Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

HAYLAR VƏ ERMƏNİLƏR... - Mürsəl İrəvanlı yazır

10-05-2022, 11:05   



HAYLAR VƏ ERMƏNİLƏR... - Mürsəl  İrəvanlı yazır
"Gələcək keçmişin üzərində qurulmalıdır. Əgər biz insanlar keçmişi yaddan çıxartsaq, onunla əlaqəni birdəfəlik kəssək, onda şübhəsiz ki, həyat adlanan bir ağacımızı kökündən qurudub məhv etməyə səbəb olarıq"
Cəvahirləl Nehru
Doğrudan da zəmanəsinin fenomen şəxsiyyətlərindən olan Nehrunun aforizm kimi səslənən deyimində çox böyük məna var. Həqiqətən də, kim öz keçmişini unudarsa, gələcəyə nikbin inamı olmazsa, o, sözsüz ki, məhvə məhkumdur. Biz öz tariximizi, zaman-zaman qonşularımız - mənfur hayların əli ilə başımıza gətirilən bəlaları yaddaşımızdan silməməli, onu gələcək nəsillərə olduğu kimi, tam çılpaqlığı ilə təqdim etməliyik.
Yüzilliklər boyu adlarının əvvəlinə "erməni" yarlığı calaq edən haylar öz çirkin əməllərindən hələ də əl götürmək istəmir, vaxtaşırı suyu bulandırmağa cəhd göstərirlər. Törətdikləri çeşid-çeşid cinayətləri, milli qırğınları dana-dana gəlirlər. Dünyaya yalan satmaqla dolanırlar. Yalanı özlərinə bayraq edən millət utanmadan, xəcalət çəkmədən Qarabağdan, Naxçıvandan, Bakıdan, Dərbənd­dən, Killikiyadan, "Şərqi və Qərbi Ermənistan"dan və başqa məkanlardan tüs­tü­lənə-tüstülənə bəyanatlar verir, şivən qoparırlar. Atalar sözündə deyildiyi kimi, "öz gözlərindəki tiri qoyub özgə gözlərində tük axtarırlar". Millət nə qədər vicdansız olar, ilahi?! Onları qınamırıq, çünki əcdadlarımızdan belə tərbi­yə alıblar. Amma öz hərəkətlərindən, əl-qol atmalarından belə nəticə çıxart­maq olar ki, mühit yamanca sıxır binəvaları. Bunu başa düşən də var, düşmə­yən də, elə "bizim torpağımız, dövlətimiz" deyə-deyə buxarlanıb yox olacaqlar, inşallah.
Lakin buna baxmayaraq, hayların millətimizə qarşı törətdikləri tarixi cinayətlərin, onun fəsadlarının ağrı-acısından nə qədər yazılsa da, yenə azdır.
... Xərçəng xəstəliyinin kəskin formasına mübtəla olmuş, dəhşətli ağrılara tab gətirməyən və yatağında vəhşi heyvansayağı bağırmaqla öz yaxınlarını və hətta qonşularını da təngə gətirmiş I Pyotr (1682-1725) 28 yanvar 1725-ci ildə (ölümünə 30 gün qalmış) Şərq məsələsinə dair son qərarını verərkən demişdir:
"...Bizə xristianların xristianlığı himayə etmək arzusunu rədd etmək olmaz, çünki onlar da bizim soyumuzdandır...". Bundan əvvəl isə Pyotr Rusiya üçün vacib olan üç əsas məqsədə xidmət edən plan işləyib hazırlamışdı: Baltik və Qara dənizlərə çıxmaqla Polşanı zəbt etmək planını. Ölməzdən əvvəl bu planlardan yalnız birini həyata keçirə bildi və Niştat sülh müqaviləsinə əsasən Baltik sahillərinə sahib oldu. Baxmayaraq ki, 1699-cu ildə İmperator Azov qalasını da ələ keçirməyə müvəffəq oldu, lakin 1714-cü ildə onu yenidən türklərə qaytarmaq məcburiyyətində qaldı. I Pyotrun sonrakı məqsədlərinin həyata keçirilməsi mərhələ-mərhələ sələfləri tərəfindən icra olundu. II Yeka­te­rinanın (1762-1796) dövründə çarizmin işğalçılıq siyasəti yeni mərhələyə qədəm qoydu. Onun idarəçiliyi nəticəsində Polşa Rusiya, Avstriya, Prussiya arasında parçalandı və öz varlığını tamamilə itirmiş oldu. 1774-cü ildə Kiçik Kaynar sülh müqaviləsinə əsasən keçmiş Osmanlı sərhədləri Dnestr sahil­lə­ri­nə­dək uzandı. Lakin çox keçmədən Krım xanlığı da ruslar tərəfindən zəbt olundu və Qara dənizin Şimal hissəsi çarlığın təsiri altına düşdü. Beləliklə, Rusiya bu bölgədə hegemonluğunu nümayiş etdirməklə Qafqaz və Balkan ölkələrini də öz caynağına keçirməyin yollarını axtarırdı.
Yeri gəlmişkən qeyd edək ki, Qafqaz siyasətində çarizm hay faktorundan məharətlə istifadə edirdi. Çünki haylar hələ Rusiyanı tanımazdan əvvəl "milli qurum yaratmaq" məsələsini Avropa ölkələrinə çıxarmaq məsələsini qarşılarına məqsəd qoymuşdular. Eçmiadzin kilsəsinin arxivində saxlanılan sənədlərlə tanış olan hər kəsə aydın olar ki, "erməni məsələsi"nin Avropa dövlətlərinə daşıyı­cı­sı Qarabağın Xaçın məliklərinin qabaqcıl nümayəndəsi İsrael Ori olmuş­­dur. Onun mənsub olduğu Proş nəsli üst-üstə 600 ildir ki, türk millətinə qənim kəsilib.
1659-cu ildə anadan olan İsrael Ori öz nəcabətinin ənənəsini davam etdirmək yolunu tutmuşdu. Azərbaycanda yaşayan bir ovuc haylar 1673-cü ildə Avropaya Patriarx Yakovun başçılığı ilə dini nümayəndə göndərməklə əsas məqsəd Avropa ölkələrindən Azərbaycana qarşı haylara kömək xahişi etməkdən ibarət idi.
12 yaşlı İsrael Ori də atası ilə nümayəndələr arasında olub. Atası İstanbul yaxınlığında qəflətən ölüb. Xaricə yollananlar uşağı özləri ilə aparmalı olurlar. İsrael öncə Venetsiyada, sonra isə Fransada məskunlaşır. 12 ildən artıq Fransada yaşayan Ori xüsusi hərbi məktəbdə təhsil alaraq kiçik zabit rütbəsinə yüksəlir. O, Avropa monarxları, Almaniya kilsə xadimlərini və Roma Papasını məzlum hayları türklərin zülmündən xilas etmək üçün" Güney Qafqaza və İrana hərbi yürüş etməyə qızışdırır. Lakin onlar Oriyə başa salmağa çalışırdılar ki, adı çəkilən regionlara həmsərhəd olmadıqlarına görə haylar bu məsələnin həl­li­ni tapmaqda Rusiyaya müraciət edə bilərlər. Bunun üçün isə çardan Avropa qoşunlarının öz ərazisindən buraxılmasına təminat almağı məsləhət görürlər. Bu məqsədlə də Ori 1709-cu ildə Peterburqa gələrək, imperatorla görüşüb Rus dövlətinə belə yürüşə icazə verməyi, özünün də buna kömək göstərməsini bir neçə hay adından xahiş etmişdir. I Pyotr görüş zamanı bildirib ki: "Mən bu işi təkbaşına da görə bilərəm. Sən bizim imperiyaya başqa cür kömək etsən, daha yaxşı olar. İrəli sürdüyün məsələləri özümüz yoluna qoyarıq...".
Daha sonra çar İsrael Orini həvəsləndirmək və ondan bir vasitə kimi istifadə etmək məqsədilə demişdi: "Siz hərbiçisiniz, mən sizi rus ordusunda xidmət etməyinizi təklif edirəm və sizi polkovnik rütbəsinə layiq görürəm. Ümidvar olduğumu bildirirəm ki, bu etimadı öz xalqımıza məhəbbətiniz xatirinə doğruldacaq və rus ordusuna vicdanla xidmət edəcəksiniz. Bizim qarşıda sizinlə birlikdə görəcəyimiz işlər hələ çoxdur".
Bir qədər sonra imperator onu İran və Azərbaycan ərazisinə casus məlumatı toplamaq üçün göndərir. Qısa müddətdə Səfəvi sarayına yol tapan İsrael Ori İran şahı və xüsusən Azərbaycan haqqında geniş məlumat toplaya bilir. O, çara ünvanladığı məktubunda yazırdı: "...Xüsusən Azərbaycan hüdud­la­rında 13-16 məntəqədə rusların hərbi istehkamını qurmaq vacibdir. İlk öncə erməni hərbiçiləri ilə birlikdə neft səltənəti olan Bakını mühasirəyə almaq lazımdır ki, ətrafdakı xanlar güc toplaya bilməsin. Şamaxı tutulduqdan sonra birləşmiş rus-hay qoşun hissələri müxtəlif istiqamətlərdən hücuma keçməlidir. Gəncə, Pəmbək, Zəngəzur, Naxçıvan və xüsusən Qarabağ alınmalıdır. Şamaxı "erməni torpaqlarının giriş qapısıdır". Bu qapının açarı tezliklə, mütləq bizə məxsus olmalıdır. Buranın yerli əhalisi, onların ruslara münasibəti haqqında gələcək məktublarımda sizə ətraflı məlumat verəcəm".
Q.A.Ezovun 1898-ci ildə Sank-Peterburqda çap olunmuş "Sınoşeniya Petra Velikoqo s armyanskim narodom" əsərində (səh.68) deyilir: "1701-ci il oktyabrın 28-də I Pyotr İsrael Orini keşiş Minasla birlikdə öz sarayında qəbul edərkən, İsrael Ori imperatora ələ keçirdiyi var-dövlətdən ibarət çoxlu sayda bəxşeyiş təqdim etmişdi. Çar da öz növbəsində ona yüksək rütbə və ənam verib yola salmışdı. Lakin bu sevinc uzun sürmədi. Elə həmin ilin sonunda İsrael Ori Həştərxanda qəflətən dünyasını dəyişdi. Onun işini bir müddət keşiş Minas davam etdirmişdi. 1714-cü ildə Minas Sank-Peterburq şəhərində hay kilsəsi inşa etmək haqqında 8 mart 1722-ci ildə 121 saylı qərar vermişdi ki, bu da o dövr üçün hayların öz həyatlarında ən böyük nailiyyəti idi...".
Rusiyanın isti dənizlərə çıxmaq cəhdi tarixi hadisədir. Bunu reallaşdırmaq üçün müxtəlif yollar axtarılsa da, lakin iki istiqamət hələlik məlum idi. Onlardan birincisi boğazlar vasitəsilə Aralıq dənizinə, ikincisi isə su yollarından istifadə etməklə Hindistanı ələ keçirtmək məqsədi daşıyırdı. Hind okeanına çıxmaq planı Annanın (1730-1740) hakimiyyəti dövründə işlənib hazırlanmış və onun icrası birbaşa S.Krılova həvalə edilmişdi...
...1787-ci ildə növbəti Osmanlı-Rusiya müharibəsi başlandıqdan sonra Güney Qafqazda Osmanlı-Rus rəqabəti xeyli gücləndi. Türkiyə Sultanının Süleyman paşaya göndərdiyi fərmanda deyilirdi ki, "Azərbaycan xanlarını və Dağıstan hakimlərini birləşdirib Rusiyanın Cənubi Qafqazdakı əlaltısı İraklini cəzalandırmaq lazımdır..." Sultan yaxın adamlarından birini Dağıstan hakimi və qarabağlı İbrahimxəlil xanın yanına çoxlu hədiyyələr və pul göndərib onları Rusiyaya qarşı qaldırmağa çalışırdı. Təbii ki, Azərbaycan xanları Türkiyəyə rəğbət bəsləyirdilər. Lakin qüdrətli Rusiyadan da çəkinirdilər. Buna görə də hələlik tərəddüd edir, müharibədə vəziyyətin kimin xeyrinə dəyişəcəyini səbrsizliklə gözləyirdilər. Xanlar zahirən Rusiyaya "sədaqətlərini" nümayiş etdirsələr də, daxilən onun himayəsini qəbul etməyə tələsmirdilər. Rusiya dövləti də Azərbaycanın ayrı-ayrı xanlarının fəaliyyətinə inamsızlıq nümayiş etdirir, açıq-aşkar işğalçılıq niyyətini gizlətmirdi. Məsələn, Qarabağ hakiminin elçisi Musa xana Peterburqda böyük ehtiram göstərilsə də, diplomatik əlaqələrin qurulmasına münasibətdə qeyri-obyektivliyə yol verilirdi. Çünki çarizm ilk növbədə Qarabağ xanlığının torpaqları hesabına "Ermənistan dövləti" yaratmaq istəyir, həmçinin İbrahim xanın Osmanlının himayəsinə güvənəcəyindən ehtiyatlanaraq öz niyyətini mümkün qədər gizli saxlayırdı. Rus tarixçisi P.Q.Butkov "Materialı dlya novoy istorii Kafqaza s 1722 po 1803 q." (Sank-Peterburq, 1869-cu il 2-ci hissə səh.201-203) əsərində göstərir ki: "...Rusiya diktatorları və onların əlaltısı kimi fəaliyyət göstərən II İrakli İbrahim xanla mübarizədə haylara arxalanırdı. S.Burnaşov 1787-ci ilin sentyabrında P.S.Potyomkinə yazırdı ki, uzun illər İbrahim xana nifrət bəsləyən məliklərdən Aboz və Məclum artıq açıq mübarizə aparmaq üçün qiyam təşkil etmişlər. Onlar öz qəsrlərində gizlənərək İraklidən Gürcüstan torpağına keçməyə icazə istəmişlər. Güney Qafqazda yeni hərbi əməliyyat meydanı açılmasını və beləliklə də, öz qüvvələrinin səpələnməsini arzu etməyən Rus hökuməti Gürcüstandakı hərbi kontingentini geri çağırmağa üstünlük verdi. Ona görə də gürcü dəstələri və Rus hərbi birləşmələrinin Qarabağ torpaqlarına "Xaç yürüşü" hələlik baş tutmadı. Onların düşərgələrinə pənah gətirən hay məlikləri də rus qoşunları ilə birgə qaçmalı oldular". Tarixdən o da bəllidir ki, Rusiya-Osmanlı müharibəsi zamanı Osmanlı sarayı Qafqazın müstəqil müsəlman əhalisinə böyük ümid bəsləyir. Sultan III Səlimin "Elbrus dağından başlayaraq hətta Dərbəndə kimi həmetiqad müsəlmanlara" ünvanladığı fərmanda deyilirdi: "İndi kafiresarı iblislərə qarşı müqəddəs müharibə getdiyi üçün bu fərman yazılır və sizə göndərilir ki, onu alan kimi bir saat belə gecikmədən qəzəvata qalxasınız və dərhal düşməni məhv etməyə başlayasınız. Türkiyənin çox məşhur qəhrəmanı Seyid Hüseyn Battal paşa 60 mindən çox qoşunla və çoxlu sayda toplarla, xəzinə ilə, bütün lazım olan hərbi sursatla sizin köməyinizə və sizi xilas etmək üçün yola düşmüşdü. Siz bir-birinizə arxa duraraq müdafiə olunun, öz torpaqlarınızı qəhrəmanlıqla qoruyun, dinimizin düşmənlərini bacardıqca məhv edin, arvad və uşaqlarını əsir götürün..." Lakin buna baxmayaraq Battal paşanın komandanlıq etdiyi Osmanlı ordusu 1790-cı ilin oktyabrında Kuban torpağında məğlubiyyət qazandı. Bu hadisəni 1787-1791-ci illərin çarpışmasında Osmanlı imperiyasının məğlubiyyəti adlandırmaq olardı. Rusiya tərəfi ilə bağlanmış Yassı müqaviləsinə əsasən Osmanlı dövləti Güney Qafqazda fəal siyasət imkanından məhrum edildi. Rusiya öz çirkin geopolitika siyasətinə qovuşmaq üçün Qafqazı dərhal işğal etməyə xüsusi əhəmiyyət verirdi ki, bunun da özəyini zəngin təbii ehtiyatlar və xammal bazası olan Azərbaycanın ərazisi təşkil edirdi. Təkcə Rusiya deyil digər Avropa ölkələri də XVIII əsrin ikinci yarısından başlayaraq Azərbaycanla maraqlanır, özlərinə xammal bazası axtarırdılar. Beləliklə, "Şərq siyasəti" adlanan siyasi xətt belə meydana gəldi və avropalılar Şərqə üz tutdular. Öncə İranın ticarəti ilə maraqlanan İngiltərə və Fransa Güney Qafqazın siyasətinə də fəal surətdə qarışmağa girişdilər. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycandakı uğuru, Azərbaycan xanlarının Rusiyanın himayəsinə keçməsi İngilis lordları və Fransa hökumət nümayəndələrini qıcıqlandırırdı. Bu dövlətlər gah İranı, gah da Osmanlını Rusiyaya qarşı qaldırsalar da, öz aralarında baş verən çəkişmələr və anlaşılmazlıq buna hələlik imkan vermirdi. Buna səbəb İngiltərə sənaye çevrilişinin başa çatması və Fransada burjua inqilabının qələbə çalması oldu. Qonşu dövlətlər arasında siyasi və iqtisadi qarşıdurma getdikcə güclənirdi. Napoleon təkcə Avropa və yaxın Şərq uğrunda deyil, həmçinin Hindistan üstündə ingilislərlə qarşı-qarşıya durmuşdu. Bunun üçün o, mütləq İran ərazisindən keçib getmək niyyətini də gizlətmirdi. Hələ 1797-ci ildə İrana Fransadan Səfəvilər dövründə bağlanmış müqavilə əsasında iki nümayəndə gəldi. Lakin Ağa Məhəmməd Şahın ölümü nümayəndələrin görüş keçirmələrinə imkan vermədi. Baş vəzir Hacı İbrahim onları ölkə ərazisindən qovdu.
Mürsəl  İRƏVANLI



/hurriyyet.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar