Azərbaycan və Ermənistan liderləri Prezident İlham Əliyev və Baş naziri Nikol Paşinyan təxminən dörd ay sonra Brüsseldə yenidən bir araya gələrək sülh sazişi hazırlamağa razılaşıblar. O cümlədən, bu ayın sonuna qədər tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyası da yaradılacaq.
Siyasi təhlilçi Şahin Cəfərli BBC News Azərbaycancanın bu görüşlə bağlı suallarını cavablandırıb:
- Burda iki önəmli razılaşma var. Birincisi sülh müqaviləsinin hazırlanması üzrə liderlərin xarici işlər nazirlərinə tapşırıq verilməsi... bu, çox önəmlii nəticədir. İkincisi də aprel ayının sonuna qədər sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılaşma. Hər iki razılaşma çox mühümdür və Azərbaycanla Ermənsitan arasındakı problemlərin həlli üçün önəmli zəmin yaradır. Bu razılaşmaları hətta tarixi əhəmiyyətli adlandırmaq olar. Əlbəttə, burda əsas məsələ razılaşmaların həyata keçirilməsi məsələsidir.
Yəni, razılaşma əldə eləmək asandır, amma onların həyata keçilməsi, məncə, elə də asan olmayacaq. Burda Rusiya amilini də nəzərə almalıyıq. Düzdür, bu razılaşmalarda və Şarl Mişelin (Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel nəzərdə tutulur-red.) verdiyi bəyanatda əslində Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş bundan öncəki razılaşmalara, - həm 10 noyabr 2020-ci il tarixli bəyanata, həm 26 noyabr 2021-ci il Soçi bəyanatına istinadlar var.
Burda birbaşa Rusiyanın maraqlarına qarşı yönələn hər hansı bir məqam yoxdur. Amma burda Rusiya hiss eləsə ki, təşəbbüs onun əlindən çıxır və Qərbin əlinə keçir, bu məqamda, məncə, Rusiya destruktivlik edə bilər.
Buna görə də düşünürəm ki, sülh sazişinin hazırlanması prosesi elə də asan olmayacaq. Üstəlik, Rusiyanın bu prosesə təsir imkanları hələ də qalır. Eləcə də Ermənistanın daxili proseslərini də burda qeyd etməliyik. Artıq Ermənistan müxalifəti bu görüş ərəfəsində kütləvi aksiya təşkil etməklə, məncə, Paşinyana bir xəbərdarlıq mesajı göndərib.
Bu baxımdan, Ermənistan daxili siyasətindəki proseslərin də sülh sazişi prosesinə ciddi təsiri olacaq. Əgər Ermənistanda müxalifət Paşinyana qarşı ciddi bir xalq hərəkatı təşkil edə bilərsə, sülh prosesini poza bilərlər. Məncə, belə bir imkanları var.
- Şahin bəy, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı 2021-ci ildə Soçidə əldə olunan razılıq var. Yeni razılaşma bundan nə ilə fərqlənir?
- Burada konkret müddət göstərilib, aprel ayının sonuna qədər birgə sərhəd komissiyası yaradılmalıdır. Məncə, bu, önəmlidir. Soçi bəyanatında isə konkret tarix göstərilməmişdi və hələ də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komisisya yaradılmayıb. Digər tərəfdən, Soçi razılaşmasında bu komissiyanın Rusiyanın konsultativ yardımı ilə fəaliyyət göstərəcəyi qeyd olunub.
Brüsseldə qəbul olunan bəyanatda isə Soçi bəyanatına istinad olunsa da, komissiyada Rusiyanın rolundan bəhs edilmir. Əksinə, Şarl Mişel Avropa İttifaqının bu prosesə dəstək (konsultativ, maddi, texniki) verməyə hazır olduğunu bildirir. Avropa İttifaqı prosesin daha çox ikitərəfli əsasda - Azərbaycan və Ermənistan arasında aparılmasında maraqlıdır.
- Dediniz ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin Qərbin əlinə keçdiyini görərsə, buna laqeyd qalmayacaq. Bununla ikinci dəfədir ki, Charles Michel-in təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri görüşürlər. Üstəlik, Charles Michel hesab edir ki, ikinci Brüssel görüşü ilə artıq iki ölkə arasında sülh sazişi hazırlanması prosesinə başlanıb. Bütün bunlar sülh təşəbbüsünün Avropa İttifaqına keçməsi kimi qiymətləndirilə bilərmi?
- Hələ ki, təşəbbüs Avropa İttifaqının əlində deyil. Amma burda onu qeyd eləmək olar ki, Qərb bu regionu Rusiyanın maraq dairəsi olaraq qəbul etmir. Rusiya bütün keçmiş sovet məkanını özünün müstəsna maraq zonası sayır və Qərbin də bunu belə qəbullanmasını tələb edir. Elə Ukrayna böhranında da bunu müşahidə edirik.
Həm Ukrayna məsələsində, həm də son olaraq Qərbin Azərbaycan-Ermənistan sülh prosesinə müdaxiləsi məsələsində biz müşahidə edirik ki, Qərb bu məkanları Rusiyanın nüfuz dairəsi olaraq tanımayacaq və qəbul etməyəcək. Bu, önəmli məqamdır.
-Bu, nəyi şərtləndirəcək, hansı prosesi sürətləndirəcək?
- Yəni prosesi tamamilə Rusiyanın öhdəsinə buraxmırlar. Əgər İkinci Qarabağ müharibəsindən əvvəlki sülh prosesini xatırlasaq, o zaman Qərbdən olan vasitəçilər, yəni həm ABŞ, həm də Fransa bu məsələni bir növ Rusiyanın öhdəsinə buraxmışdılar.
Rusiyanın Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarındakı liderliyini bir növ qeyri-rəsmi qəbul etmişdilər. Ancaq artıq dəyişən geosiyasi şərtlər, eləcə də Rusiya-Avropa arasında gərginliyin artması Qərbi bir növ öz siyasətini dəyişməyə vadar elədi və onlar artıq Rusiya ilə əməkdaşlıqdan daha çox rəqabətə üstünlük verirlər.
Xüsusilə, Ukrayna müharibəsindən sonra Qərb-Rusiya münasibətlərində bir qırılma baş verdi. Fikrimcə, Qərb artıq Rusiyanın maraqlarına əvvəlki qədər hörmət göstərməyəcək və Rusiya-Qərb münasibətlərində rəqabət elementləri artıq daha ön plandadır, nəinki əməkdaşlıq məsələləri...
-Elə vurğuladığınız bu məqam, yəni Rusiya ilə Qərb arasında getdikcə pisləşən münasibətlər Azərbaycan-Ermənistan sülh sazişi hazırlanmasına da mənfi təsir edə bilərmi?
- Əgər Rusiya müşahidə etsə ki, artıq bu proseslər onun maraqları əleyhinə cərəyan edir...
- Maraqları əleyhinə cərəyan etməsi üçün nə baş verməlidir?
- Belə cərəyan edə bilər ki, Azərbaycan və Ermənistan sülh prosesini daha çox Qərbin rəhbərliyi altında aparmağa qərar verə bilərlər. Bu baş versə, bu, artıq Rusiyanın maraqlarına təhlükədir və və belə bir məqamda Rusiya müdaxilə edə bilər.
-Azərbaycan və Ermənistan liderlərində sülh danışıqlarını daha çox Qərbin çətiri altında aparmaq meyli görünürmü?
- Hər iki ölkə, hər iki lider hər halda Rusiya ilə münasibətləri pozmaqda maraqlı deyillər. Amma düşünürəm ki, xüsusilə Ukrayna böhranının nəticələri Rusiyanın regiondakı nüfuzuna və imkanlarına təsir edəcək. Rusiya Ukrayna müharibəsində qalib gələ bilməsə, bu, Rusiyanın, məncə, bütün post-sovet məkanında nüfuzunun zəifləməsinə və geosiyasi balansın dəyişməsinə səbəb olacaq ki, bu da Qərbin mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq.
Belə bir situasiyada Azərbaycan və Ermənistan da dəyişən geosiyasi reallığa uyğun mövqe tutmağa başlayacaq. Qərb bu geosiyasi rəqabətdən və mübarizədən qalib çıxarsa, onda Azərbaycan və Ermənistan da daha çox Qərbə yaxınlaşmağa və onun mövqelərini və maraqlarını daha çox nəzərə almağa məcbur olacaqlar.
-Azərbaycan və Ermənistan arasında problem təkcə sərhədlərin delimitasiya və demarkasiyası deyil, eyni zamanda Qarabağdakı silahlı erməni birləşmələrinin qalması məsələsidir. Charles Michel-in görüşlə bağlı verdiyi bəyanatında bununla bağlı hər hansı məqam yox idi...
- Şübhəsiz ki, görüşdə Azərbaycan tərəfi bu məsələni qaldırıb. Əslində düşünürəm ki, Paşinyan bu məsələdə də problem yaratmağa meyilli görünmür. Qarabağla bağlı məsələdə Rusiyanın mövqeyi daha çox önəmlidir, çünki orda Rusiyanın sülhməramlı adı altında hərbi kontigenti var.
Qarabağla bağlı məsələlərdə əsas söz sahibi, məncə, Rusiyadır və ona görə də bu məsələdə Rusiyasız hər hansı ciddi razılaşma əldə oluna biləcəyinə inanmıram. Amma mümkündür ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə çox möhkəm zəmanət verilməsi müqabilində Ermənistan öz ordusunun hərbçilərini ordan çıxarılmasına razılıq versin.
Düşünürəm ki, Paşinyan bu məsələdə destruktiv deyil, amma Qarabağın yerli erməni əhalisi arasında da silahlılar var, onlar indiki şəraidə Ermənistandan daha çox Rusiyaya tabedirlər və Rusiya da onların üzərində ciddi təsir imkanlarına malikdir.