Müharibə başlayanda erməni xanımını boşayan azərbaycanlı milyonçu kimdir? - İNANILMAZ FAKTLAR

17-10-2021, 14:20   


SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Salman oğlu Əliyev. O, 1954-cü il aprelin 17-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub.

Teleqraf.com adətən "Milyardların sahibi" rubrikasında “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin araşdırmasını təqdim edir. Budəfəki araşdırmada adı “Forbes” jurnalında olmasa da, azərbaycanlı ilk rəsmi milyonçu kimi tarixə düşüb.
Enişli-yoxuşlu həyatında həm kasıb, həm varlı ömür yaşayan Cənnət Əliyev həbsxanaya salınır, ruhi xəstəxanada müalicə alır.
Cənnət Əliyev 9 yaşında atasını itirəndən sonra Ordubadda Araz çayının sahilində yerləşən Məhəmməd Füzuli adına Ordubad İnternat Məktəbində böyüyür. O, internat evindəki xatirələrini danışaraq, bunları deyib: “İnternatda ondan da artıq aclıq keçirtdim. Mənim burada ən böyük arzum doyunca yemək olub. Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm”.
Cənnət Əliyev ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olur. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil alır, buranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Sonralar o, Naxçıvandan müxtəlif bitki otları gətirməyə başlayır. Bundan əlavə, Bakıda kiçik asfalt zavodlarına lazım olan bütün məhsulları Ukraynadan, Rusiyadan gətirir.

O, 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və digər əyalətlərdə polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilir. Cənnət Əliyev orada haqsızlıqla mübarizə apardığı üçün işindən qovulduğunu bildirib.
1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ-nin ilk rəsmi milyonçusu kimi məşhurlaşır.
Cənnət Əliyev bu səviyyəyə gəlib çıxmasını belə izah edir: “1986-cı ildə Sverdlovskiyə qayıtmışdım. İlin sonlarında şəhərin dilənçilərinə qoşularaq dilənçiliklə məşğul olurdum, əsasən, vağzalda. Elə vağzalın özündə də qalırdım. Bir neçə ay bu cür yaşadım. Daha sonra 1987-ci ilin əvvəllərində SSRİ-də “Yenidənqurma” ortaya çıxdı. Mən bu vəziyyətdən istifadə etdim. O zamanlar heç kəs biznesin nə olduğunu bilmirdi. İxtisasca iqtisadiyyatçı və hüquqşünas olmağım məni irəli apardı. “Təbriz” adlı kooperativ qurdum və çox qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə SSRİ İmperiyasının İlk Rəsmi Milyonçusu oldum. Dövrü mətbuatda rəsmi şəkildə SSRİ-də milyonçu anlayışının və bir milyonçunun peyda olması İmperiyada hay-küyə səbəb oldu. Bu, rəsmən İmperiyanın və Kommunist təfəkkürünün çöküşü idi. Və inanılmaz olan bir ay əvvəl vağzalda dilənən bir insanın SSRİ-də mümkünsüz olan bir pilləyə gəlməsi idi”.
Cənnət Əliyev 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşdüyü üçün ciddi psixoloji zədələr alır. Bir həftə sonra Vilnüs şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verir. Müharibə illərində orduya külli miqdarda vəsait ayırır.
Dörd dəfə dinini dəyişir

Əvvəlcə xristianlığı qəbul edir, daha sonra Krişnaya sitayiş etməyə başlayır. Özü bu barədə belə deyir: "Başımı qırxdırıb monax oldum. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi onlara ibadətgah verdim, 3 avtomobilimi bağışladım”.
Əliyevin dinini tez-tez dəyişməsi ölkədə birmənalı qarşılanmırdı. Oğlu Qalib Əliyev atasının dini ilə bağlı verdiyi müsahibələrin birində belə söyləyir: "Azərbaycan dövləti hər zaman fəxrlə tolerant olduğunu deyir. Heç bir dinin nümayəndəsi o birisini incitmir. Bu mövzuda Cənnətin böyük rolu olmuşdu. Mən fəxr edirəm ki, onun oğluyam. O, şərəfli bir ömür sürdü, öz həyatında bir neçə insanın yaşam duyğularını və adrenalinini yaşadı. Atamdan qalan ən böyük miras özünüdərkdir. Bu, məndən ötrü milyonlara dəyər".
Cənnət Əliyev daha sonra İslam dinini qəbul edir, üzərində ayələr yazılmış bayrağı Bakıdakı teleqüllədə dalğalandırır. O, həmçinin 12 metrlik "Zülfüqar” qılıncını hazırladaraq Azərbaycan Ordusuna bağışlayır.
Kalmıkiya Prezidenti Kirsan İlyumjinovun yaxın dostu kimi onun şərq və ərəb ölkələri üzrə nümayəndəsi təyin edilir. 1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilir. Bir çox ərəb ölkələrində səfərdə olmuş, Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri keçirilmişdi. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlamış, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlamışdı.
Fəaliyyəti

Digər sahələrdən əlavə Cənnət Əliyevin incəsənətə olan marağı da seçilirdi. Onun 12 mahnıdan ibarət olan "Tənha yolçu" albomu 1997-ci ildə işıq üzü görür. 1989-cu ildə Rusiyada "Təbriz” musiqi qrupu yaradır. Qrup elə onun bəstəkarı olduğu "Təbriz” mahnısı ilə Azərbaycanda məşhur olur.
Xeyriyyəçilik və milyonçuluğu
Əliyev milyonçu elan olunana kimi bizneslə yanaşı, həm də siyasətlə məşğul olub. Onun siyasəti Cənubi Azərbaycana yönəlmişdi. Yəni cənubla şimalın birləşməsi onun ideologiyasının əsas məntiqi idi. Siyasi baxışlarını musiqi ilə çatdırmağa başlayır. Hazırda "Qızıl fond”da qalan "Təbriz” mahnısının bəstəkarı Cənnət Əliyevdir. Bu mahnının ilk ifaçısı Vüqar Yusifov, sonra isə Musa Musayev olub.
"Sərhəd hərəkatı"
Cənnət Əliyevin babası Qaçaq Ziyarət çar zülmündən xilas olmaq üçün Araz çayını keçərək Cənuba pənah aparır. Kiçik yaşda atasını itirən balaca Cənnət isə hər gecə yuxuda Arazı çayını keçib öz babasını tapdığını görür. O qarşısına bir gün SSRİ-İran sərhədini keçib babası Qaçaq Ziyarəti taparaq ata həsrətinə son vermək məqsədi qoyur. Vaxt gəlir 80-ci illərin sonunda artıq milyoner kimi məşhurlaşan Cənnət öz uşaqlıq arzusunu yerinə yetirməyə fürsət tapır. 1989-cu ildə Sverdlovskidə "Təbriz" adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Həmin 4 nəfər Musa Musayev, Vüqar Yusubov, Cəlilağa və Şakir Quliyev qardaşları olur. Ansamblın ilk mahnısı Cənnətin hələ 1973-cü ildə öz ata həsrətinə bəstələdiyi musiqisi və təbrizli şairə Hökumə Billurinin "Təbriz" şerinin vəhdətindən yaranan "Təbriz" mahnısı olur. Həmin zamanda SSRİ-nin mərkəzi vilayətlərindən birində oturub Təbriz və Cənub həsrəti haqqında bu cür işə cəhd etmək çox təhlükəli olur. SSRİ KQB-si tərəfindən təqiblərə məruz qalan Cənnət Əliyev öz məqsədindən dönmür. "Təbriz" mahnısı üçün klip çəkilişinə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 kilometr uzunluğunda saxta sərhəd çəkilir, klipin çəkilişinə külli miqdarda vəsait ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə calandıqdan 10 gün sonra nəticədə Azərbaycan xalqı ayağa qalxaraq SSRİ imperiyasının sərhədini yarmağa müvəffəq olur. Həmin hadisə 1989-cu il 31 Dekabr "Dünya Azərbaycanlılarının həmrəyliyi günü" kimi tarixə düşür.
Deputat Fərəc Quliyev öz əsərlərinin birində Cənnət Əliyev haqqında yazır: "Sərhəd kommunikasiya sisteminin məhz yandırılması isə qəribə tarixə malikdir. O vaxtlar Cənnət Əliyev adlı bir azərbaycanlı balası Rusiyada bizneslə məşğul olurdu. Cənnət bəy bir instrumental alətləri ansamblı yaratmışdı. Bu ansamblın ifasında "Təbrizim” mahnısı ifa olunduqca, qəribə bir kliplə müşahidə olunur. Sərhəd dirəkləri yanır və gitaraçı oğlan gitaranı dirəyə vurur".
Ailəsi

Cənnət Əliyevin azərbaycanlı həyat yoldaşından Qalib adlı bir oğlu var. Xanımı öləndən sonra erməni qızı ilə evlənir, ondan uşağı olmur. Qarabağda müharibə başlayanda boşanır. Sonra oğlu ilə tək yaşamağa başlayır.
Özünəməxsus tərzdə tapdığı mənəvi rahatlığı
Etdiyi xeyriyyə əməllərinə görə tanınan Cənnət Əliyev bir müddət mənəvi rahatlığı vəhşi heyvanları saxlamaqda, kəndir üzərində gəzməkdə axtarıb. O deyir ki, iş həyatında müxtəlif təzyiqlərlə qarşılaşıb. İstər rəsmi, istər qeyri-rəsmi şəxslər tərəfindən basqı alması özünəməxsus tərzdə istirahətə vaxt ayırmasına səbəb olub.
Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. Həbsindən danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Daha sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.
Ölümü
Son günlərini ibadətlə keçirən Cənnət Əliyev xalq təbabəti ilə insanları müalicə edirmiş. Ölümündən bir neçə ay əvvəl səhhətində yaranan bir neçə problemlər səbəbi ilə milyonçu bir müddət ictimaiyyətdən ayrılır. Yüksək təzyiqdən ağciyər damarı partlayan bəstəkar 2014-cü ilin oktyabrın 30-da 60 yaşında Bakıda vəfat edir.
Fındıq qabığı, şaftalı çəyirdəyi, biyan kökü hesabına milyonçu olub

Milyonçunun məşhur etdiyi müğənni Vüqar Yusubov verdiyi müsahibələrin birində deyir ki, Cənnət Əliyev fındıq qabığı, şaftalı çəyirdəyi, biyan kökünün hesabına milyonçu olub: “Cənnət Yaponiyaya fındıq qabığı göndərirdi, yaponlar onu presləyib mebel düzəldirdilər. Bu, ən bahalı mebel sayılırdı. O vaxt bu biznesi heç kim bilmirdi. Kim deyirsə, Cənnətin restoranı, mağazası, obyektləri vardı, inanmayın. Naxçıvandan Yaponiyaya beş-on vaqon biyan kökü, itburnu vururdu, onun pulunu yığıb-yığışdırmaq mümkün deyildi. Azərbaycanda ilk dəfə kompüter alveri edən, Tibb İnstitutuna ilk kompüterləri gətirən Cənnət olub. O, evdə pul saxlamazdı. Bir dəfə Sverdlovskda maskalı adamlar evinə girib, tapançanı başına dirəyiblər ki, pulu gətir. Evdən bir qəpik tapa bilməmişdilər, axırda məcbur olub iki kasetli maqnitofonu aparmışdılar. Onun bütün sərvəti bankda, dövriyyədə idi. Ümumiyyətlə, cibində pul gəzdirmirdi”.
Vüqar Yusubov Cənnət Əliyevlə yollarını ayırsa da, onunla ölənə qədər əlaqə saxlayır. Milyonçu müflisləşəndən sonra dəlixanada ona baş çəkir. Maştağada yatan Cənnət Əliyev yastığın içinə yüz dolları doldurub yatırmış. O qədər pis vəziyyətə düşür ki, pulu heç kimə etibar etmirmiş. Binə qəsəbəsində balaca bir həyət evində yaşayırmış. Vaxtilə pulu başından aşan adamın siqaretini dost-tanış alırmış.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.