AFFA-nın “göz yaşardan” qərarı - Federasiyanın qorxu və cəza sistemi nəyə hesablanıb?
18-04-2022, 08:56
Adı peşəkar olsa da, özü həvəskar səviyyədə keçirilən Azərbaycanın futbol üzrə birinci divizionunun son turunda Tovuzun “Turan Tovuz” komandası ilə Gəncə təmsilçisi “Kəpəz” qarşı-qarşıya gəlib. Oyun “Turan Tovuz”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandalarının uğursuz oyunundan cana yığılan “Kəpəz” azarkeşləri matçın gedişində maraqlı pankart açıblar. Azarkeşlər komandanın baş məşqçisi Yaşar Vahabzadəni nəzərdə tutaraq “Nəticələriniz gözümüzü YAŞARdır” yazılı pankart qaldırıblar. Bura kimi hər şey normaldır. Anormal olan isə… “Kəpəz” Azərbaycanın köklü klublarından sayılır, ölkə çempionu olub, kubok qazanıb. Komandanın keçirdiyi 19 oyundan sonra 28 xalla 8-ci yerdə qərarlaşmasının gəncəli futbolsevərlərin narazılığına səbəb olmasından normal, təbii bir şey ola bilməz. Bu baxımdan, onların komandanın uğursuz çıxışına, baş məşqçinin işinə etiraz olaraq “Nəticələriniz gözümüzü YAŞARdır” yazılı pankart açması da çox normaldır. Amma AFFA İntizam Komitəsi bu pankarta görə “Kəpəz” klubunu 160 manat məbləğində cərimə edib. Məsələ 160 manat deyil. Onsuz da Gəncə klubu AFFA-nın özündən maliyyələşir. Ki, bu da futbol adına ayıb, rüsvayçı bir şeydir. Məsələ özündə heç bir siyasi baxış, münaqişə, irqi, dini, təhqiredici ifadələr, çağırış ehtiva etməyən pankarta görə cərimə kəsilməsidir. Niyə də, niyə? Bəs, azarkeş hər oyunda uduzan komandasının baş məşqçisinə, rəhbərliyinə etirazını harda, hansı yolla bildirsin? Yoxsa, stadionlarda pankart qaldırmaq, şüarlar səsləndirmək üçün AFFA-dan, Gəncə Şəhər İcra Hakimiyyətindən icazə alınmalıdır? Harda, hansı nizamnamədə yazılıb ki, azarkeşlər stadionda pankart qaldıra, şüarlar səsləndirə bilməzlər? Keçmiş FİFA hakimi, “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Meydan TV-yə açıqlamasında, “Kəpəz” azarkeşlərinin açdığı pankartda təhqir, qeyri-adi heç nə olmadığını bildirdi: “Azarkeşsiz futbol futbol deyil! Son illər yaşanan pandemiya dönəmində boş tribunalar önündə çıxış edən aparıcı milli komandaların, top-klubların öz aralarında keçirilən oyunları da bunu bir daha sübut etdi. Böyük futbol ölkələrində meydanda göstərilən səviyyəli oyunla yanaşı, azarkeşlərin stadionlara axışması üçün xüsusi tədbirlər görülür. “Matç günü”ndə klublar bilet satışından, müxtəlif marketinq əməliyyatlarından böyük məbləğdə vəsaitlər əldə edirlər. Dolu tribunalar futbolu gözəlləşdirməklə yanaşı, həm də gəlir deməkdir. Beynəlxalq standartlara uyğun, azarkeşlərin davranışı ilə bağlı bəlli qaydalar mövcuddur. Dini, irqi ayrıseçkilik, təhqirlərə yol verilmirsə, azarkeşlər doğma komandalarını dəstəkləməkdə, etik normalara uyğun mədəni etiraz etməkdə azaddırlar. Yolverilməz olsa da, dəfələrlə şahidi olmuşuq, inkişaf etmiş Avropa ölkələrində çılğın fanatlar klubların ofislərinə basqınlar ediblər, mətbuat konfransı zallarına daxil olub baş məşqçilərə etirazlarını bildirirlər, futbolçulara qarşı aqressiv davranırlar. Mahir Emreliyə (hazırda Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu – red.) qarşı Polşada yaşanmış avtobus olayı buna bir daha sübutdur. Futbol fanatı psixologiyasında doğma klubları azarkeşlər üçün özəl varlıqdır və nəticəsizliyi klub rəhbərliyinə, məşqçi-futbolçulara bağışlamırlar. Azarkeşlərin yaradıcı kreativliyi futbola əlavə gözəllik gətirir, rəqabəti, futbola olan marağı daha da artırır. Belə müsbət addımları futbol ictimaiyyəti “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” fanatları tərəfindən çox görüblər. Əsas, qarşıdurmalar olmasın, iğtişaşlara yol verilməsin. Bu yöndə təbliğat və təşviqata böyük ehtiyac duyulur. Gəncə tarixi futbol şəhərimizdir. Komandaları “Dinamo” (Kiyev), “Spartak”, “Dinamo” (Tbilisi), ÇSKA kimi komandalarla qarşılaşıb, azarkeşlər böyük futbol görüb. Təbii ki, “Kəpəz”in indiki vəziyyətini heç vaxt qəbul etməzlər. Pankartda təhqir, qeyri-adi hal yoxdur. Buna komandanın baş məşqçisi Yaşar Vahabzadənin də münasibəti, açıqlamaları çox normal, başadüşülən tərzdədir. Çünki özü də səviyyəli, çılğın futbolçuluğu ilə seçilib, azarkeş ruhunu gözəl başa düşür. Onsuz da azarkeşlər stadionlara az gəlir, futbolun geriləməsi onlara təsir edir. Bu tipli qərarlarla fanatları tribunalardan küsdürmək olmaz. Digər tərəfdən, reaksiyanın bu tərzdə göstərilməsi, cərimə qərarının çıxarılması məsələni istəmədən belə, gündəmdə saxlamaqdır. Azarkeşlərin sivil qaydada doğma komandalarının uğursuz çıxışlarına reaksiyaları qəbulolunandır. Əksinə, olmasa, futbola biganəlik yaranar, maraq daha da azalar. Əsas, təhqirlərə, fiziki təzyiqlərə yol verilməsin. Fanatlar, azarkeşlər futbolun şahıdır!” Görünür, AFFA rəhbərliyi adi bir pankarta görə “Kəpəz”i cəzalandırmaqla, gələcəyi düşünərək, indidən özünü sığırtalayır. AFFA-nın birbaşa cavabdeh olduğu milli komandaların uğursuz nəticələri də azərbaycanlı futbolsevərləri boğaza yığıb. Günlərin birində, milli komandanın oyunu zamanı bütün stadion “AFFA istefa” yazılı pankart açıb, şüar səsləndirə bilər. Cərimələrlə, cəzalarla hər kəsi qorxudub, bəri başdan bütün səsləri kəsmək lazımdır…