Oqtay Qasımov :“Avropa Birliyinin regionda fəallaşması Rusiyanı narahat edir”
“Ayın sonuna qədər ikitərəfli sərhəd komissiyası yaradılmasa, deməli, Rusiya prosesi əngəlləyir”Ermənistan Baş naziri Nikol Paşinyanın iki günlük Rusiya səfəri başa çatıb. Moskva səfərindən öncə Brüsseldə Azərbaycanla razılaşma əldə edən Paşinyan daha sonra parlamentdəki açıqlamaları ilə gündəmə gəldi. Onun komandasında təmsil olunan yüksək çinli məmurlar da açıq bildirdilər ki, danışıqların indiki mərhələsində hansısa status məsələsini qaldırmaq yersizdir.Amma o da aydındır ki, Moskva Avropa İttifaqının Qarabağ məsələsində fəallaşmasını, qurumun tərəflərlə yüksək səviyyədə işləməsini, bölgədə güclənməsini əsla qəbul etmir və mümkün qədər Brüssel razılaşmalarını tormozlamağa və Qərbin fəallığını azaltmağa çalışır.
“AzPolitika.info” bu mövzunu politoloq
Oqtay Qasımovla müzakirə edib:
- Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri yekunlaşdı. Bu səfər Brüssel görüşündən dərhal sonraya təsadüf etməsi ilə diqqət çəkir. Bu kontekstdən baxsaq, Paşinyanın Moskva səfərini, oradakı müzakirələri və verilən birgə bəyanatı necə qiymətləndirmək olar?- Öncə qeyd edək ki, hələ ilin əvvəllərindən mətbuat Paşinyanın Moskvaya səfər edəcəyinə dair xəbərlər yayırdı. Bunun daha çox fevralın əvvəlinə təsadüf edəcəyi bildirilirdi. Amma fevralda Rusiya Ukraynada özlərinin dediyi kimi “xüsusi əməliyyat”a başladı. O zaman deyildi ki, səfər martda ola bilər. Qısası, Ukrayna savaşı bu prosesi ləngitdi. Bununla paralel olaraq dekabrdan başlayaraq, Avropa Birliyinin təşəbbüsü ilə iki dəfə üz-üzə, bir dəfə video format şəklində keçirilən görüşlər Rusiyada narahatlıq yaratmağa başlayıb. Hətta Brüssel görüşü ərəfəsində baxmayaraq ki, Putinin başı Ukrayna savaşına qarışmışdı, Azərbaycan və Ermənistan rəhbələrinə telefon açdı, onlarla müzakirələr apardı. Brüssel görüşündən sonra isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırıldı. Bunun ardınca da Nikol Paşinyan geniş tərkibdə iki günlük səfərlə Moskvaya getdi. Nəzərə almaq lazımdır ki, burada görüşlər müxtəlif səviyyələrdə aparılır. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi rusiyalı həmkarı ilə, həmçinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Overçukla görüş keçirib. Bu görüşlərdə kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması məsələləri müzakirə edilib. Son iki şəxs üçtərəfli bəyanat əsasında 2021-ci ilin 11 yanvarında yaradılan üçtərəfli komissiyada təmsil olunur. Sözsüz ki, əsas diqqət Paşinyan-Putin görüşüdür. Verilən açıqlamalar göstərir ki, əsasən iki ölkə arasındakı münasibətər müzakirə edilib. Ancaq bizi maraqlandıran məsələ Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi ilə əlaqəlidir. Burada da tərəflər görüşdən sonra qeyd olunur ki, tərəflərin 10 noyabr, 11 yanvar, 26 noyabr Soçi görüşləri və qəbul edilən qətnamə və bəyanatlara uyğun fəaliyyəti nəzərdə tutulur.
Məncə, bu səfərdə ən diqqət çəkən məqam və bizi də maraqlandıran “Qarabağın təhlükəsizliyi” ilə bağlı hissədir. Belə anlaşılır ki, rəsmi İrəvan bu məsələdə Rusiyanın üzərinə müəyyən öhdəliklər qoymağa çalışır. Daha açıq desək, Rusiyanın Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı olmasını istəyir. Əslində, vacib detal budur. Ermənistan 44 günlük müharibədən sonra guya Qarabağdakı ermənilərdən məsafəli davranmağa çalışırdı və orada əsas təminatçı qüvvənin Rusiya və onun sülhməramlı adı altında ərazidə yerləşdirilən hərbçilərini görürdü. Bir növ yaxasını kənara çəkmək istəyirdi. Paşinyan Moskva görüşündə bu məsələni bir daha qaldırdı.
Başqa vacib məqam Minsk Qrupu ilə əlaqəli idi. Xatırlayırsınızsa, Sergey Lavrov Ararat Mirzoyanla görüşü zamanı Minsk Qrupunun artıq fəaliyyət göstərmədiyini söylədi. Son görüşdə isə Minsk Qrupunun təcrübəsindən yararlanmağın vacibliyi vurğulandı. Bu səfər Ermənistana müəyyən dividentlər verə bilər. Ən azından təhlükəsizlik məsələsi və erməni ordusunun Rusiya tərəfindən yenidən formalaşdırılması, onun silah-sursatla təchizatı baxımından. Qeyd edim ki, bundan əvvəl belə fikirlər Lavrov-Mirzoyan görüşü zamanı da səsləndirilmişdi. İlkin qiymətləndirmə belədir ki, elan olunan və açıqlanan məqamlar müsbət olsa da, arxa planda nələrin baş verdiyini konkret davranışlara baxaraq qiymət verə bilərik.
- Paşinyanın Moskva müzakirələrində yer alan, lakin açıqlanmayan məsələlər nələr ola bilər?- Bilirsiniz ki, 11 yanvar 2021-ci ildə Moskva görüşündən sonra qərara alınmışdı ki, kommunikasyaların açılmasına dair üçtərəfli komissiya yaradılsın. Həmin komissiyaya konkret təkliflərin hazırlanması tapşırılmışdı. Amma bunun üzərindən 15 ay keçməsinə baxmayaraq, konkret təkliflər və hərəkətlilik yoxdur. Brüssel görüşündə isə sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılmasına dair konkret razılıq əldə edilib.
Moskvada qeyd edilir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevin regiona səfəri nəzərdə tutulur. Rusiya tərəfi iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasında öz yardımını təklif edir. Məncə, ilkin açıqlamalar öz yerində, amma bir müddətdən sonra prosesin hansı yönə gedəcəyinə dair dəqiq məlumatlar əldə edəcəyik. Hər halda verilən açıqlamalar müəyyən qədər müsbət səslənsə də, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin sürətlə normallaşması və Qarabağdakı erməni silahlılarının tərkisilah edilməsində maraqlı olmadığı qənaətindəyəm.
Çünki Rusiya üçün burada nəzarət edilən gərginlik lazımdır. Belə olan halda tərəflərin Rusiyaya ehtiyacı daha çox olur. Görüşdə də mətbuata açıqlanmayan hissə Paşinyanın üzərində çalışdığı Qarabağ ermənilərinin təhlükəsizliyini Rusiyanın üzərinə qoyulması məsələsi ola bilər. Məncə bu, rus sülhməramlılarının Qarabağda daha çox qalmasına hesablanan addımdır. Bundan başqa,Qarabağdakı separatçılar ümumiyyətlə, Rusiyanın himayəsi altına keçmək üçün müxtəlif variantlar üzərində düşünür, açıqlamalar verirlər. Düşünürəm ki, Qarabağdakı rus hərbçilərinin daha çox qalmasını mümkün edən məqamlarla bağlı iki ölkə arasında uyğun mövqe var. Rusiyaya maraqlıdır ki, onun buradakı hərbi qüvvələri hərbi baza statusunda olmasa da, azı indiki ad altında regionda qalsın. Çünki Bakı və İrəvan arasında münasibətlər sürətlə formalaşarsa, kommunikasiyalar açılarsa, birgə yaşayış, əməkdaşlıq və iqtisadi əlaqələr inkişaf edərsə, bölgədə sabitlik yaranarsa, burada rus hərbçilərinə ehtiyac qalmz. Rusiya istəməyəcək ki, burada problem tezliklə həll olunsun, özü isə oyundan kənar vəziyyətdə qalsın. Əslində, Avropa Birliyinin təşəbbüskarlığının, fəallığının artması Rusiyanı bu baxımdan narahat edir.
- Demək istəyirsiniz ki, Moskvanın son hərəkətləri Avropa İttifaqının buradakı proseslərdə iştirakının qarşısını almağa hesablanır?- Bəli, buna şübhə yoxdur. Çünki Rusiyanın tələsik addımları, Ermənistanla təmasları artırması, həm xarici işlər nazirləri, həm dövlət başçıları səviyyəsində əlaqələr, Paşinyanın geniş tərkibli Rusiya səfəri və xüsusi müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinə dair açıqlamalar onu deməyə əsas verir ki, Rusiya Ermənistanı özünün təsir dairəsində saxlamaqda israrlıdır və bunun üçün bütün imkanlarından istifadə edir, edəcək də.
- Brüssel görüşündə əldə olunan razılaşmaların işləməyəcəyini, daha doğrusu Rusiyanın buna imkan vermədiyini demək mümkündürmü?- Əgər ayın sonuna qədər hər iki tərəfdən sərhəd komissiyalarının tərkibi müəyyən ediləcəksə və onlar işə başlayacaqsa, deməli, Rusiya özünün prosesdə iştirakını təmin etməklə ümumi fəaliyyətə maneə yaratmır. Yox, əgər görsək ki, ikitərəfli təmaslar dayanır və komissiyanın tərkibi elan olunmur, deməli, Rusiya prosesi əngəlləyir. Biz yaxın iki həftə ərzində bunu görəcəyik. Dediyim kimi, ayın sonuna qədər Brüssel görüşündə qərara alınan razılaşmalar həyata keçirilsə, deməli Rusiyanın prosesi tormozlamaq imkanları xeyli dərəcədə azalıb və Moskva prosesdə iştirak etmək istəyir. Tam dayanırsa, bu halda bizim düşündüyümüz və narahat olduğumuz məqamlar meydana gəlir. Yəni Rusiya prosesə mane olur.
- Paşinyanın Moskva səfərindən əvvəl Qarabağ separatçıları ilə İrəvan hökuməti arasında ciddi fikir ayrılıqları yaranmışdı. Moskva müzakirələri ermənilər arasındakı parçalanmanın qarşısını ala bilərmi?- Mən bu mövzuda fərqli düşünürəm. Daxili siyasi mübarizədə ermənilər bir-birinə qarşı kəskin münasibətdə olsalar da, elə məsələlər var ki, orada mütləq əksəriyyətinin fikri eynidir. Məncə, indiki erməni hakimiyyətində təmsil olunan qüvvələr arasında kifayət qədər revanşist düşüncəli insanlar olduğu şübhə doğurmur. Həm də Paşinyan və komandası 44 günlük müharibədən sonra prosesləri mümkün qədər uzatmağa çalışıb, bu prosesə kənar oyunçuları cəlb etməklə vaxt qazanmaq və uyğun şəraitin yaranmasına qədər gözləmək xəttini aparıblar. Faktiki olaraq, 17 ay ərzində buna nail olublar. Amma indi konkret mövqe tələb olunan dövr başlayır. Görünən odur ki, Rusiya-Ukrayna savaşı fonunda kollektiv Qərbin və Rusiyanın məsələyə fərqli baxışları formalaşıb. 44 günlük savaş və ondan sonrakı dövrdə prosesləri nəzarətdə saxlayan və qarant rolunda çıxış edən bir qüvvə vardı və bu, Rusiya idi.
Doğrudur, Türkiyə müəyyən qədər proseslərdə iştirak edir, Monitorinq Mərkəzində təmsil olunur. Amma son dövrlər Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi fonunda ötən ilin yayından Avropa Birliyinin Qarabağ prosesində təşəbbüskarlıq nümayiş etdirməsi də mümkün qədər rus təsirinin bölgədə azaldılmasına hesablanıb. Bu baxımdan mən Paşinyanla separatçı qurumun rəhbərləri arasında görüşdə ciddi fikir ayrılıqlarının olduğunu düşünmürəm. Doğrudur, Paşinyan parlamentdə çıxışında dedi ki, tərəfdaşları Qarabağla bağlı tələblərin səviyyəsini aşağı salmağı tələb edirlər. Əslində, Paşinyan real olaraq bunu düşünür. Amma unutmayaq ki, “Qarabağ Ermənistandır” deyən də Paşinyan idi. Bu baxımdan erməni cəmiyyətində məsələyə dair ciddi fikir ayrılıqlarının olmasını real saymıram. Sadəcə Paşinyan hakimiyyətdə olduğundan reallıqları daha yaxşı bilir və proseslərdən mümkün qədər az itki ilə çıxmağa çalışır. Çox güman ki, Qarabağdakı separatçıların rəhbələri ilə görüşü zamanı fikirlərini çatdırıb və uyğun variant axtarışında olduğunu deyib. Bunun da nümunəsi odur ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinə qarant kimi Rusiyanı önə verir. Unutmayaq ki, Paşinyan həm də ziddiyyətli fiqurdur, eyni məsələyə dair bir-birinə əks olan fikirlər işlədə bilər. Məsələn, 10 noyabr sazişinin 4-cü maddəsinə görə, Rusiya hərbçilərinin yerləşməsi ilə paralel olaraq ərazidəki erməni ordusu və separatçı qüvvələr buranı tərk etməli idilər. Amma Paşinyan bunu parlamentdə fərqli formada təqdim etməyə çalışdı. İddia etdi ki, razılaşmada belə məqam yoxdur. Onların fikrincə, separatçıların ərazidən çıxarılması guya orada yaşayan ermənilər üçün ciddi problem yarada bilər.Yəni adam özünün imzasına hörmət etmir və bunu fərqli formada təqim etməyə çalışır.
- Moskvada Zəngəzur dəhlizi daxil olmaqla komunikasiyaların açılması məsələsinə də vurğu edildi. Sizcə, dəhlizlə bağlı hansı addımların atılması gözləniləndir?- Dəhliz məsələsi sanki saqqız olub çeynənilir. 17 aydır ki, bu məsələ üzərində müzakirə aparılır. 2021-ci ilin 11 yanvarında məhz bu məsələyə dair razılaşma əldə olundu, üçtərəfli komissiya yaradıldı və işçi qruplarının qurulması qərara alındı. Amma biz aradan keçən 15 ayda heç bir fəaliyyət görmədik. O cümlədən 26 noyabr Soşi görüşündə də Putin verdiyi açıqlamada bu məsələlərə xüsusi vurğu etdi. Lakin bundan sonra gördük ki, Ermənistan məsələni yayındırır, müxtəlif variantlar ortaya atır. Konkret olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Zəngəzur üzərindən avtomobillər üçün konkret yol var, bu, Gorus ərazisindən keçən Biçənək yoludur. Halbuki, 10 noyabr razılaşmasında Mehri dəhlizindən keçən yol haqqında danışılırdı. Yəni konkret ünvan göstərilib, amma İrəvan məsələni yayındırır və deyir ki, Mehri dəhlizi yalnız dəmir yolunu özündə ehtiva edir.
Azərbaycan Prezidenti Avropa Birliyinin nümayəndəsi ilə bir neçə gün əvvəlki görüşü zamanı bildirdi ki, Azərbaycan üzərinə düşən infrastruktur layihələrinin 60 faizini yerinə yetirib. Amma Ermənistan tərəfindən bunu görmürük. İndi bu haqda danışılır, amma danışığın arxasında real hərəkət yoxdur.
- Rusların indiki mərhələdə bu yola nə dərəcədə ehtiyacı var?- Rusların buna əvvəlcədən ciddi ehtiyacı var. Biz bilməsək də, Moskva yaxşı bilirdi ki, Ukrayna ilə savaşa gedəcək və ona müxtəlif yollar lazımdır, kommunikasiya xətləri şaxələnməlidir. Amma buna baxmayaraq yüksək səviyyədə bəyanatlar verilsə də, arxasında durulmadı. Əslində, Rusiyanın imkanı var ki, Ermənistana təsir etsin və bu işin həllinə nail olsun. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri həyata keçirir. Zəngəzur dəhlizi ilə bağlı həm dərmir yolu, həm də avtomobil yolu ilə bağlı ciddi işlər gedir. Laçın ərazisindən Laçın dəhlizinə paralel yolun çəkilməsinə dair ciddi iş aparılır. Azərbaycan işini görür. Amma Mehri ərzisindən təxminən 40-45 kilometrlik yolun qurulmasına dair Ermənistan tərəfindən heç bir addım atılmayıb.
- Deməli, ruslar maraqlı deyil...- Rusiya Ermənistana təsir edə biləcək tərəfdir. Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin müəyyən qədər normallaşmasına razıdır, lakin gərginliyin də qalmasında maraqlıdır. Diqqət edin, bir müddət əvvəl Lavrov Ermənistan-Azərbaycan münasibətlərini Qarabağ məsələsindən ayırmağı təklif edirdi. Başqa sözlə, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesləri aparılsın, hər şey tədricən qaydaya düşsün, əlaqələr qurulsun, amma Qarabağdakı Azərbaycan ərazilərinin suverenliyi və Qarabağdakı ermənilərin taleyi ilə bağlı məsələ dondurulmuş vəziyyətdə qalsın. Rusiyaya hazırda belə status-kvo əl verir. Çünki bu yolla həm bölgədə uzun müddət qalmaq, həm də tərəflərə təsir etməklə öz maraqlarını təmin etmək imkanı əldə edir. Rusiyanın niyyəti budur və əslində gizli də deyil. Sadəcə bu məsələlər həm də Ukrayna-Rusiya savaşının nəticəsindən asılı olacaq.
- Paşinyanın Moskva müzakirələrindən sonra hərbi baxımdan regionda gərginlik arta bilərmi?- Adətən belə görüşlərdən sonra nisbi sakitlik olur. Noyabrın 16 və 17-də Kəlbəcər istiqamətində ermənilərin təxribatından sonra bir gün döyüşlər oldu. Ondan sonra Soçi və Brüssel görüşləri baş verdi və iki aya yaxın bölgədə nisbi sakitlik müşahidə etdik. Hesab edirəm ki, indi də nisbi sakitlik olacaq, amma gərginlik qalacaq. Çünki gərginlik ocağı qalmaqdadır. Rusiya tərəfi 10 noyabr anlaşmasına baxmayaraq gərginlikdə maraqlıdır. Həm də biz sosial şəbəkələr, mətbuat vasitəsilə görürük ki, sülhməramlılar Qarabağdakı separatçıları silahsızlaşdırmaqda maraqlı deyillər. Onlar ərazidə qeyri-qanuni silahlı birləşmələrin qalmasından yanadırlar və onları himayə edirlər. Haklbuki, 10 noyabr sazişində Azərbaycan və Ermənistan ordusundan söhbət gedir. Bu, o deməkdir ki, Qarabağda olan ordu Ermənistan ordusudur. Amma İrəvan bundan imtina edir, guya orada olan silahlı birləşmələr Ermənistan ordusuna aid deyil, və bu, “Qarabağın müdafiə ordusu”dur. Əslində, məhz bu ad altında olan silahlı birləşmə 10 noyabr sazişində qeyd olunmadığı üçün qeyri-qanuni silahlı dəstə statusundadır. Bu, elə terrorçu deməkdir və onlara qarşı da ən yaxşı halda anti-terror əməliyyatı aparıla bilər. Bu məsələ həllini tapmayana, oradakı silahlı birləşmələr çıxarılmayana qədər gərginlik qalacaq. Azərbaycan həmin ərzilərdə öz suverenliyini bərpa etməyənə və Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər biz daim gərginliyə şaid olacağıq.
10 noyabr sazişinə görə Rusiya həm də qaçqınların bölgəyə qayıdışını BMT ilə birlikdə həyata keçirməli idi. Ancaq biz gördük ki, Xankəndinə minlərlə erməninin qayıtmasına yardım edən və bunu birbaşa həyata keçirən Rusiya Qarabağdan qovulan bircə azərbaycanlının belə geri qayıtmasına təşəbbüs göstərməyib. Əksinə, Xocalı ərazisində hərbi hissə açıb, modul xəstəxanalar qurub, rusiyalıların heykəllərini qoyub və sair.
Rasim Əliyev“AzPolitika.info”