Rusiyanın müxtəlif yerlərində Ukrayna bayraqları asılır
Ukraynanın avrointeqrasiya yolunu tutması və bu arzunu gerçəkləşdirmək üçün apardığı mübarizə bütün dünyada alqışlarla qarşılandı. Ukrayna xalqı meydanlara çıxdı və avtoritar prezident Yanukoviçi devirdi.
Təbii ki, Ukraynadakı proseslər Rusiyanı narahat etməyə bilməzdi. Ona görə də Rusiya Ukraynaya qarşı savaş açdı və Krımı işğal etdi. Ancaq bütün dünya bu qənaətdədir ki, Rusiya bu savaşda məğlub olub və bu məğlubiyyət çöküşə qədər davam edəcək.
Çünki, Rusiyanın bütün basqılarına baxmayaraq, Ukrayna Avropa Birliyinin bir parçasına çevrildi və bu gün də Rusiyaya qarşı mübarizəsini davam etdirir.
Indi vəziyyət o həddə çatıb ki, Putinin əsəbləri ilə savaş aparılır və Rusiya üzərində mənəvi qələbənin də simptomları görünür.
Belə ki, bir müddət öncə Krımda, Ukraynanın başqa yerlərində Rusiyanın bayrağı asılırdı və Ukrayna xalqını psixoloji baxımdan real vəziyyətlə barışdırmağa çalışırdılar. Indi eyni vəziyyət Rusiyanın özünə qarşı təkrarlanır.
Son günlər Rusiyanın müxtəlif yerlərində Ukrayna bayrağı asılır. Sonuncu dəfə isə Moskvada Kremlin qarşısındakı Böyük Daş körpüdən Ukrayna bayrağı asıldı. Bu həm də Putinin bu savaşda məğlub olmasının mesajıdır. Dünyaya meydan oxuyan Rusiyanın mərkəzində Ukrayna bayraqlarının asılması, Putinə qarşı əsəb savaşının başlanmasıdır.
Ekspertlər hesab edir ki, Rusiyada Ukrayna bayraqlarının qaldırılması, bu ölkələr arasında sözün bütün mənalarında müharibə getdiyinin göstəricisidir. Yəni hazırda Ukrayna ilə Rusiya arasında psixoloji informasiya müharibəsi gedir. Əgər Rusiya Ukraynanın cənub-şərqində psixoloji savaş aparırdısa, Ukrayna bunu Rusiyanın mərkəzində həyata keçirir. Ekspertlər hesab edir ki, baş verənlər həm də Ukrayna ilə Rusiya arasındakı vəziyyətin nə qədər çətin olduğunun sübutudur və bundan sonrakı vəziyyəti proqnozlaşdırmaq da çətin deyil.
Istənilən halda son günlər Rusiyada Ukrayna bayraqlarının qaldırılması, Ukraynanın düzgün seçiminin nümayişinə və “Rusiya buzu”nun sınmasının təbliğinə xidmət edir.