Tarixdə ilk dəfə: NASA peyki Günəşə "toxundu"

17-12-2021, 09:57   



NASA-JHU-APLŞƏKLİN MƏNBƏYİ,NASA-JHU-APL

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bir peykin ilk dəfə Günəşin xarici atmosferinə daxil olduğunu açıqlayıb.

Bu məqsədlə kosmosa göndərilən Parker zondu qısa müddətə Günəş atmosferinin "korona" adlanan xarici təbəqəsinə daxil olub.

Hadisə aprel ayında baş verib, amma alınan məlumatlar təhlil edildikdən sonra yenicə təsdiqlənib.

Həddindən artıq istiyə və radiasiyaya məruz qalmış zondun topladığı məlumatlar alimlərə Günəş haqqında yeni informasiyalar əldə etməyə imkan verəcək.

"Nəhəng bir sıçrayış oldu"

"Aya getmək bizə onun necə yarandığıını anlamağa kömək etmişdi, Günəşə toxunmaq da bu ən yaxın ulduzu və onun Günəş sisteminə təsirlərini aşkara çıxarmaq üçün böyük bir addımdır" - NASA rəsmisi Nikola Fox belə deyib.

Parker-in "Günəşə toxunmaq" missiyası NASA-nın indiyə qədər həyata keçirdiyi ən iddialı layihələrdən biridir.

Orbitə üç il əvvəl buraxılmış zond davamlı olaraq Günəşin yanından keçir və hər dəfə ona daha çox yaxınlaşmağa çalışır.

Parker-in sürəti saatda 500 min kilometrə çatır. Məqsəd Günəş atmosferinə sürətlə daxil olub çıxmaq və qalın istilik təbəqəsiylə qorunan cihazlar vasitəsilə ətraf mühiti öyrənməkdir.

Aprelin 28-də zond kritik həddi - tac təbəqəsinin xarici sərhədi olan Alfven nöqtəsini keçə bilib. Bu həddən sonra Günəşə aid hissəciklər qravitasiya təsirindən xilas olub kosmosa dağılırlar.

Parker Günəş atmosferinin xarici həddinə onun səthindən 13 milyon kilometr yüksəklikdə yaxınlaşa bilib.

Zonddan alınan məlumatlar cihazın 5 saat ərzində 3 dəfə Günəş atmosferinə girib çıxdığını göstərir.

Planetin maqnit sahəsiŞƏKLİN MƏNBƏYİ,S R HABBAL AND M DRUCKMÜLLER

"Maqnit sahəsi daha güclüdür"

"Biz tac təbəqəsinin içində şərtlərin tamamən dəyişdiyini gördük. Orda maqnit sahəsi daha güclüdür və bu, hissəciklərin hərəkətinə təsir edir. Zond həqiqətən Günəşə toxunmuş olan maddələrlə əhatə edilmişdi" - Berkeley-dəki California Universitetinin əməkdaşı Stüart Bale jurnalistlərə belə deyib.

Alimlərin tac təbəqəsinə böyük marağı var, çünki burada səbəbi bilinməyən bir çox mühüm proseslər baş verir.

Bunlardan biri yüksək istilikdir. Günəşin görünən səthində, yəni fotosferdə temperatur təxminən 6000 dərəcə olduğu halda, tac təbəqəsində bir milyon dərəcəni keçə bilər.

Başqa bir müəmma tac təbəqəsi daxilində elektronların, protonların və ion yüklü hissəciklərin xaricə doğru hərəkətinin qəfil sürətlənməsidir.

Alimlər peykin 2025-ci ilə qədər fotosferin 7000 kilometrliyinə yaxınlaşacağını gözləyirlər.

"Parker"in məlumatlarını digər müşahidələrlə birləşdirmək Yer kürəsində hər kəsin həyatına təsir edən məsələlərə işıq salacaq. Günəşdəki partlayışlar Yerin maqnit sahəsinə də təsir edir və bunun rabitə kəsintisinə, peyklərin sıradan çıxmasına, elektrik şəbəkələrinin nasazlığına səbəb ola bilmə ehtimalı var.

Alimlər Günəşdəki partlayışları proqnozlaşdırmağa çalışırlar.

"Parker" həm də bu iş üçün faydalı olan məlumatlar əldə edə biləcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.