Ərəstun Oruclu: "Belə çıxır ki, ya Kreml ekspertlərin dililə cəmiyyəti Ukraynaya qarşı təcavüzdən çəkinməyin qaçılmaz olacağına hazırlayır, ya da Putin artıq ölkəyə nəzarəti itirir"
"Rusiyalı hərbi ekspert Mixail Xodaryonok bildirib ki, Rusiya ordusunun Ukraynaya qarşı müharibə aparmaq üçün texniki imkanları çatmır, silahları köhnədir və texnoloji baxımdan geri qalır. Ukrayna ordusu isə NATO ölkələrinin ən müasir silahları ilə təhciz olunub". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu qeyd edib.
Siyasi şərhçi hesab edir ki, bu, faktiki Rusiyanın məğlub olacağının və ya artıq məğlub olduğunun anonsudur: "Son günlər bu tipli açıqlamalar verən rus ekspertlərin sayı durmadan artır. Amma ən maraqlısı isə budur ki, Xodaryonok həmin fikirləri dövlət televiziyası kanalında Kreml təbliğatçısı Skabeyevanın verilişində səsləndirib. Ölkədə media resurslarının küncə sıxıldığı bir vaxtda dövlət kanalında rəsmi siyasətin ana xəttinə diametral zidd olan belə fikirlərin səslənməsi xeyli suallar doğurur".
Ərəstun Oruclunun sözlərinə görə, belə çıxır ki, ya Kreml ekspertlərin dililə cəmiyyəti Ukraynaya qarşı təcavüzdən çəkinməyin qaçılmaz olacağına hazırlayır, ya da Putin artıq ölkəyə nəzarəti itirir: "Hakimiyyətə iddialı olan hərbçilər isə müharibənin davamında maraqlı olmadıqlarının mesajını verirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az