci ilin büdcəsində müdafiə və milli təhlükəsizliyə ayrılan xərcləri 87 milyon manat azaldıb, ümumdövlət xidmət xərclərini 101 milyon manat artırıb. İqtisadçı bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin “diri tutulması” faktı müdafiə və milli təhlükəsizliyə ayrılan maliyyənin azaldılmasını deyil, artırılmasını vacib edir: “Gələn ilin büdcəsində ümumdövlət xidmət xərclərinin artırılması üçün nəzərdə tutulan 101 milyon manatın təyinatını dəyişib, müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadə etmək daha məqsədəuyğundur. Dövlət aparatının gərəksiz dərəcədə şişməsini və səmərəsiz fəaliyyətini gözardı etmək olmaz. Hazırkı şəraitdə ümumdövlət xidmət xərclərinin artırılması deyil, azaldılması doğru qərar olardı. Çünki mövcud idarəetmə sisteminin təkmilləşdirilməsi hesabına bu yöndəki xərcləmələrə qənaət edilməsinə böyük zərurət yarandığını nəzərə almaq lazımdır”. Nemət Əliyev bildirir ki, 2022-ci ilin büdcəsində dövlət investisiyalarını daha 32 faiz azaltmaq planlaşdırılıb. İnvestisiyalara 2019-cu ilin büdcəsindən 6,4 milyard, 2020-ci ilin büdcəsindən 4,9 milyard, 2021-ci ilin büdcəsindən 2,8 milyard manat yönəldilmişdi. İqtisadçı deyir ki, 2022-ci ilin büdcəsindən investisiya xərclərinə vur-tut 1,9 milyard manat ayrılacağı proqnozlaşdırılır: “Bu sonuncu göstərici cari ilin göstəricisindən 0,9 milyard manat, 2020-ci ilin göstəricisindən 3 milyard manat, 2019-cu ilin göstəricisindən isə 4,5 milyard manat (70 faiz) azdır”. Nemət Əliyev düşünür ki, tənəzzülün meydan suladığı bir şəraitdə hökumətin investisiyalara münasibətdə bu cür "örnək" nümayiş etdirməsi nə yerli, nə də əcnəbi iş adamları üçün arzuolunan haldır. Çünki dövlət investisiyalarının qısa dövrdə bu sürətlə azalması ayıq investorların diqqətini dərhal cəlb edir və onları Azərbaycandan yan keçməyə təhrik edir:Nemət Əliyev Mənbə: Amerikanın səsi“Dövlət investisiyalarının azaldılması iqtisadiyyatın gələn il böyüməsinə dair irəli sürülən nikbin proqnozları da sual altına alır. Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyi gələn il iqtisadiyyatın 4,6 faiz böyüməsinə dair proqnoz verib. Elə isə hökumət bu dərəcədə ÜDM artımını necə təmin edəcək? Büdcə zərfində itkilərin yerinin qeyri-dövlət investisiyaları hesabına bərpa olunması iddia edilsə də, bu, o qədər də ciddi söhbət deyil”. 2022-ci ilin büdcəsində sosial müdafiə və sosial təminata ayrılan xərclərin də 108 milyon manat civarında azaldılacağı proqnozlaşdırılır. İqtisadçı bildirir ki, kəskin bahalaşma, işsizliyin çoxalması kimi problemlər onsuz da ölkədə yoxsulluq səviyyəsini sürətlə artırıb: “Bu gerçəklik gücləndirici sosial müdafiə tədbirlərinin həyata keçirilməsini və bu yöndə xərcləmələrin artırılmasını zəruri edir. Lakin hökumət əlindəki imkanları sosial müdafiəyə əlavə dəstək verilməsinə deyil, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının maliyyələşməsinə yönəldəcək. Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitlər gələn ilin büdcəsində 336 milyon manata yaxın və ya 16 faiz artırılacaq. Sonra da baş sındırırlar ki, bu xalq niyə üzünü əks tərəfə döndərir?” Maliyyə Nazirliyinin açıqladığı sənəddə bildirilir ki, 2022-ci ildə dövlət büdcəsinin 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılan gəliri ÜDM-in 32,5 faizini təşkil edəcək. Üstəlik, növbəti il üçün gəlirlərin proqnozlaşdırılan həcmi bu ilin göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcəyi bildirilir. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi bildirilir. Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz proqnozlaşdırmağa imkan verir. 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha 45 ABŞ dollarına bərabər götürülüb. 2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin göstəricisindən 1,5 faiz artıqdır - 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz), sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malikdir. 2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilə baxanda 17,6 faiz az olmaqla - 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Bu da ÜDM-in 3,2 faizini təşkil edəcək. 2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.Qubad İbadoğlu Mənbə: Meydan.TV