ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli böyük dövlətlər arasında münaqişə ehtimalının artdığını bildirib. “Amerika Rusiya və Çinlə toqquşa bilər” deyən amerikalı general Moskva və Pekinin oyun qaydalarını dəyişməyə çalışdığını vurğulayıb. Mark Milli Amerikanın qeyri-sabit dünya ilə üz-üzə qaldığı və beynəlxalq aləmin sabitliyin getdikcə pozulduğu qənaətindədir.
Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.
Analizdə qeyd edilib ki, Mark Millinin böyük dövlətlərin toqquşma ehtimalının yüksək olduğunu bildirməsi ilk dəfə deyil:
“O, aprel ayında verdiyi açıqlamada ölkəsinin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilənin qarşısını almaqda aciz qaldığını etiraf etmişdi. Amerikalı general ölkəsinin prosesə müdaxiləsi halında Rusiya ilə toqquşacağını söyləmişdi. Mark Milli Ukraynadakı müharibənin illərlə davam edəcəyi ehtimalını da irəli sürüb. Bu isə o deməkdir ki, ABŞ-la Rusiyanın toqquşması ehtimalı getdikcə artacaq.
Mark Milli proqnozlarında haqlıdır. Mövcud vəziyyət Birinci Dünya müharibəsindən öncəki durumu xatırladır. O zaman da böyük dövlətlər arasındakı münasibətlərdə gərginlik var idi, kiçik qığılcım böyük müharibənin başlamasına rəvac verdi və milyonlarla insan həlak oldu. Amerikanın Rusiya və Çinlə münasibətləri getdikcə gərginləşirsə, Birinci Dünya müharibəsi öncəki dövrdə olduğu kimi kiçik qığılcım yenidən böyük dövlətlərin toqquşmasına gətirib çıxara bilər. Hazırda “kiçik qığılcım” Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə sayıla bilər. Digər “kiçik qığılcım” isə Çinin Tayvan adasını nəzarətə götürmək istəyi ola bilər.
Rusiya və Çin isə özləri üçün təhlükəni təklənmələrində görürlər. NATO Rusiyaya qonşu olan dövlətlərin hesabına genişlənir, Çinin qonşuları isə Amerika ilə siyasi və hərbi ittifaqı gücləndirirlər. ABŞ Prezidenti Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfərinin əsas məqsədi məhz Çinə qarşı siyasi və hərbi bloku gücləndirməkdir”.