Yaxın Şərqə hərbi liderlər hazırlayan mübhəm ingilis hərbi akademiyası

27-08-2014, 14:07   
Yaxın Şərqə hərbi liderlər hazırlayan mübhəm ingilis hərbi akademiyasıSandhurst şeyxləri - Nədən şahzadələr hərb sənətini Britaniyada öyrənir?

Hökmdar nəslindən olan gənclər, xüsusən Yaxın Şərqdən olanlar hərbi lider olmaq sənətinin sirlərini Böyük Britaniyadakı zabitlər hazırlayan akademiyada öyrənməyə üstünlük verirlər.


“BBC” radiosunun hazırladığı geniş reportajda bu məsələnin müxtəlif aspektləri nəzərdən keçirilir. Musavat.com-un Avropa müxbiri maraqlı olduğunu nəzərə alaraq, həmin reportajı kiçik ixtisarla oxucularımız üçün hazırlayıb.

* * * *
1812-ci ildən Sandhurst Royal Hərbi Akademiyası Britaniya ordusu üçün zabitlər hazırlayır. Burada 44 həftə çəkən ağır təlimlər zamanı hərbi məktəb kursantlarının fiziki və intellektual bacarığı inkişaf etdirilir. Britaniya Ordusunun dəyərləri onlara aşılanır.

Bununla yanaşı Sandhurst Royal Hərbi Akademiyasına dünyanın dörd yanından gənclər gəlir. Yaxın Şərqin kübar ailələri öz oğul və qızlarını bu akademiyaya məmnuniyyətlə göndərirlər. Vaxtilə bu akademiyada təlim keçmiş, hazırda İordaniya kralı olan Hüseyn bu mənada daha çox populyardır.

Bu akademiyanın məzunu olmuş 4 nəfər hazırda hökmdar kimi taxtda oturub. İordaniya kralı Abdulla, Bəhreyn kralı Həmid, Qatar əmiri Şeyx Təmim və Oman sultanı Qabus. Bu siyahıya keçmiş monarxları da əlavə etmək olar. Küveyt əmiri Şeyx Səid, Qatar əmiri Şeyx Həmid.

“BBC” qeyd edir ki, bu ənənənə Britaniya dünyanın ən böyük müstəmləkəçi dövləti olandan başlayıb. Bir vaxtlar Körfəz ölkələri də həmin imperiyanın bir hissəsi idi.

Dubay və Əbu-Dabi hökmdarlarının keçmiş xarici siyasət strateqi Həbibə Həmid deyir Britaniya həmişə dəbdəbəli hərbi paradları, möhtəşəm ziyafətləri və bu kimi insanda güclü təəssürat yaradan vasitələri ilə öz hökmranlığını sürdürmək üçün uğurla istifadə edib.


Soldan 1-ci:-Bəhreyn kralı Həmad, 2-ci:-İordaniya kralı Abdullah, 3-cü- Oman sultanı Qabus

“Bu akademiya elə bir yerdir ki, orada gələcək liderlər bir-biri ilə tanış olurlar”, Qatarın Royal Birləşmiş Xidmətlər İnstitutunun sədr müavini Mixael Stefens deyir. Bundan başqa, Sandhurst Royal Hərbi Akademiyası Böyük Britaniyaya Körfəz ölkələrinə təsir etmək imkanları yaradır.

“Böyük Britaniya Körfəz ölkələrinin siyasi dairələrinin diqqətini çəkir, ancaq bizim ölkə səviyyəsində olan Fransa və başqa ölkələrin belə bir imkanı yoxdur. Bu, bizə çəkimizdən daha ağır görünməyə imkan verir”.

“Sizin Britaniyada bir vaxtlar yaşamış tanışlarınız var, onların öz sinif yoldaşları ilə əlaqələri var, müəllimləri ilə münasibəti var. Körfəz ölkələrinin siyasətində tanışlıq çox əhəmiyyətli rol oynayır. Sandhurst Royal Hərbi Akademiyası onun təlimlərindən keçənlərə belə bir fürsət verir ”...

“Dünyanın dörd yanını dolaşan britaniyalılar üçün bu çox önəmlidir, mən də əsgər olaraq bunları yaşadım. Bir də görürsən ki, Sandhurst Royal Hərbi Akademiyasında təhsil almış biri ilə qarşılaşırsan. Belələri ilə dərhal münasibət qurmaq olur. Düşünürəm ki, bu çox gərəkli məsələdir. Xüsusən hərbi malların satışı sahəsində bu münasibətlər xüsusi önəm daşıyır ”, briqada generalı Peter Sinkok deyir. O, Səudiyyə Ərəbistanında hərbi attaşe olub.


Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktum Sandhurst Royal Hərbi Akademiyasında təlim keçən oğlu ilə bir yerdə. 2006-cı il.


Qatar əmiri Təmim bin Hamad əl-Taniyə Sandhurst Royal Hərbi Akademiyasında kursantlara baxış keçirir - 2013-cü il

“BBC” yazır ki, bəzən emosiyalar işləri korlayır. 2013-cü ildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron özü şəxsən bir hərbi sövdələşməyə müdaxilə etdi. Buna baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniyanın “Typhoon” qırıcı uçaqlarını almadı.

Normalda isə belə tanışlıqlar işin xeyrinə olur. “Körfəz ölkələrinin hökmdarları kapital əldə etmək baxımından əhəmiyyətli mənbəyə çevrilib”, Yaxın Şərq və Şimali Afrika üzrə proqramın xarici məsələlər üzrə direktor müavini Ceyn Kenenmant belə deyir. Əlavə edir ki, Londondakı ən uca binanın tikintisi Qatar tərəfindən maliyyələşdirilib. Onu da görə bilərsiz ki, Böyük Britaniyaya aid infrastruktur və neft yataqlarının inkişafı Birləşmiş Ərəb Əmirliklərinin maliyyə dəstəyi ilə inkişaf edir.

Doktor Kristian Koates deyir ki, Britaniyanın Körfəz ölkələri ilə əlaqəli siyasəti ticari maraqlara söykənir. Texasdakı Hyuston Baker İnstitutunun təmsilçisi deyir ki, ticarətə üstünlük verildiyindən insan haqları və islahatlar ikinci plana keçib.


Avropada ən hündür bina Londonda ucaldılıb. “Şard” adlı binanın hündürlüyü 310 metrə çatır. Binanın tikintisini Qatar maliyyələşdirib.

2012-ci ildə Sandhurst Royal Hərbi Akademiyası Birləşmiş Ərəb Əmirliyindən 15 milyon funt-sterlinq ianə qəbul edib. Həmin vəsaitdən akademiyada yeni tikiləcək yardımçı binanın maliyyələşməsində istifadə olunub. Və həmin binaya BƏƏ-nin əsasını qoymuş, "millətin atası" adlandırılan Şeyx Zahidin adı verilib.

2013-cü ildə isə Sandhurst Royal Hərbi Akademiyasının “Mons Hall” adlı idman zalının təmiri üçün Bəhreyn 3 milyon funt-sterlinq ödəyib. Təmirdən sonra isə həmin bina “King Hamad Hall” adlandırıldı. Yeri gəlmişkən Bəhreyn kralı da bu akademiyanın filialının məzunudur.

Binaların adındakı dəyişiklik mübahisə doğurur. Düşünün ki, 1914-cü ilin avqustunda Britaniya Mons döyüşündə 1600 hərbçi itirib. “Mons Hall” da bu tarixlə əlaqəlidir. Üstəlik, son 3 ildə isə Behreyndə Həmad və onun hökuməti şiələrin başladığı siyasi etirazları amansızlıqla yatırıb. 80 nəfərdən çox adam ölüb. 13 nəfər polis də bu etirazların qurbanı olub.

“Kral həmişə Sandhurst Royal Hərbi Akademiyası haqqında yüksək fikirdə olub. Kral ailəsindən indiyə kimi 20 nəfərdən çox adam bu akademiyada təhsil alıb. Ona görə də biz başa düşə bilmirik ki, ortada olan bu narazılıqlar nədən qaynaqlanır”, Böyük Britaniya ilə Bəhreyn arasında dostluq körpüsü yaradanlardan biri “BBC”-yə belə deyib.


Böyük Britaniyanın Baş naziri Devid Kemeron kral Həmadla - 2012-ci il


Bəhreyn iqtidarına qarşı etiraza qalxanlardan biri

Kristpin Blak Sandhurst Royal Hərbi Akademiyasını bitirib. Orada müfəttiş kimi çalışıb. Onun düşüncəsinə görə akademiya kimsədən ianə almamalıdır: “Haraya baxsanız orada tarixlə bağlı nəsə bir abidə görəcəksiz. Burada hər şey Britaniya ordusunun tarixi ilə bağlıdır. Belə bir fonda 'King Hamad Hall” bu tarixi gerçəkliyə yamaq təsiri bağışlayır”.

Sandhurst Royal Hərbi Akademiyası da bu kimi tənqidlərə yazılı cavab verməyi lazım bilib: “Sandhursta verilən bütün ianələr Böyük Britaniyanın daxili və xarici qanuni öhdəlikləri ilə tənzimlənir. Bu, bizim milli dəyərlərimizə söykənir. İllər uzunu davam etmiş belə ianələrin hesabına biz vergiödəyənlərin vəsaitinə əhəmiyyətli dərəcədə qənaət etmişik”.
Bəs, Sandhurst Royal Hərbi Akademiyasının dostları düşmənə çevriləndə vəziyyət necə olur? 2001-ci ildə Böyük Britaniyanın o vaxtkı baş naziri Toni Bleyer Dəməşqə getdi. O, Suriya ilə Britaniya arasındakı münasibətləri daha isti hala gətirmək amacında idi. Bundan as sonra- 2003-cü ildə Suriya ordusunun zabitləri Sandhurst akademiyasında təlim keçirdi. İndi isə Suriya dünya tərəfindən təklənmiş durumdadır...

Jurnalist Mixael Kokerell Liviya diktatoru Müəmmər Qəzzafinin 1966-cı ildə Bikonsfilddəki Ordu Məktəb Təhsili mərkəzindəki olduğu vaxtlara işarə edərək yazırdı: “3 il sonra Qəzzafi də Böyük Britaniyada təlim keçmiş bir çox yabançı zabitlərin yolunu tutdu. Belə ki, o, Britaniyada öyrəndiyi bilgilərə söykənərək öz ölkəsində siyasi hakimiyyəti ələ keçirdi”.


Əhməd Əli də Sandhurst Royal Hərbi Akademiyasının məzunudur. O, Misirin islamçı prezidenti Məhəmməd Mursinin devrilməsində kilid fiqurlardan biri oldu

1990-cı ildə Misir ordusundan Əhməd Əli Sandhurst Royal Hərbi Akademiyasında təlimlərə başladı. O, Misirin islamçı prezidenti Məhəmməd Mursinin devrilməsində kilid fiqurlardan biri oldu. Hazırkı Misir prezidenti, general Əbdül Fəttah əl-Sisinin ən yaxın məsləhətçilərindən biri sayılır.

Hələ 90-cı illərin sonlarında Toni Bleyerin rəhbərliyi altında olan Britaniya hökuməti Sandhurst Royal Hərbi Akademiyasında əcnəbi kursantların təlim keçməsinə qadağa qoymaq istədi. Yaxın Şərq üzrə müdafiə məsələləri üzrə məsləhətçi olmuş general-mayor Artur Danero həmin vaxt Sandhurst Royal Hərbi Akademiyasına rəhbərlik edirdi. O, bu təşəbbüsü “əxlaqlı xarici siyasət”in bir hissəsi adlandırmışdır. Böyük Britaniyanın xarici işlər nazir olmuş Robin Kookda bu ideyaya dəstək vermişdi.


Toni Blayer və Robin Kook Sandhurst Royal Hərbi Akademiyasını əcnəbilər üzünə qapatmağı müzakirə edirlər

Ancaq 1999-cu ildə kral Hüseynin dəfn mərasimindən sonra bu məsələnin Britaniyanın xeyrinə olacağına şübhələr yarandı.

“Həmin dəfn mərasimində Böyük Britaniyanın baş naziri Toni Bleyer də iştirak edirdi. Dünyanın hər yerindən oraya dövlət başçıları gəlmişdi”, general-mayor Artur Danero deyir.

“Baş nazir gördü ki, mən Bruney sultanı ilə, Oman sultanı ilə, Bəhreyn və Səudiyyədən olan yüksək mənsəbli şəxslərlə rahat söhbət edirəm. Baş nazir soruşdu ki, sən bu oğlanları haradan tanıyırsan, dedim ki, onlar da Sandhurst Royal Hərbi Akademiyasını bitiriblər”.

Hazırda Sandhurst Royal Hərbi Akademiyasında ən çox Birləşmiş Ərəb Əmirliyindən gələn kursantlar təlim keçir. 2014-cü ilin mayına qədər orada 72 nəfər əcnəbi kursant oxuyurdu. Onlardan 40 faizi Yaxın Şərq ölkələrinin payına düşür.

Bəhreyn İnsan Haqları Mərkəzinin prezidenti Məryəm deyir ki, gələcəkdə Britaniyalılar görəcək ki, onların nə qədər soydaşı Yaxın Şərqdə gedən döyüşlərdə həlak olub. Çünki bugünkü Britaniya insan haqları və demokratiyanın yanında deyil. Onların düşüncəsində olan odur ki, Bəhreynə daha çox “Typhoon” qırıcı təyyarələri satmaq üçün nə etmək lazımdır.

Həbibə Həmid isə deyir ki, Sandhurst Royal Hərbi Akademiyası müstəmləkə dövründən qalmış düşüncəni özündə yaşadır. Bizə yeni dəyərlər və demokratik yolla seçilmiş liderlərin idarəçiliyi lazımdır...
Sandhurst Royal Hərbi Akademiyasından keçmiş məşhurlar

(Soldan sağa) Şahzadə Uilyam və Harri,
Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçil,
Ian Fleming, Ceymis Bond surətin yaradan şəxs ,
Katie Hopkins, reality TV star,
Antony Beevor, tarixçi,
Ceymis Blunt, müğənni-bəstəçi,
Coş Levsey, Reqbi üzrə Dünya Kubokunun sahibi,
Devon Harris, Yamayka idmançısı

Sandhurst Royal Hərbi Akademiyası haqqında onu da deyirlər ki, burada təhsil alan əcnəbi hərbçilərin vasitəsi ilə beynəlxalq münasibətlər yaranır və bu münasibətlər Böyük Britaniyanın xarici siyasətində xüsusi önəm daşıyır.

Böyük Britaniya üçün Sandhurst Royal Hərbi Akademiyası son dərəcə gərəklidir. Ancaq onu da unutmayaq ki, bu akademiyada təlim görmüş şəxslər sonra Yaxın Şərqdə monarxların tabeliyində olan orduda xidmət edirlər. Bu ordununsa əsas məqsədi xalqı xarici təcavüzdən qorumaq deyil. Orada ordu monarx və onun ailəsini xalqdan qorumaq üçün mövcuddur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar