“Dünyanın əsas taxıl ixracatçılarından olan Rusiya və Ukrayna müharibə apardıqlarından dünyada taxıla ehtiyac artıb. Rusiya taxıl ixracatına nəzarəti və qiyməti artırıb. Ukrayna isə ümumiyyətlə taxılını dünya bazarlarına çıxara bilmir. Çünki Rusiya Ukraynanın dəniz limanlarına giriş və çıxışlara imkan vermir”.
Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.
Məqalədə qeyd edilib ki, bu günlərdə toplanan “Böyük Yeddilər”in (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin toplantısında ərzaq təhlükəsizliyi mövzusuna xüsusi diqqət yetirilib:
“Əslində bu mövzu iqtisadiyyat və kənd təssərrüfatına başçılıq edən nazirlərin səlahiyyətinə aid olsa da, ərzaq və taxıl qıtlığı qlobal təhlükəsizlik problemi yaratmağa başlayıb. Ona görə də bu mövzunu xarici işlər nazirləri də müzakirə edirlər.
“Böyük Yeddilər”in toplantısında çıxış edən Almaniya Xarici İşlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməsə, dünyada aclıq ehtimalı artacaq. “Rusiyanın əməlləri sayəsində taxıl qıtlığı yaranıb, dünyanın bütün ölkələrində qiymətlər artıb”, - deyən alman nazir sərt aclıq təhlükəsi yaranacağı barədə həmkarlarını xəbərdar edib.
Böyük dövlətlərin digər nazirləri də Rusiyanı süni sürətlə qıtlıq yaratmaqda ittiham ediblər. Onların sözlərinə görə, Ukraynaya qarşı içğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq.
Moskva bu ittihamları qəbul etmir. Əksinə, rusiyalı rəsmilər və diplomatlar ərzaq qıtlığı və böhrana görə Qərb ölkələrini ittiham edirlər. Onların məntiqinə görə, böhranın səbəbi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyalardır. Halbuki əsl səbəb Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Rusiya Ukraynaya hücum etməsəydi, “Böyük Yeddilər” Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər”.
Məqalədə vurğulanıb ki, dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistanın taxıl ixracını qadağan etməsi dünyada taxıla olan tələbatı daha da artırıb:
“Dehli bu qərarı daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri ilə əlaqələndirib. Əsl səbəb isə Hindistanda havaların isti keçməsidir. Hindistanda taxıl yetişdirilən ərazilərdə havaların kəskin istiləşməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı ciddi narahatlıq yaradıb. Halbuki Hindistanda bu il ötən illə müqayisədə 2.5% çox – 111.3 milyon ton taxıl yığılıb. Hazırda Hindistanın anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox – 28.3 milyon ton taxıl ehtiyatı var. Buna baxmayaraq, rəsmi Dehli taxıl ixracatını artırmağı düşünmür.
Hindistanın bu addımı bir çox ölkə tərəfindən tənqid olunub. Hindistan “Böyük İyirmilər”dən biridir. “Böyük Yeddilər”in toplantısında Hindistana müraciət edilərək, məsuliyyətli olmasının vacibliyi bildirilib. Əslində Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda Dehli müxtəlif ölkələrə taxıl ixracatını artıra biləcəyini açıqlamışdı. Ancaq havaların isti keçməsi Dehlinin qərarını dəyişməsinə səbəb oldu.
Azərbaycan bu vəziyyətdə həm taxıl istehsalını artırmaq, həm də anbarlarda un ehtiyatını artırmaq barədə düşünməlidir”.
Musavat.com