Qadınlar ev işinə görə kişilərdən pul almaq istəyir?-Məşhurlardan deputatın təklifinə reaksiya

20-10-2021, 17:17   


Qadınlar ev işinə görə kişilərdən pul almaq istəyir?-Məşhurlardan deputatın təklifinə reaksiya

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin son təklifi müzakirə yaradıb.
Deputat “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib ki, ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür və bu haqqı zəhmət çəkib kişi ödəməlidir:
"Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47%-ni təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63%-dir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır”.
YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T. Budaqov bildirib ki, Azərbaycan qadınlara ailəyə bağlıdır:

“Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır”.
Musa Quliyevin bu fikirləri cəmiyyətdə də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə tənqid atəşinə tutulan deputat qadınları aşağılamaqda günahlandırılıb.
Məsələ ilə bağlı Cebhe.info tanınmış xanımlar arasında sorğu keçirib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu, qadını alçaltmaqdır:

"Necə yəni, ailədə kişi arvada pul verməlidir ki, iş görsün? Bu, nə sözdür? Sənin belə canın yanır, ailənə məhəbbətin varsa, xanımının gördüyü işi onunla bölüş. Gördüyü işə görə pul təklif etməklə, qadını niyə alçaldırsan? Qadının öz işi, kişinin öz işi var. Bu, qadına yuxarıdan baxmaqdır ki, hə, mən buna işinə görə pul ayırıram. Qadına hüquq verin, qadını işə götürün, qadını qabağa çəkin, qadına “uşaq pulu” verin. Bu məsələləri qaldırsınlar. 4 minə yaxın ana oğulsuz qalıb, övladları, ərləri şəhid olub. O qadınlara hörmət etmək lazımdır. Milli Məclisdə məsələ qaldırılmalıdır ki, o qadınlarla məşğul olunsun. Yaxşı kişinin pulu evdə həyat yoldaşıyla bir yerdə olur. Qadın da gətirir, kişi də. Yoxsa qadına xörək bişirdiyi üçün pul vermək lazım imiş. Əgər qadın evdə oturub işləmirsə, onun təqaüdü işləyən qadınlardakı qədər olmalıdır. Parlamentdə bu məsələ qaldırılsın".
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, belə təkliflərdənsə, “uşaq pulu” gündəmə gətirilməlidir:

"Ailədə bir büdcə olur. Hər bir ailə sahibi onsuz öz xanımını da, övladlarını da təmin edir. Qadın əmək müqaviləsi ilə evlənmir. Qoy, o deputat təzə ideyası ilə arvadını işdən çıxartdırsın, arvadına aylıq əməkhaqqı versin. Amma bilmirəm, bu pulun adını nə qoyacaq, onu da özü fikirləşər. Sübut etmək üçün xanımına bir hesab açdırsın. Amma necə sübut edəcək ki, o, xanımı evdə paltar yuduğu üçün pul verir? Belə çıxır ki, əməyi satın alır da. Bəndləri necə qoyacaq? Paltar yuduğu üçün filan qədər, qab yuduğu üçün filan qədər pul ayırılacaq? Bundansa, Milli Məclisdə “uşaq pulu” məsələsini qaldırsınlar. Bu, evin xanımı üçün böyük töhfə olar. Bəlkə, demək istəyib ki, “uşaq pulu” verin, fikrini çatdıra bilməyib?”
Xalq artisti Flora Kərimova isə məsələyə başqa yöndən yanaşıb. Onun sözlərinə görə, hazırda kişilərin maaşı da çox deyil:

"Kişinin özü nə qazanır ki, nə də versin? Kişinin maaşı nə qədərdir, ona baxmaq lazımdır. O pulu nazirlər, yüksək rütbəlilər verə bilər. Xaricdə belədir ki, ər arvad ayrılırsa, uşaq olsa da- olmasa da, xanıma aliment verilir. Amma burada görməmişəm ki, kişi ayrılanda uşaqsız olan xanımına pul ayırsın. Hələ öz uşaqlarına aliment verməyənlərimiz var. Hələ o ki qaldı, evli ola-ola ev işinə görə pul vermək..."
Xalq artisti Afaq Bəşirqızı deputata kinayə ilə cavab verib:

"Onu kim deyib? Musa? Vallah o, öz bildiyini deyib də, mən daha nə deyim?"
Naibə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.