Əvvəlcədən də xəbər verdiyimiz kimi, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək.
Xatırladaq ki, bu, Ərdoğanın prezident kimi Azərbaycana ilk rəsmi səfəridir. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində ölkələrimiz arasında bir sıra məsələlərin, o cümlədən Dağlıq Qarabağ problemi ətrafında nüzakirələrin aparılacağı gözlənilir.
Ərdoğanın Bakı səfəri sentyabrın 3-də başa çatacaq.
Yeri gəlmişkən, qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
BŞDYPİ sürücülərə müraciət edib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.