Vladimir Jirinovski necə yadda qaldı?

7-04-2022, 17:45   


Vladimir JirinovskiŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiya Dumasındakı partiyalardan birinin daimi sədri Vladimir Jirinovski Mosvada vəfat edib. 30 ildən çoxdur ki, böyük siyasətdə olan Jirinovskinin 75 yaşı vardı. Fevralın əvvəlində ona koronavirus diaqnozu qoyulmuşdu.

"Vladimir Volfoviç Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra vəfat edib" - Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz "Teleqram" kanalında belə yazıb.

Koronavirusa yoluxandan sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmiş LDPR liderinin vəfatı barədə daha əvvəl də (martın 25-də) məlumat yayılmışdı. Volodin bu xəbəri dərhal təkzib etmiş, Rusiya Liberal Demokrat Partiyası (LDPR) təmsilçiləri isə Jirinovskinin ölümüylə bağlı ilk məlumat verən medianı məhkəməyə verəcəklərini demişdilər. Rusiya Səhiyyə Nazirliyi onun vəziyyətinin "stabil" olduğunu açıqlamışdı.

Jirinovskini "siyasi təlxək" və "velikoros" (rus millətçisi), populist və anti-Qərbçi, yəhudi və antisemit, qadın düşməni və qadın seçicilərin sevimlisi adlandırırdılar. Bəziləri onu məsxərəyə qoyur və nifrət edir, digərləri ona heyranlıq duyurdular; onun haqqında hətta anekdotlar da quraşdırılırdı, sonralarsa o həm də mem personajına çevrildi.

Volodin paylaşımında Jirinovskini "dünya düzəninin dərindən dərk edən və çox şeyi qabaqcadan görən insan" adlandırıb və bunları əlavə edib:

"O, elə böyük şəxsiyyətdir ki, Rusiyanın müasir siyasi sisteminin inkişaf tarixini onsuz təsəvvür etmək çətindir".

Dumadakı LDPR fraksiyası öz liderinin ölümünü "bütün Rusiya üçün zərbə" adlandırıb. "İnterfaks" xəbər verir ki, bir dəqiqəlik sükutdan sonra Dövlət Dumasının işinə bir saat fasilə verilib. Volodin Jirinovskiylə vida mərasiminin cümə günü İttifaqlar Evinin Sütunlu zalında keçiriləcəyini bildirib. Partiyadan verilən məlumata görə, onu Troyekurovski qəbiristanlığında dəfn edəcəklər. Jirinovskinin anası və digər qohumları orada dəfn olunub.

LDPR lideri siyasi fəaliyyəti ərzində minlərlə dəfə çıxış edib, dediklərindən çoxu sitata çevrilib.

BBC News Rusca xidməti Jirinovskinin ən səs-küylü və mübahisəli açıqlamalarından bəzilərini xatırladır.


Rusiya haqqında

"Himni bərpa edin, ölkə "Maaş lazım deyil!" deyəcək".

"Rus insanı buna vərdiş etməyib. İcma təfəkkürü, mənəvi birlik - Rusiyanın əbədi arxetipləri bunlardır".

"Mən arzu edirəm ki, rus əsgərləri ayaqlarını Hind okeanının ilıq suyunda islatsınlar. Orada istirahət mərkəzləri, gənclər üçün düşərgələr, sanatoriyalar, dispanserlər olsun".

"Qoy bizim xalqımız siqaret çəksin! Hamının hər gün çəkməsi və içməsi yeganə qurtuluşumuzdur - bu, intiharların sayını azaldır. Çəkməyi dayandırsalar, hamı özünü asacaq".

"Niyə gülmürsən? Gülməli deyilmi? Başa düşmürsən, hə? Bura Rusiyadır!"

Özü haqqında

"Mən Rusiyanın ən kasıb deputatıyam".

"Əskərlikdə çeçenlərin corablarını kim yumayıb ki?! Mən yumuşam".

"Səddam Hüseyn mənə bir dinar da verməyib. Versəydi, götürərdim".

"Növbəti seçkilərə də qatılacam. Ölənə qədər və öləndən sonra da - qəbirstanlıqdan qatılacam. Hələ ordan sizə siqnal da göndərəcəm ki, burda uzanmışam".

"Məndə "Maybach" hardandır? Hardan olacaq - Almaniyadan!"

"Mən necəyəmsə, eləyəm. Mənim cazibədarlığım bundadır".

"Mənim əllərim təmizdir, amma prezident olsam, qana bulaşacaq".

Qadınlar və seks haqqında

Vladimir Jirinovski və italiyalı pornoulduz ÇiççolinaŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Vladimir Jirinovski və italiyalı pornoulduz Çiççolina

"Qadınlar evdə oturub ağlamalı, paltar yamamalı və yemək hazırlamalıdırlar".

"Bütün kişilərin siz qadınlardan zəhləsi gedir, çünki siz kişinin inkişafına mane olursuz. O sizi arzulayanda tapılmırsız. O sizi satın alır: öz mövqeyi ilə, puluyla, tək qalmaq qorxunuzla, uşağı tək böyütmək qorxunuzla".

"Ana oğluna çox şey öyrədə bilməz. Çünki özü oğlan olmayıb".

"Oğlanlar arasındakı münasibətdən uşaq doğulmur. Amma bu, erotik mədəniyyətin bir hissəsidir".

"Bu ildən cinsi həyatla bağlı normativ tətbiq edirik: kvartalda bir dəfə. Pornoqrafiya, porno-kasetlər və bu tip filmlər gənclərdə belə bir norma formalaşdırır: nə qədər çox olsa, o qədər yaxşıdır. Əksinə, nə qədər az olsa, o qədər yaxşıdır. Həm də ancaq qarşılıqlı simpatiya olan hallarda. Standart - rübdə bir dəfədir. İldə üç-dörd dəfə kifayətdir".

"Gənc oğlan və qızların münasibətində də tərbiyələndirmə prosesi olmalıdır. Yoxsa dərhal zorlama baş verir. Beş dəqiqəlik həzz - beş illik həbs. Siz əvvəlcə ona başa salın. Sən nə istəyirsən? Beş il türmədə oturmaq? Yox? Onda qızdan əl çək".

Təhsil haqqında

"Xalq nə qədər savadlı olsa, inqilablar o qədər çox olacaq".

"Yəni, doğrudanmı, siz başa düşmürsüz ki, yüksək təhsilli gənclər nə qədər çox olsa, bütöv bir nəsil savadlı olsa, onlar hər on ildən bir hakimiyyəti devirəcəklər?"

"İndi çoxlu sayda anglikizmlər və digər sözlər yaranıb: "nümayiş etdirmək" əvəzinə "performans" və ya "dəst" əvəzinə "set" deyirlər - bu, inkişafı deyil, sadəcə dili zibilləməkdir. Rus dilini bütün gözəlliyi və rəngarəngliyi, hətta şirəsiylə birlikdə bilmək üçünsə mümkün qədər çox oxumaq lazımdır".

Qərb haqqında

"İnəklər nədən dəli olur? Britaniya demokratiyasından".

"Dünya siyasətindəki ən alçaq və hiyləgər şey Britaniyadır".

"Amerika Xirosima və Naqasakini bombalayır - hamı susur; yüz əlli ölkəni işğal edib - hamı susur; bizim "Kursk" sualtı qayığımızı məhv etdi (Biz onların qayığını batırsaydıq, artıq nüvə müharibəsi olmuşdu), biz onları bağışladıq".

"Almanlar bolşevikləri bizə möhürlənmiş vaqonda göndərdilər. İndi biz Avropaya möhürlənmiş vaqonda çeçenləri göndərməliyik".

"Gecə alimlərimiz Yerin qravitasiya sahəsini azacıq dəyişəcək və ABŞ su altında qalacaq!""

"Biz daha 10 milyon rusu Amerikaya göndərəcəyik və Amerikada öz prezidentimizi seçəcəyik. Və sənə, Corc [ABŞ prezidenti Corc Buş], "Butırka"da yaxşı kamera verəcəyik".

"Lokal müharibələr olacaq. Hansısa dünya hökuməti, pərdəarxası oyunlar və kiməsə nəsə vermək haqqında düşünməyə ehtiyac yoxdur. Əksinə, hamı dağılışacaq, hər kəs öz qazanında qaynayacaq. NATO da dağılacaq, Avropa Birliyi də. Britaniya artıq getdi. Amerika özünü təcrid edəcək, Amerikaya heç bir müharibə lazım deyil. Onlar artıq hər şey əldə ediblər. Müharibə onların nəyinə lazımdır? Onlar evə qayıdırlar, 20 və 21-ci illərdə qazandıqlarını xərcləyib məmnuniyyətlə yaşayırlar. Amma biz mərkəzdə qalırıq. Biz Şərqi Avropanı, postsovet məkanını, Türkiyəni sakitləşdirəcəyik, bizim nəhəng ərzaq bazamız var. Və dərmanlarımız da. Bəli, bizim tibblə bağlı problemlərimiz vardı, amma alimlərimiz istənilən infeksiyaya qarşı peyvənd hazırlaya bilirlər"

Mixail Qorbaçov və Boris Yeltsin haqqında

JirinovskiŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

"Bu Baş katib [Mixail Qorbaçov] haqqında rus dilində başqa nə söz tapmaq olar? Onu satqın, xəyanətkar, əclafdan başqa necə adlandırmaq olar?"

"Yeltsin Mərkəzinin pəncərələrinə barmaqlıqlar vurulmalıdır ki, Rusiyanın rəhbəri kimi törətdiyi əməllərə görə yerinin hara olduğu barı simvolik şəkildə görünsün".

"Biz qərar verdik: Qorbaçov və Yeltsin dövrünün bütün daxili və xarici siyasətini pisləmək lazımdır. Qanunvericilik komitəsi isə bizə mane olur".

"Bəli, Yeltsin artıq yoxdur. Bəs o niyə öldü? Utandığından! Qaydar da yoxdur. O niyə öldü? Utandığından! Bir həyasız və vicdansızımız da var - Çubays. Bax, o yerindədir!"

Mövcud hakimiyyət haqqında

"Bizim bütün siyasi liderlərimiz əsasən ölərək həyatdan gediblər".

"Diktatura qəbizlik, demokratiya ishaldır. Hansını daha çox bəyənirsinizə, onu seçin".

"Sov.İKP p.. idi, amma bu ["Vahid Rusiya"] üç dəfə çox p..dur ".

"Əsas iqtisadi və ideoloji mövqeləri ələ keçirmiş və hələ də ölkədə bir çox siyasi hakimiyyət rıçaqlarını əlində saxlayan o düşmən qüvvəyə qalib gəlmək çox çətindir. Amma bütün murdarların Yaroslavl vağzalına aparılacağı vaxt gəlib çatacaq, şimala gedən sonuncu vaqonda onlar üçün yerlər hazırdır. Artıq hüquq-mühafizə orqanları yüksək rütbəli korrupsionerlər arasından sərnişlər seçir".

"Bizim Dumada hər şey yaxşıdır, orda müxalifət görə bilməzsən, hamı yekdilliklə səs verir - heyrətamiz sakitlikdir!"

BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.