İRAN AZƏRBAYCANA QARŞI NƏLƏRİ PLANLAŞDIRIR? – “Hizbullah”a qarşı “Boz qurdlar” var...

4-10-2021, 18:51   




İran-Azərbaycan münasibətləri indiki qədər gərgin olmamışdı. Azərbaycan müstəqillik qazandığı 30 ildə İranla münasibətlərdə zaman-zaman gərginliklər olub, ancaq hər dəfəsində bu, uzun çəkməyib.
Misal üçün, Tehran Azərbaycanın BP şirkətiylə birgə Xəzərdəki neft yataqlarından birində çalışmasına əngəl oldu, bu məsələ donduruldu. İran təyyarələri 2000-ci illərin əvvəllərində Azərbaycanla sərhədi pozmağa başladılar, bu yolla bizə təzyiq etmək istədilər. “Türk ulduzları” Bakı səmasında göstəri düzənlədikdən sonra İran təyyarələri sərhəddən uzaq uçmağa başladılar. Bir dəfə də torpaqlarımızın işğalı davam edərkən İran Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlamaq istədi. Belə çıxırdı ki, Arazın bu tərəfində su elektrik stansiyasından erməni separatçıları faydalanacaqdılar. Tehran Bakının etirazını nəzərə aldı və tikintini təxirə saldı.
Bu dəfə isə etriaz etdik ki, Qarabağ separatçılarına yanacaq daşımayın, bu İran-Azərbaycan münasibətlərinə mənfi təsir edir. İran rəsmiləri və dini dairələri bu mövzu haqqında bir kəlimə danışmazkən, Azərbaycan-İsrail münasibətlərini hədəf aldılar. Əsas iddiaları belədir: “Sionist rejim İranla sərhəddə yerləşib”. Yəni demək istəyirlər ki, rəsmi Bakı İsrailin Azərbaycanda fəaliyyətinə şərait yaradıb və “sionistlər” sərhədə qədər yaxınlaşıblar. Bu ittihamı hamısı bir ağızdan dilə gətirdiyinə görə gəlinən nəticə budur: İranda yüksək səviyyədə Azərbaycanla bağlı toplantı keçirilib və iki qərar veriblər. Birinci qərarda Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən açıqlamalar səsləndirməyə başlayıblar. İkinci qərar isə sərhəddə təlimlər keçirilməsinə dairdir.
Azərbaycana qarşı ittihamları İranın ali dini lideri başda olmaqla, generalları, nazirləri və deputatları az qala gər gün səsləndirir, sosial şəbəkələrdə paylaşırlar.
İran rəsmiləri və din xadimləri əvvəllər də Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edirdilər, ancaq münasibətlərə xələl gətirilməsin deyə bunu bağlı qapılar arxasında səsləndirirdilər. İndi isə ittihamlarını açıq dilə gətirirlər və bununla Azərbaycanla münasibətləri gərginləşdirməyə üstünlük verdiklərini gizlətmirlər. Aydındır ki, Tehran istəyir deyə Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etməyəcək, hətta mümkündür ki, rəsmi Bakı Tehranın təzyiqləri qarşısında bir neçə ay öncə İsraildə açdığı ticarət nümayəndəliyi rəsmən səfirliyə çevirsin. İran rəsmilərinin İsraillə bağlı Azərbaycana qarşı başqa bir iddiası da var: Guya bir neçə il əvvəl İran səmasında vurulan İsrailin pilotsuz uçuş aparatı Azərbaycan ərazisindən havaya qalxıb. Həmin pilotsuz uçuş aparatı guya kəşfiyyat xarakterli imiş. Azərbaycan üçüncü dövlətlərin öz ərazisindən İrana qarşı istifadəsinə yol vermir, bu Azərbaycanın təhlükəslizlik maraqlarına ziddir. Ancaq İran rəsmilərinin iddiası hipotetik olaraq doğru olsa belə, sonrakı illərdə İran səmasında İsrailə məxsus dron vurulmasına dair xəbər yayılmayıb. Ancaq rəsmi Bakı İranın Azərbaycandakı səfirinə xəbərdarlıq notası verdikdən sonra da İran Qarabağ separatçılarına yanacaq daşımaqda davam edib.
İranın hazırki Prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası Azərbaycana qarşı indiki siyasətini davam edərsə, bunun İrana heç bir faydası olmayacaq. Tam əksinə, Azərbaycan özünü İran təhlükəsindən qorunmaq üçün İranın ehtiyat etdiyi təşkilat (NATO) və dövlətlərlə (Türkiyə, İsrail, Pakistan, ABŞ) hərbi əməkdaşlığını gücləndirəcək.
Bu arada, İranın kəşfiyyat strukturlarının Azərbaycanda fəaliyyətlərini genişləndirəcəklərini proqnozlaşdırmaq olar. İran rəsmilərinin və dini dairələrinin ümidi Azərbaycanda İrana rəğbət bəsləyən qrupların artacağına və hakimiyyətə problemlər yaradacağınadır. Təsadüfi deyil ki, son zamanlar Azərbaycan vətəndaşları adından İsraili lənətləyən fikirləri internetdə yaymağa çalışırlar. “Hizbullah”ın bayraqlarını Azərbaycanda yaymağa çalışan insanlar da var...
Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmadı. Ancaq Bakıdan Tehrana belə bir mesaj da göndərilməlidir ki, İran Azərbaycanda müxtəlif üsullarla tərəfdar qrupları formalaşdırmağa çalışarsa, Azərbaycan da İran daxilində oxşar fəaliyyətə başlaya bilər və bu mübarizədən İran daha çox zərərli çıxacaq, indinin özündə də İran cəmiyyətində və ordusunda “boz qurd” işarəsi göstərənlərin sayı durmadan artır!...
“Atlas” Araşdırmalar Mərkəzi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar