Belə görünür ki, Azərbaycan Ordusunun Qarabağdakı dislokasiya tədbirləri təkcə separatçıları və İrəvandakı hakimiyyəti deyil, Rusiyanı da narahat edib. Bunun nəticəsidir ki, Azərbaycanla bu ilin fevralında müttəfiqlik sazişi imzalayan Rusiyanın müxtəlif media qurumları və deputatları anti-Azərbaycan isterikası yaşayır, münasibətləri süni şəkildə gərginləşdirməyə çalışırlar. Görünən budur ki, ruslar Azərbaycanın Qarabağın bütün ərazisində öz suverenliyini bərpa etməsinə imkan vermək istəmirlər.“AzPolitika.info” bu mövzunu Milli Məclisin deputatı
Vahid Əhmədovla müzakirə edib.
- Vahid müəllim, son günlər Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında vəziyyətin gərginləşdiyi müşahidə olunur. Xüsusilə, ermənilərin yeni müdafiə istehkamları qurmağa çalışması fonunda Azərbaycan Ordusunun Fərrux kəndi və yüksəkliyində mövqe tutması Rusiyada anti-Azərbaycan təbliğatını, ölkəmizə ünvanlanan təhdidləri artırıb. Bütün bunları nəzərə almaqla, mövcud durumu necə qiymətləndirirsiniz?- Son zamanlar həm rus mətbuatındakı məlum personajlar, həm də Dövlət Dumasının bəzi üzvləri Azərbaycanla bağlı xoş olmayan ifadələr işlədirlər. Amma unudurlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, biz müstəqil dövlətik və müstəqil də siyasət aparırıq. Rusiyanın Ukraynada faktiki olaraq ordu və texnika itirməsi, habelə geri çəkilməsi onları başqa yerlərdə münaqişə yaratmağa sövq edə bilər. Bunu mümkün hesab edirəm.
Belə anlaşılır ki, onlar bizə Fərrux yüksəkliyinin götürülməsini irad tuturlar, amma bu, tamamilə əsassız iraddır. Fərrux dağı da, kəndi də Azərbaycan ərazisidir. Üstəlik, orada ciddi hadisə olmayıb, sadəcə olaraq Azərbaycan Ordusu dislokasiya tədbiri həyata keçirib. Əlbəttə, Fərrux dağı coğrafi mövqe baxımından əhəmiyyətlidir, yüksəklik bəzi yerləri vizual müşahidə altında saxlamağa imkan yaradır. Amma bütün hallarda bura Azərbaycan dövlətinin ərazisidir. Ermənilər də bu səbəbdən səs-küy salıblar, cavablarını da alıblar. Bu məqamda Dumanın İqtisadi siyasət komitəsinin sədr müavini olan deputat Mixail Delyagin ağzına gələni danışdı, neft müəssisələrimizi vurmaq kimi iddialar irəli sürdü. Onun da cavabı verildi. Bilirsinizmi, belə təxribatçı fikirlər işlədirlər. Amma unudurlar ki, fevralın 22-də Azərbaycan və Rusiya arasında müttəfiqlik sazişi imzalanıb. O nə sazişdir, bu nə çıxışdır? Buradan belə rəy yaranır ki, bu dövlətə inanmaq lazım deyil. Əgər müttəfiqlik edirsənsə, bunu normal şəkildə et. İndi bütün dünya tərəfindən təklənmisən, sanksiyalar tətbiq edilir, bir aydan sonra nə olacağı bəlli deyil. Yeri gəlmişkən, Osetiyada, Donetskdə hansısa referendum keçirmək, bu əraziləri Rusiyaya qatmaq istəyirlər. Belə xoşagəlməz və narahatlıq yaradan proses də müşahidə edilir. Amma ruslar anlayırlar ki, dünyada düzən dəyişib, Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir, bu iki ölkə bir-birinin təhlükəsizliyinə təminat verib. Üstəlik, Şuşa Bəyannaməsi faktiki olaraq hər iki ölkədə rəsmən təsdiqlənib. Odur ki, Azərbaycan müstəqil siyasət aparmaqda davam edəcək.
- Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Qarabağdakı sülhməramlıların məsuliyyət zonasında olan erməni silahlı dəstələrini ərazidən çıxarmayacaq. Arqument belədir ki, əgər silahlılar çıxacaqsa, bu zaman erməni əhalisə də çıxmalı olacaq. Azərbaycan isə əvvəl Ermənistan ordu birliklərinin ərazidən çıxarılmasını, daha sonra separatçıların silahsızlaşdırılmasını tələb və təkid edir. Belə bir-birinə zidd mövqelər fonunda proses hansı istiqamətdə inkişaf edə bilər?- Ermənistan Qarabağda olan qoşunlarını çıxarmalıdır və bu, bizim birmənalı mövqeyimizidr. Bu mövqe də açıq deyilir. Söhbət ondan gedir ki, 2020-ci ilin 10 noyabrında üçtərəfli saziş imzalanıb. Bəyannamədə göstərilib ki, Qarabağda Ermənistan silahlı qüvvələri olmamalı və olanlar çıxarılmalıdır. Amma təəssüflər olsun ki, keçən müddətdə bu istiqamətdə heç bir iş aparılmayıb. Əksinə, oradan məlumatlar gəlir ki, xəndəklər qazırlar, mövqelərini bərkidirlər və s. Əgər sən adını “rus sülhməramlısı” qoymusansa, o zaman sazişdən doğan müddəaları həyata keçirməli idin. Əgər, sən bu işləri görməmisənsə və görmürsənsə, Azərbaycan səni on il gözləyəsi deyil. Sülhməramlılar bir çox hallarda özləri təxribat həyata keçirir, erməni separatçılarına imkan yaradırlar ki, bu kimi işlər görsünlər. Xankəndi də, Xocalı da, Xocavənd də, Fərrux da Azərbaycan dövlətinin ərazisidir. Biz öz ərazimizdə hərəkət edirik, başqa heç nə etmirik.
- Demək istəyirsiniz ki, imkan düşdükcə irəliləməliyik?- Burada iki məqam var. Ukrayna səbəbindən Rusiya-Qərb münasibətləri kəskin şəkildə gərginləşdi, dünya faktiki olaraq Rusiyaya qarşı vahid platformada birləşdi. İndi onların hansısa müharibə ocağını öz əllərində saxlamaq niyyətləri ola bilər. Abxaziya və ya Osetiyada referendum keçirmək, Donbası tam ələ keçirmək istəyirlər. Mümkündür ki, onların Qarabağda da nəsə etmək niyyətləri var. Amma bu, elə-belə məsələ deyil. Onsuz da sülhməramlılar orada uzun müddətə qala bilməzlər. Son xəbərlərə görə onların müəyyən hissəsi çıxarılaraq Ukraynaya göndərilib. Ümumiyyətlə, bu hərbi kontingent onsuz da oradan getməlidir. Qərb də təklif edir ki, Azərbaycan və Ermənistan oturub ikitərəfli saziş imzalasın. Amma sülh sazişi və münasibətlərin qaydaya salınması ilə əlaqədar olaraq Bakı İrəvana beş təklif verib və təəssüflər olsun ki, bunlara cavab almayıb. Nikol Paşinyan komandasını toplayıb və elan edib ki, bu təklifləri qəbul edə bilməzlər. İddia edirlər ki, Azərbaycan təxribat törədir və s.
Qısası, bunlar əvvəlki həyasızlıqlarından əl çəkmirlər. Mənim şəxsi qənaətim belədir ki, Ermənistan belə davranmaqda davam edəcəksə, 5-8 ildən sonra onun dövlətçiliyinin mövcud olub-olmaması sual altına düşəcək. Bizim Türkiyə ilə birlikdə olduğumuzu Ermənistan anlamalıdır. Əgər Azərbaycan və Türkiyə ilə əlaqələrini düzəltmək istəyirsə bu reallığı anlamalı, düzgün addımlar atmalıdır. Daha gedib “dayısından” göstəriş aldıqdan sonra bəyanat verməyin mənası yoxdur. Onsuz da Azərbaycan XİN belə bəyanatların cavabını verir. Bu yaxınlarda Sankt-Peterburqda parlament sədrlərinin görüşü keçirildi. Bizim spiker Matviyenkonun sözünü iki dəfə kəsərək erməni spiker Simonyana cavab verdi. Onlar anlamalıdırlar ki, hər yerdən yolları kəsilib. Məsələn, Zəngəzur dəhlizi məsələsini uzatdılar və yekunda Azərbaycan İranla saziş imzaladı. Bu baxımdan onlar nə edirlərsə, özlərinə edirlər. Zamanla bu, açıq-aydın görünəcək.
- Həm Qarabağın dağlıq hissəsindəki durum, həm də şimal qonşumuzla münasibətlərin gərginliyi fonunda Azərbaycan və Rusiya Prezidentləri arasında telefon danışığı olub. Açıqlanan rəsmi məlumat öz yerində. Sizcə, tərəflərin hansı məsələləri müzakirə etdiyi daha real görünür?- Putin Nikol Paşinyanla da danışıb. Ayın 6-da Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə görüş gözlənilir. Putin ola bilsin ki, bu görüşdən narahat olduğu üçün Ermənistan və Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayıb. Amma Azərbaycanın öz maraqları, öz mövqeyi var. Biz torpaqlarımızı işğaldan azad etmişik. Əgər əraziyə rus sülhməramlısı gəlibsə, indi onlar Putinin də imza atdığı qərarı icra etməlidirlər. Biz başqa bir şey istəmirik. Amma onlar öz öhdəliklərini, vəzifələrini yerinə yetirmək əvəzinə ərazidəki erməniləri silahlandırırlar. 10 noyabr sazişindən sonra görün nə qədər insan ölüb... Putin, ola bilsin ki, danışıqlarla bağlı təşəbbüsün başqa mərkəzə keçəcəyindən narahatdır. Amma bütün hallarda Azərbaycanın dövlət və millət maraqları var. Dövlət başçısı da kifayət qədər təcrübəli siyasətçidir və bu maraqları qoruyur.
Konkret Avropada keçiriləcək görüşə gəldikdə, mənim bu görüşdən böyük gözləntim yoxdur.
- Niyə?- Fikrimcə, nə qədər Rusiya var, onun əli bu regiondadır, burada sakitlik olmayacaq. Tarix və keçdiyimiz dövr bunu göstərib. Həmişə belə olub. Rusiyada indi ciddi proseslər gedir. Əlbəttə, sanksiyalar bu ölkəyə problemlər yaradacaq. O cümlədən Rusiya ilə iqtisadi əlaqələri olan dövlətlərə, deməli, həm də bizə. Bunlar dözmək mümkün olan məsələlərdir. Vacib olan odur ki, Rusiya birdəfəlik imperiya iddialarından, yəni təhdid və işğalçılıq siyasətindən əl çəkməlidir. Hazırda əksər dünya dövlətləri çalışırlar ki, bunu Rusiyaya başa salsınlar.
İkincisi, sülh sazişi yaxın müddətdə ola bilməz. Bu, inandırıcı görünmür. Hazırda hər şey Ermənistandan asılıdır. Prinsipcə, Azərbaycan sülhə, saziş imzalamağa hazırdır. Hər zaman da deyir ki, mənim dövlət sərhədlərimi tanımalısan. Şərt budur ki, demarkasiya və delimitasiya prosesini aparırıq, ərazi bütövlüyümüz qarşılıqlı şəkildə tanınır. Eləcə də Zəngəzur dəhlizi məsələsini həll edirsən. Qarabağda qalan mülki ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edib, yaşayacaq. Getmək istəyənsə, gedəcək. Bu qədər sadə. İndi hər şey İrəvandan asılıdır.
- Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin də Azərbaycanı hədələyib. Sizcə, bunlar təsadüfi çıxışlar, deputatların özfəaliyyətidir, yoxsa bir mərkəzdən idarə olunan prosesdir?- Delyagindən sonrakılar bir qədər yumşaq təhdid ediblər. Delyagin daha sərt demişdi və ona qarşı cinayət işi də qaldırmışıq, axtarışa vermişik. Bunlar özbaşına deyillər, bir mərkəzdən idarə olunurlar. Sifariş əsasında bəyanatlar verirlər. Bizim deputatlar, XİN və digər strukturlar bunun cavabını verir. Bir tərəfdən deyirlər ki, Azərbaycanla müttəfiqik, digər tərəfdən də altdan-altdan işləyirlər. Açığını deyim ki, mən heç vaxt bunların apardığı siyasətə inanmamışam. Baxın, indi Rusiya ilə Ukrayna arasında danışıqlar gedir. Məncə, ruslar hiss edirlər ki, məğlub olurlar, ciddi iqtisadi problemlərlə üzləşirlər. Bu səbəbdən ruslar Ukrayna ilə bir müqavilə imzalayacaq, sonra isə yenidən hücum edəcəklər. Onların xisləti budur – işğalçılıq və təhdid.
- Belə iddialar var ki, indi siyasi müstəvidə Rusiya-Azərbaycan münasibətləri normaldır, amma Rusiya hərbi-sənaye kompleksinə rəhbərlik edənlər əlaqələri gərginləşdirməkdə və pozmaqda maraqlıdırlar. Bu, nə dərəcədə ciddi yanaşmadır?- Mən buna inanmıram. Hələlik, Putin hakimiyyətə tam nəzarət edir. Əlbəttə, öz aralarında fikir ayrılıqları var. Amma Putinin razılığı olmasa, deputat Azərbaycanı belə təhdid edə, neft yataqlarımıza bomba atmaq kimi çağırışlar edə bilməz. Sözsüz ki, bunlar təzyiq metodlarıdır. Lakin bir daha qeyd edim ki, nə dövran o dövrandır, nə də Rusiya SSRİ-dir. Rusiya özü iqtisadi böhranın içindədir, onun Ukrayna bataqlığından necə çıxacağı hələlik bilinmir. Yaxşı olardı ki, diqqətlərini bu istiqamətə yönəltsinlər.
- Rusiya-Azərbaycan gərginliyi fonunda Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippinin Bakıya səfəri, nazirin Şəhidlər Xiyabanını ziyarəti və oradakı açıqlamaları diqqəti cəlb edir. Bəzi mütəxəssislər bu səfərin daha çox mesaj xarakterli olduğunu bildirirlər...- İngiltərə dövləti hər zaman Azərbaycanı müdafiə edib. 44 günlük Vətən Müharibəsi zamanı da yanımızda olub. Çünki İngiltərə ilə Azərbaycan arasında çox ciddi iqtisadi əlaqələr var. Dövlət başçılarının da münasibətləri yaxşıdır. İngilis nazir Bakıya səfəri zamanı Şəhidlər Xiyabanına getdi, oranı ziyarət etdi. Məncə, bu, təsadüfi deyil. Həmin xiyabandakı şəhidlərimizin kim tərəfindən öldürüldüyü məlumdur. İndi də ruslar eyni şeyi Ukraynada edirlər. Halbuki, bunlar qardaş xalqlardır. Məncə, britaniyalı nazir siyasi mesaj verdi.
Həmçinin, hərbi sahəyə baxan şəxs səfərə gəlirsə, dövlət başçısı və hərbi nazirlə görüşürsə, deməli, burada hərbi məsələlər də müzakirə edilə bilər. Diqqət edəndə görürük ki, Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı ən sərt mövqe tutan ölkə də məhz Britaniyadır. Ümumiyyətlə, bu səfəri yalnız müsbət qiymətləndirmək olar.
Rasim Əliyev“AzPolitika.info”