Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.Tərəflər Əfqanıstan, Suriya və Qafqazdakı mövcud vəziyyət, regional məsələlər və birgə əməkdaşlıq müzakirə edilib. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüş bir saat davam edib. Jurnalistlərə açıqlamasında Entoni Blinken bildirib ki, ABŞ Azərbaycan və Ermənistana sülh danışıqlarında həmişə kömək etməyə səy göstərib. Dövlət Departamentinin rəhbəri xatırladıb ki, Amerikanın iştirakı ilə bir sıra erməni məhbusun azadlığa buraxılması müqabilində Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verib:
“İndi məsələ ABŞ-ın köməyi ilə,Minsk Qrupuna üzv ölkələrin və Türkiyənin iki ölkə arasındakı sərhəd boyunca gərginliyin zəifləməsinə nə qədər kömək edə biləcəyimizdədir. “Əsirlər”lə və minalanmış xəritələrlə bağlı çətin vəziyyəti nəzərə alsaq, onlara kiçik addımlar atmağa kömək etmək sülh və barışıq prosesinə yol açmış olar".Dövlət katibi bu məsələ ilə fəal məşğul olan qonşu Türkiyəyə ABŞ-ın imkanlarının fayda verəcəyini izah edib. Qeyd edək ki, Blinkenlə Çavuşoğlunun görüşü ABŞ-ın İkinci Qarabağa müharibəsindən sonra bölgəyə yönəlik siyasətində yeni yanaşması kimi anlaşıla bilər. Söhbət ABŞ-ın Türkiyənin mövqeyini həlledici amil kimi nəzərə almasından gedir. 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinə şərait yaratmaqla regionda hərbi-siyasi üstünlüyünü möhkəmlədən Rusiya faktiki olaraq, ABŞ-ı və Fransanı münaqişənin həlli prosesindən kənarlaşdırdı. Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi bir ilə yaxındır ki, rəsmi Moskvanı geosiyasi landşaftın müəyyənləşməsində əsas faktora çevirib. Lakin Rusiya ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini bərpa etməklə regiona qayıtmağa çalışan ABŞ-ın və Fransanın, son zamanlar isə Ermənistan hakimiyyətinə dəstəyini artıran Avropa Birliyinin səylərini təkbaşına önləmək iqtidarında deyil.
Türkiyənin bölgədə yeni geosiyasi güc mərkəzi kimi Rusiya tərəfindən qəbul olunması Kremlə Qərbə müqaviməti təşkil etməkdə mühüm kömək edir. Yəni Rusiya-Türkiyə tandemi bu gün Minsk Qrupunun vasitəçilik missiyasını və Qarabağ ermənilərinin status məsələsini “kart-blanş” kimi istifadə etməyə çalışan Qərbin planlarının qarşısının alınmasında mühüm rol oynayır. Əslində, geosiyasi balansın indiyə qədər Rusiyanın xeyrinə dəyişməsi də ABŞ-ın və Fransanın məhz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını tanımaq istəməməsi ilə bağlıdır. Qərb NATO üzvü olan Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinə və Şərq-Qərb nəqliyyat dəhlizinə nəzarət etməsinə dəstək vermək əvəzinə siyasi qısqanclıq nümayiş etdirib. Halbuki, ABŞ-ın və Avropa Birlyinin bu məsələdə Türkiyənin yanında yer alması Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirər və Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirmiş olar.Lakin bütün hallarda Entoni Blinkenin Mövlud Çavuşoğlu ilə görüşü ABŞ-ın müharibədən sonra yaranmış reallıqlara münasibətinin dəyişməsi kimi qiymətləndirilə bilər. Çünki ABŞ-ın ATƏT-in Minsk Qrupunu canlandırmaq səyləri fayda vermədi. Ermənistanın rəsmi Ankara ilə danışıqlara başlamaq, sərhədləri və kommunikasiyaları, o cümlədən Zəngəzur dəhlizini açmaq təklifi Türkiyəni yaxın perspektivdə regionun böyük geosiyasi güc mərkəzinə çevirə bilər. Eyni zamanda, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlandığına dair məlumatlar, Prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 29-da Moskvaya səfəri zamanı aparılacaq müzakirələr iki ölkənin mövqelərinin möhkəmlənməsinə təkan verər.
Bütün bunlar Vaşinqtondan diqqətlə izlənilir və görünür, ABŞ prosesdə yer almaq üçün müttəfiqi Türkiyənin imkanlarından faydalanmağa çalışır. Blinkenin açıqlaması ABŞ-ın “Minsk Qrupu+Türkiyə” formatını təklif etdiyini deməyə əsas verir. Əslində, bu format münaqişənin mövcud olduğu, yəni Ermənistanla danışıqlar aparıldığı illərdə Azərbaycan tərəfindən dəfələrlə təklif edilsə də, həmsədr ölkələr buna razılıq verməyib. Artıq münaqişə başa çatdığından, Minsk Qrupunun fəaliyyəti deaktivasiya olunub və Türkiyənin bu formatla əməkdaşlığa gedəcəyi inandırıcı görünmür.
Çünki Minsk Qrupunun yanında yer almaq yalnız Ermənistanın maraqlarına cavab verir. Vaşinqtonun təklif etdiyi əməkdaşlıq formatı hazırkı şəraitdə bölgəyə qayıtmaq üçün Vaşinqtonun yeni taktiki addımından xəbər verir. Həm Rusiyanın, həm də ABŞ-ın Cənubi Qafqazda geosiyasi mövqelərini qoruyub saxlamaq üçün Türkiyəyə ciddi ehtiyacı yaranıb. Bu isə Türkiyənin bölgədə həlledici rolunu artırmaqla yanaşı, manevr imkanlarını da genişləndirir.
Müşfiq Abdulla
Cebhe.info