Bu məsələ parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər
Eyyub Hüseynov: «Şadlıq evlərinə verilən pulun yeni evlənənlərə çatması daha doğru addım olardı»
Toy mərasimləri barədə cəmiyyətdə fərqli fikirlər var. Həmin mərasimlərin təntənəli, yaxud sıradan bir tədbir kimi keçirilməsini təqdir edənlər olduğu üçün bu məsələnin hansısa formada tənzimlənməsi məsələsi meydana çıxır. Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Məlahət Ibrahimqızı da insanların toy mərasimlərinin formasının dəyişməsini istədiyini deyib.
“Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur. Bu sahədə şadlıq saraylarında çox ciddi problemlər var. Toy sahibi menyu verir, şadlıq sarayı onu qəbul etmir, deyir yox, bizim standart menyumuz var, çünki o standart menyu adı altında onlar hədsiz dərəcədə vətəndaşın şəxsi büdcəsinə ziyan vururlar, lazımsız-yeməklər, köhnə qidalar verirlər. Yəni insanlar öz toylarının menyularını özləri müəyyənləşdirə bilmirlər. Şadlıq evləri insanların menyularını qəbul etmir, insanlar da məcburən bununla razılaşmalı olurlar”, - deyə deputat “trend”ə açıqlamasında bildirib.
M.Ibrahimqızı məsələnin parlamentdə müzakirəyə çıxarılacağını istisna etməyib.
Lakin bəllidir ki, şadlıq evlərinin əksəriyyəti elə məmurlara məxsusdur. Bu mənada, hətta parlament müvafiq qərar qəbul etsə belə, məmurların marağına toxunan həmin qərarların icrası mümkün olacaqmı?
Azad Istehlakçılar Birliyinin (AIB) sədri Eyyub Hüseynov deyir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi artıq bir ildən çoxdur şadlıq evlərinin standartını hazırlayıb. Dövlətin hazırladığı standartları torpaq üstünə atılmış kağıza bənzədən AIB sədri, şadlıq evlərində əhalidən külli miqdarda pul alınsa da, qəbz verilmədiyini, müqavilə bağlanmadığını, vergidən yayınmaların olduğunu söyləyir: “Bunu yaradan səbəblər var. Ən əsası, istehlakçıların ona tələbat yaratmasıdır. Insanlara elə bir təbliğat aparılıb ki, onlar sanki bu bəlanın maniyasına çevrilib. Şadlıq evlərinə verilən pullar onları saxlamaq üçündür. Nə qədər ki, Azərbaycan vətəndaşlarının beynində nəvəsinə toy etmək kimi səhv düşüncə fırlanacaq, vəziyyət belə də olacaq. Nəvənin təhsilindən, təlimindən də öndə tutduğumuz bu toy mərasimləri, bədbəxtliyə aparan biznes inkişaf edəcək”.
Eyyub Hüseynov insanların şadlıq evlərinin fəaliyyət göstərməsinə birbaşa tələbat yaratdığını deyərək, inzibati yollarla bu məsələni yoluna qoymağı mümkünsüz hesab edir. Çünki istehlakçının bu məsələyə tələbatı yaranıb. AIB sədri insanları açıq havada şən məclislər, çadır toyları keçirməyə çağıraraq, şadlıq evlərinə verilən pulların yeni evlənənlərə çatmasını daha doğru addım sayır.