Statkom ölkə iqtisadiyyatının 9 ayı üzrə nəticələri açıqlayıb.
Rəsmi çıxışlarda iqtisadi artımın, xüsusilə qeyri-neft sənayesinin böyük sürətlə artımına xüsusi vurğu edildiyi üçün 1-2 vacib məqama diqqət çəkmək istəyirəm
Rəsmi statistika göstərir ki, arxada qalan 3 rüb ərzində iqtisadi artım 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 6.2%, qeyri-neft sənayesi üzrə isə 19.6% artım olub.
İlk öncə deyim ki, ilin sonunadək hazır artım qalsa, gələn il iqtisadiyyat ən azı 2% artsa 2022-ci ilin sonunda iqtisadiyyatın miqyası 2019-cu ildəki səviyyəyə çatacaq. Çünki 2020-ci ildəki azalma kifayət qədər yüksək olub.
Digər tərəfdən, hazırkı artım yüksək olsa da, əhalinin rifahı bu artımdan pozitiv təsirlər görmür. Çünki əhalinin hər nəfəri hesabı ilə nominal gəlirləri cəmi 1.5%, orta aylıq nominal əmək haqqı 2.2% artdığı halda, inflyasiya 5.2%-ə çatıb. Bu o deməkdir ki, əhalinin real gəlirləri 3.5%-ə yaxın azalıb. Sadə desək, orta statistik azərbaycanlının nominal gəlirləri ötən ilə nisbətən 3.5% daha az istehlakı təmin edir.
Yüksək iqtisadi artımların təsiri büdcə gəlirlərində də özünü göstərməyib. Ötən ilin eyni dövrünə nisbətən 9 ayda büdcə mədaxili 0.5% azalıb.
Yəni iqtisadi artım öz-özünə məqsəd deyil – bu böyümə ilk növbədə cəmiyyətin rifahında özünü göstərməlidir.
Vacib məqamlaradn biri də qeyri-neft sənayesində yüksək iqtisadi artımın nə dərəcədə özəl biznes hesabına baş verməsidir. Artımın inkluziv olması, iqtisadiyyatın sahə və məşğulluq strukturu baxımından bütün seqmentlərdən qaynaqlanması çox önəmlidir.
Təəssüf ki, mövcud statistika özəl və dövlət sektoru, yeni yaranan əlavə emal sənayesinin bölmələri üzrə iqtisadi artım tempini açıqlamır.
Lakin bəzi açıq məlumatlar mənzərəni müəyyən qədər görməyə imkan verir. Məsələn, qida sənayesi əsasən özəl sektora aiddir. Bu seqmentdə istər əksər məhsul növləri üzrə natural ifadədə, istərsə də seqment üzrə dəyər ifadəsində artımlar qeyri-neft sənayesində yaranan əlavə dəyərin artım tempindən əhəmiyyətli dərəcədə geri qalır. Hətta bəzi məhsul növlərinin istehsalında kəskin azalmalar var. Amma, məsələn, əsasən dövlət sektoruna aid olan kimya sənayesində çox yüksək artım (88%) qeydə alınıb. Şübhəsiz ki, qeyri-neft sənayesində bu seqmmet üzrə artımın təsiri həlledici olub
İqtisadçı ekspert Rövşən Ağayev