Həbsdə olan QHT rəhbərlərinin vəkilləri danışdı

31-08-2014, 14:48   
Həbsdə olan QHT rəhbərlərinin vəkilləri danışdıLeyla və Arif Yunusların vəkili onların səhhəti ilə bağlı narahatdır


Avqustun əvvəllərində saxlanılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, hüquq müdafiəçisi İntiqam Əliyev və İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun hazırki durmunu öyrənmək üçün onların vəkilləri ilə əlaqə saxladıq.

Hüquq müdafiəçisi Xalid Bağırov Leyla və Arif Yunusların saxlanma şəraitinin normal olmadığını və onların səhhətləri ilə bağlı narahatlığını bildirdi: “Həm Leyla xanım, həm də Arif bəy mübariz əhval-ruhiyyədədirlər. Saxlanma şəraitləri normal deyil, BMT standartlarına uyğun gəlmir. Kameralar çox istidir, şəraitsizdir. Balaca kameralarda çox sayda insan saxlanır. Onların səhhəti ilə bağlı narahatıq. Onlar azadlıqda olarkən sağlamlıqlarında problemlər var idi. İndi həbsxana şəraitində onların səhhətləri daha da pisləşə bilər. Ötən həftədən başlayaraq, artıq onların yanına yemək, sovqat buraxılır. Dərmanları göndərilir”.

X. Bağırov onu da qeyd etdi ki, müvəkkilləri barəsində həbs-qətiimkan tədbirinin seçilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub.

Hüquq müdafiəçisi İntiqam Əliyevin vəkili Anar Qasımlı isə müvəkkilinin vəziyyətinin normal olduğunu və hər hansı problem yaşamadığını bildirdi: “İntiqam müəllimlə dünən görüşdüm, işin gedişatı ilə bağlı bəzi məsələləri müzakirə etdik. Qərara aldıq ki, bu həftə ev dustaqlığı ilə bağlı vəsadət verək. İntiqam müəllim dedi ki, vəsadət verilsin. Ancaq özü iştirak etməyəcək. Sadəcə, Avropa Məhkəməsinin perspektivi baxımından, biz bu şikayətləri veririk, ancaq özü iştirak etmir, vəkilləri iştirak edəcək. Səhhəti də normaldır, hər hansı problem yoxdur”.

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vəkili Fariz Namazlı onunla bağlı hər hansı problemin olmadığını, ailəsi ilə görüş üçün razılıq alındığını qeyd etdi: “Durumu yaxşıdır, sağlamlığı və saxlanma şəraiti ilə bağlı hər hansı problem yoxdur və hər hansı bir istintaq hərəkəti aparılmır. Anası və qardaşı ilə görüş üçün müraciət etmişik, istintaq orqanları görüşə etiraz etməyib. Sadəcə, görüş otaqlarında təmir getdiyi üçün ailəsi ilə görüş hələlik mümkün deyil. Həbs-qətiimkan tədbirinin seçilməsi ilə bağlı yerli məhkəmə instansiyalarını müraciət etmişik. Hazırda Avropa Məhkəməsinə müraciət hazırlayırıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.