Şəxsi məlumatlarınızı "Google Axtarış" sistemindən necə sildirə bilərsiz?

13-05-2022, 12:17   


Google google axtarish sistemi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bu yaxınlarda "Google" bəyan edib ki, istifadəçilər tələb edərsə, internetin axtarış nəticələrindən onlara aid məlumatları (ev ünvanı, e-poçt ünvanı, şəxsiyyət vəsiqəsinin və telefonun nömrəsi) silər.

Bu yeni imkandan necə yararlanmaq olar?

Sözügedən yeniliyi öz rəsmi bloqunda elan edən şirkət bildirir ki, əsas məqsəd istifadəçilərə "Google Axtarış" sistemində onlayn görünmək məsələsində "daha çox söz sahibi olmaq" imkanı yaratmaqdır. Artıq sistemə daxil olan zaman istifadə edilən məxfi məlumatları bu yenilik vasitəsilə axtarış nəticələrindən sildirmək mümkün olacaq.


Şəxsi məlumatları "Google Axtarış" sistemindən sildirmək üçün nə etmək lazımdır?

Şəxsi məlumatları "Google Axtarış" sistemindən sildirmək üçün öncə silinməsini istədiyiniz informasiyaları sorğu formasında qeyd etməlisiz. Orada ""Google Axtarış"da gördüyünüz məlumatı silmək" variantını seçməklə onların ""Google"-un axtarış nəticələrində və veb saytında" olduğunu bildirirsiz.

Bu mərhələdə "Google" sizdən müvafiq saytın administratoruyla danışıb-danışmadığınızı soruşur. Administratorla danışmaq istəyirsizsə, "Xeyr, bunu necə edə bilərəm?" variantını seçə və "Google"-un tövsiyələrini oxuya bilərsiz.

Əks halda "Xeyr, danışmaq istəmirəm" variantını seçərək şəxsiyyət vəsiqəsi nömrəsi, məxfi sənədlər, çılpaq və ya ədəbsiz elementlər, başqa saytlarda mənfəət məqsədilə istifadə olunmuş informasiya kimi şəxsi məlumatlarınızın silinməsini seçə bilərsiz.

Bu seçimləri "Google"-a yönləndirmək üçün hazırlanmş formada adınızı, yaşadığınız ölkəni, məlumatlarınızın dərc olunduğu səhifələrin və "Google Axtarış" nəticələrinə aid səhifələrin ünvanlarını, o cümlədən, məzmunun axtarışda tapılmasını təmin edən açar sözləri daxil etməlisiz.

Son olaraq sizinlə əlaqə məlumatlarının sizi təhdid və ya təqib etmək məqsədilə paylaşıldığını düşünürsüzsə, "Bəli" variantını seçib imzanızı yaratmalısınız.

Məlumatın axtarış nəticələrindən silinməsi onun internetdən silinməsi demək deyil

"Google" bildirir ki, məlumatların silinməsi tələbini onların səhifədə dərc edilmiş məzmunuyla eyni zamanda araşdıracaq. Şirkət qeyd edir ki, məqsəd istifadəçi üçün faydalı (ümumi) məlumatlara, məsələn, xəbərlərə girişin məhdudlaşdırılmasına yol verməməkdir.

Vurğulanır ki, məlumatın "Google Axtarış" sistemindən silinməsi onun internetdən silinməsi demək deyil:

"Məzmunu "Google Axtarış"dan silsək də, o, internetdə mövcud ola bilər. Yəni həmin məzmun yerləşdiyi səhifədə görünə və ya sosial media və digər axtarış sistemləri vasitəsilə tapıla bilər. Buna görə də saytın administratoruyla əlaqə saxlamaq və ondan məzmunu silməyi xahiş etmək faydalı ola bilər".

Daha əvvəl "Google" istifadəçilərin maliyyə təhlükəsizliyini riskə atan bank hesabı məlumatlarının, kredit kartı nömrələrinin və bu tip digər şəxsi məlumatların axtarış nəticələrindən silinməsi tələblərini qəbul edirdi.

Yaşı 18-dən az olan şəxslərə aid görüntülərin silinməsi tələbi

Bir qədər əvvəl şirkət başqa bir yenilik tətbiq etmişdi - güclü ictimai maraq və ya xəbər yüklü vəziyyətlər istisna olmaqla, artıq yaşı 18-dən az olan şəxslərə aid görüntülər onların valideynləri və ya qəyyumlarının tələbiylə "Google Axtarış" sistemindən silinə bilər.

Bu sorğu formasından 18 yaşı tamam olmamış şəxslərin görüntülərini axtarış nəticələrindən sildirmək üçün də istifadə etmək mümkündür. Bunun üçün yuxarıda sadalanan mərhələlərdən keçmək və silinəcək məzmunun "hazırda yaşı 18-dən az olan şəxsin görünrüləri" olduğunu qeyd etmək lazımdır.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.