Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb liseydə Zəfər günü qeyd olunub.
Tədbirdə Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları rayon şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra məktəb liseydə tədbir davam edib. Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli çıxışında qeyd edib ki, Mübariz İbrahimov göstərdiyi əvəzolunmaz şücaəti ilə Azərbaycan gəncliyinin qəhrəmanlıq ruhunu yeniləyib: “Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbədə Mübariz məktəbinin rolu əvəzsizdir. Müharibədə vətən oğulları Mübarizin göstərdiyi qəhrəmanlıqdan güc alaraq, misilsiz qəhrəmanlıqları sayəsində düşməni torpaqlarımızdan qovdu. 44 günlük şanlı savaş XXI əsrin müharibəsi oldu. Yüksək hərb texnologiyaları ilə aparılan bu haqq savaşı bir daha göstərdi ki, xalqımızın indiki və gələcək nəsilləri içərisindən sarsılmaz mənəvi və vətənpərvərlik ruhlu savadlı mütəxəssislər, o cümlədən də ən son texnoloji biliklərə malik ağıllı hərbçilər yetişdirilməlidir. Bütün bunlar isə şübhəsiz ki, Biləsuvar Lisey kompleksi kimi müasir və güclü təhsil ocaqlarından başlayır.”
Tədbir Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam edib. Liseydə II Qarabağ müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunub.
Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edilib. Şəhid ailələrinə ərzaq yardımları paylanılıb. Biləsuvar və Cəbrayıl rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib.