Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gündür ki, bir-birinə aralarında baş tuta biləcək mümkün görüş barədə, ictimai şəkildə mesajlar göndərir.
Ötən həftə Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə görüşə razı olduqlarını bildiriblər.
İlham Əliyev oktyabrın 2-də İspaniyanın EFE agentliyinə müsahibəsində deyib ki, "cənab Paşinyanla, o hazır olanda istənilən zaman danışmağa hazırdır".
Onun sözlərinə görə, bu, müharibənin bitdiyinin və həmin "səhifənin çevrildiyinin yaxşı göstəricisi" ola bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyan da azərbaycanlı həmkarı ilə görüşə hazır olduğunu bildirib.
O, bu görüşə gedərkən Ermənistanda olan bütün mina xəritələrini "özü ilə gətirməyə hazır olduğunu" bildirib, İlham Əliyevi də Azərbaycanda saxlanılan erməni hərbçiləri özü ilə gətirməyə çağırıb.
İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı deyib ki, Azərbaycan Ermənistanla "barışığın olmasını", "sülh müqaviləsinin imzalanmasını" istəyir.
Ermənistan Qloballaşma və Əməkdaşlıq Analitik Mərkəzinin direktoru, politoloq Stepan Qriqoryan deyir ki, hər iki tərəfdən görüş keçirməyə hazır olmaları haqqında siqnalları "müsbət" qiymətləndirmək olar.
O hesab edir ki, bu siqnallar tərəflərin "gərginliyin zəifləməsinə meyilli olduğunu" göstərir.
"Hər iki tərəfin görüşmək təşəbbüsü səmimidir. İlk növbədə, bu mərhələdə humanitar problemlərin həllinə ehtiyac var. Ermənistan Azərbaycanda saxlanılan əsirlərin qaytarılmasına çalışır. Qeyd etmək lazımdır ki, bunu Azərbaycan tərəfi dərhal döyüş əməliyyatları dayandırıldıqdan sonra etməli idi. Bu, 9 noyabr [-red: 10 noyabr] razılaşmasında nəzərdə tutulan əsas müddəalarından biridir. Azərbaycan tərəfi də nəzarəti altına düşən ərazilərin minalanma xəritələrini almaq istəyir", - Stepan Qriqoryan BBC News Azərbaycancaya deyib.
Politoloqun müşahidələrinə görə, daha böyük oyunçulardan tərəflərə problemləri danışıqlar yolu ilə nizamlamaq haqqında "ciddi siqnallar" da daxil olmaqdadır.
"Məsələn, BMT Baş Assambleyası sessiyası zamanı Minsk qrupu himayəsi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib, ABŞ dövlət Konqresi çox sərt qətnamə qəbul edib. Təxminən eyni məzmunda da Avropa Şurasının Parlament Assambleyası çıxış edib. Azərbaycan anlayıb ki, bütün məsələlərdə bu qədər sərt, güzəştə getməyən, aqressiv olsa, bu, ona qarşı sanksiyalara gətirə bilər".
Stepan Qriqoryan əlavə edir ki, erməni tərəfi də hazırda zəif mövqeyinə görə "hər hansı güzəştli addımlara hazırlığını" nümayiş etdirməlidir.
O güman edir ki, Ermənistan və Azərbaycan dövlət başçıları arasında görüş baş tutarsa, gündəlikdə Qarabağ məsələsi olmayacaq.
Cənab Qriqoryanın sözlərinə görə, əsas müzakirə mövzusu Azərbaycanda saxlanılan erməni hərbçilər və minalanmış ərazilərin xəritələri məsələləri ola bilər.
"Bu ilk addımdan sonra daha əyani danışıqlar keçirilərsə, o zaman, əlbəttə, erməni tərəfi öz gündəmini irəli sürməyə çalışacaq: məsələn, Dağlıq Qarabağın statusu məsələsini, azərbaycanlılar özləri üçün daha önəmli məsələləri - məsələn, Zəngəzur dəhlizi, kommunikasiyalar və s."
Stepan Qriqoryan deyir ki, Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması Ermənistan üçün "çox önəmlidir" və bu məsələlə həll olunmasa "danışıqlar irəli getməyəcək".
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə hər çıxışında Qarabağa heç bir status verilməyəcəyini bəyan edir. Əvvəllər Baş Nazir Paşinyan Qarabağın statusu məsələsini gündəmdə saxlamaqda israrlı görünsə də, son çıxışında bu məsələnin üzərində dayanmayıb.
ABŞ-ın Pensilvaniya ştatındakıı Lihay Universitetinin professoru Arman Qriqoryan hesab edir ki, Ermənistan Qarabağın statusu məsələsini müəyyənləşdirməyə tələsməməlidir.
Onun fikrincə, bu gün Ermənistan statusun həlli yox, əsasən Azərbaycanla münasibətləri normallaşdırmaq üzərində dayanmalıdır. "Statusu həll etmədən münasibətləri normallaşdırmaq mümkün deyil mövqeyi vəziyyəti çıxılmaz edir. Bu gün statusla bağlı razılaşma əldə etmək çətin məsələdir", o Azadlıq Radiosunun ermənicə xidmətinə deyib.
Siyasi şərhçi Mehman Əliyevin fikrincə isə, söhbət münasibətlərin "istiləşməsindən" getmir, sadəcə tərəflər görüşə hazırlaşırlar.
Ancaq o hesab edir ki, bu cür yanaşmanın "öz səbəbləri" var.
"İndi tərəflər görüşə hazırlığı bildirirlər, amma mən hesab edirəm ki, onun arxasında əvvəlcədən əldə olunmuş hansısa razılaşmalar var. Bu razılaşmalar da tərəfləri bir-birinə qarşı daha hörmətlə yaxınlaşmağa vadar edir".
O, yaxın gələcəkdə "müsbət dəyişiklik" gözlədiyini bildirir. Mehman Əliyev söyləyir ki, hər iki tərəf görüşmək və münasibətləri normallaşdırmaqda maraqlıdır.
"Əslində, hər iki tərəf tələsir - Azərbaycan daha çox əldə olunan qələbəni təsdiqləmək, Ermənistan isə isə mövcud blokadadan, böhrandan çıxmaq istəyir. Beynəlxalq vasitəçilər də tələsdirir. Tərəflər də, vasitəçilər də maraqlıdır ki, proses daha tez getsin".
Cənab Əliyev düşünür ki, ölkələr arasındakı münasibətdə müsbət irəliləyiş liderlərin görüşündən və tərəflərin güzəştə hazır olub-olmamasından asılıdır.
O deyir ki, tərəflər arasında istək olduğu üçün daha tez nailiyyət əldə etmək olar.
Ötən həftə Tbilisidə Ermənistan vətəndaş cəmiyyəti üzvlərilə eyni tədbirdə iştirak etmiş Mehman Əliyev hesab edir ki, Azərbaycan və Ermənistan cəmiyyəti münasibətlərin normallaşmasına "hazırdır".
O deyir ki, Azərbaycanın "qalib", Ermənistanın isə "məğlub" tərəf olmasına baxmayaraq, hər iki ölkənin cəmiyyəti bu münaqişədən "yorulub".
"Erməni cəmiyyətinin bu müharibədə zəif iştirakı onu göstərir ki, cəmiyyət artıq yorulmuşdu. Onlar Nikol Paşinyana müharibəni uduzmuş ölkənin rəhbəri olmasına baxmayaraq səs vermək, onun yenə də etibarının olması ilə sülhə hazırlığını bildirirlər. Bizim cəmiyyətdə də əhval-ruhiyyə belədir ki, hər şey əldə olunub, torpaqlar qaytarılıb, yollar açılacaq. Bizdə də artıq maraq var ki, bu proses daha tez bitsin", o əlavə edir.
Cənab Əliyev deyir ki, bir neçə gün öncə Gürcüstanda beynəlxalq təşkilatların təşkilatçılığı ilə Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətinin üzvləri ilə keçirilən görüşdə iştirak edib. Onun sözlərinə görə, görüş iştirakçıları "prosesin daha tez getməsinin" tərəfdarı olduğunu bildiriblər.
Onun sözlərinə görə, Ermənistandan olan iştirakçılar Nikol Paşinyanın Azərbaycan-Ermənistan arasındakı məsələnin çözülməsində "çox maraqlı" olduğunu qeyd ediblər.
"Onlar dedilər ki, Azərbaycan tərəfi onu bilməlidir ki, Nikol Paşinyan danışıqlarda və məsələnin tezliklə həll olunmasında maraqlıdır. Paşinyan sülh istəyir və istəyir ki, münaqişə bitsin. Onlar mesaj göndərdilər ki, Paşinyan həqiqətən də bunu istəyir və oyun oynamır. Hətta dedilər ki, bunu Bakıya çatdıra bilərsiniz".
İki ölkənin liderləri müharibə və digər mövzulardakı çıxışlarında adətən bir-birini ittiham edirlər.
Lakin İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki çıxışında Nikol Paşinyanı müdafiə edib.
"Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, "möhkəm", "güclü ordu"nu dağıda bilərdi?"
"Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir", o deyib.
Nikol Paşinyanın İlham Əliyevin onun haqqında və rəqibi, Ermənistanın keçmiş lideri Serj Sarkisyanla bağlı belə danışmasına münasibəti hələlik məlum deyil və onun özü də hələ ki, İlham Əliyevi müdafiə edən bir bəyanat verməyib.