Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozlarına “düzəliş” edərək, inflyasiyanın 4 faiz deyil 4.8 faiz təşkil edəcəyini bildirib.
Qiymətlərin günbəgün artdığı, enerjidaşıyıcılarının və ərzağın sürətlə bahalaşması fonunda inflyasiyanın 4.8 faiz olduğunu bildirmək absurddur. Məsələn, Türkiyədə inflyasiyanın 20 faiz civarında olduğu hökumət tərəfindən etiraf edilir. Rusiyada isə qiymətlər 16 faizə qədər bahalaşıb
Azərbaycan əhalisinin əksər xərclərinin qidaya xərcləndiyini nəzərə alsaq, ərzaq məhsullarının bahlaşmasının inflyasiyada xüsusi yer tutduğunu deyə bilərik. Ərzaq məhsullarıın əhəmiyyətli hissəsinin idxal edildiyi Rusiyada isə, un, qarabaşaq (qreçka), günəbaxan yağı və sair məhsullar böyük ölçüdə bahalaşıb. Məsələn, təkcə Altay diyarında qarabaşaq və digər yarmalarda 30-40 faizə yaxın artım qeydə alınıb. İdxaldan asılı olan Azərbaycanda isə, bu bahalaşma “görünmür”
Bəs niyə hökumət inflyasiyanın qarşısılınmaz olduğunu və əhalinin gəlirlərini “yediyini” etiraf edə bilmir? Çünki əhalinin demək olar hamısının gəlirləri birbaşa və ya dolayısıyla büdcəyə bağlıdır. Bu gəlirləri ciddi şəkildə artırmaq imkanları isə tamamilə tükənib. Belə olduğu halda, yeganə yol qiymət artımlarını “görməməkdən” ibarətdir. Bir sözlə, köhnə iqtisadi model sıradan çıxıb, yenisi yoxdur və hökumət sadəcə olaraq vaxt öldürməklə məşğuldur. Əhali isə hələ də neftin qiymətinin artımı nəticəsində vəziyyətin düzələcəyi ümidiylə yaşayır.
İqtisadçı Qaşqay İsmayıl