Nəticələr ağır olacaq. Bu məsələdə Rusiyanın heç bir qələbəsindən söz gedə bilməz. Çünki bütün dünya bu gün Rusiyanın aqressiyasına, işğalçı hərəkətinə qarşı birləşəcək və artıq bu proses start götürüb.Bu sözləri
Axar.az-a hərbi ekspert, ehtiyatda olan zabit
Üzeyir Cəfərov Rusiya-Ukrayna müharibəsinin nəticələri barədə danışarkən deyib.
“Rusiya çox avanturist və yerində olmayan addım atdı. Bu, Rusiyanın olan-qalan nüfuzuna da çox ciddi xələl gətirəcək. Prinsip olaraq son məqama qədər hər kəs Rusiyanın siyasi-hərbi rəhbərliyini bu məsələdən çəkindirməyə çalışdı. Xeyli insan itkisi olacaq, çox sayda dağıntı var. Amma Rusiya nəyə nail olacaq? Rusiya həm hərbi, həm də iqtisadi sahədə çox sarsıdıcı zərbə alacaq”, - ekspert bildirib.
O qeyd edib ki, beynəlxalq arenada Rusiyanın təcrid olunması prosesi sürətlənəcək:
“Bu gün Almaniya, ABŞ, Böyük Britaniya artıq Rusiya ilə bağlı qərarını verib. Yaxın saatlarda çox gərgin təmaslar olacaq. Artıq qardaş Türkiyədə Təhlükəsizlik Şurasının iclası çağırıldı. Ukraynada hərbi vəziyyət elan olunub. Bu gün Rusiyanı Belarusdan başqa faktiki olaraq heç kim dəstəkləmir və dəstəkləməyəcək. Ukrayna 2014-cü ilin Ukraynası deyil, çox ciddi silahlar alıb. Rusiyanın itkilərinin sayı həddən artıq çox olacaq. Rusiya bütün bunları bilə-bilə müharibəyə girdi. Ukraynada Azərbaycan vətəndaşları da var. Allah hər birini qorusun. İnsanlarımızın həyatını qorumaq üçün dua etməkdən başqa əlimizdə imkan yoxdur”.