Türkiyə Ermənistandan necə görünür?

27-05-2022, 10:29   




Ermənistan, Türkyə, hava limanı, aeroport, səyahət, münaqişə, siyasət,

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi çərçivəsində Yerevan və İstanbul arasında birbaşa uçuşlar bərpa edilib

"Hörmətli sərnişinlər, İstanbul-Yerevan reysinə xoş gəlmisiz!"

Biz Türkiyə və Ermənistan arasında bu yaxınlarda bərpa edilmiş aviareyslərdən birindəyik.

Yerlər doludur, amma türkiyəli sərnişinlər yalnız bizik.


Təyyarə havaya qalxır və iki saat keçməmiş Yerevana enir. Sanki xaricə yox, ölkənin o biri tərəfinə uçmuşuq.

24 Aprel anım mərasiminə gələnlər Türkiyə haqqında

Ertəsi gün səhər otelimizin pəncərəsindən əzəmətli Ağrı dağını görürük.

Bu gün 24 apreldir.

Şəhərdə anım tədbiri keçirilir.

Ermənilər hər il bu tarixdə 1915-ci il hadisələrində həlak olanların xatirəsini yad edirlər.

Şəhərin hündür bir yerində sönməz alovlu Tsitsernakaberd (Qaranquş yuvası) Soyqırımı Memorialı yerləşir.

Abidəyə doğru insan seli axır.

Ziyarətçilər bura gəlmək üçün kilometrlərlə yol qət edirlər, əllərindəki gülləri məqbərəyə qoyub yenidən izdihamla təpədən enərək şəhərə qayıdırlar.

Məqbərənin ətrafındakı ziyarətçilərdən Ankarayla Yerevan arasındakı son normallaşma prosesi haqqında soruşuruq.

Bəziləri türkcə bildiklərini deyir.

Bildirirlər ki, bu dili 1915-ci ildən əvvəl Anadoluda yaşamış ailə üzvlərindən öyrəniblər.

Söhbət etdiyimiz insanların hamısı Türkiyənin 1915-ci il hadisələrini soyqırımı kimi tanımasını istəyir.

Bəziləri bunu normallaşmanın ilkin şərti hesab edir, bəziləri isə düşünür ki, münasibətlər ilkin şərt olmadan da bir nöqtədən bərpa olunmalıdır.

Ermənistan, Türkiyə, səyahət, siyasət
Şəklin alt yazısı,

Setrak Acemyan iki ölkə arasındakı münasibətlərin normallaşmasını dəstəkləyir, “Türk və erməni xalqları gələcəkdə bir yerdə olsun” deyir

Setrak Acemyan normallaşmanı alqışladığını, indi başqa bir dövrdə yaşadığımızı və bütün problemlərin ünsiyyət vasitəsilə müzakirə edilməli olduğunu deyir.

Sonra gülərək əlavə edir ki, "Gələcəkdə türk və erməni xalqları bir yerdə olsun. Xoş gəlmisiz! Millətimizə xoş gəlmisiz!"

Azərbaycanın maraqları

Livanda yaşadığını, mütəmadi olaraq Ermənistana gəldiyini, Hınçak Partiyasının lideri olduğunu deyən Aleks Köşkeryan bizimlə türkcə danışır. 

Nəslinin Adana Gavurdağ və Hatay Dörtyoldan olduğunu deyən Köşkeryan münasibətlərin  normallaşmanı zəruri hesab edir. O qeyd edir ki, xalqlar arasında barışa ehtiyac var, bu proses  ədalət çərçivəsində reallaşmalıdır və 1915-ci il məsələsi də məhz bu baxımdan vacibdir.

Nunel Pardesenyansa normallaşmanın əleyhinə olanlardandır. O, təkcə 1915-ci il hadisələrini yox, Azərbaycanla müharibəni də xatırladır:

“Bəlkə bir gün iki ölkə arasında münasibətlər normallaşacaq, amma əslən Artsaxdan  (ermənilərin Artsax adlandırdığı əraziyə azərbaycanlılar Dağlıq Qarabağ deyir) olan bir erməni kimi mən əcdadlarımı və məni öldürməyə cəhd edən bir xalqla düzgün münasibət qura bilmərəm. Hökumət qəbul etsə belə, ürəyim buna qarşı çıxacaq”.

Susanna Stepanyan normallaşma tərəfdarıdır, amma Türkiyə rəsmilərinin Azərbaycanla bağlı ilkin şərtlər irəli sürdüyünü və bunun prosesə mane olduğunu qeyd edir.

Ermənistan, Azərbaycan, Türkiyə, Qarabağ müharibəsi, səyahət, münaqişə
Şəklin alt yazısı,

Nunel Pardesenyan Türkiyəylə yaxınlaşmanın əleyhinə olduğunu deyir. Səbəb olaraq 1915-ci il hadisələrini və İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməsini göstərir.

Küçələrdə etiraz aksiyaları, “Türkün olmadığı Ermənistan” şüarı

Aradan il yarımdan çox vaxt keçməsinə baxmayaraq, 2020-ci ildəki İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana hələ də güclü şəkildə təsir etməkdədir.

Hər tərəfə bayraqlar asılıb, divarlara ölən əsgərlərin şəkilləri vurulub. Müxtəlif yerlərdə Qarabağ müharibəsində həlak olmuş əsgərlərin qəbirləri var.

Bu günlərdə küçələr çox hərəkətlidir.

Ermənistan, etiraz, aksiya

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Bir neçə həftədir ki, Ermənistanda etiraz aksiyaları keçirilir

Müxalifətçilər Baş nazir Nikol Paşinyanın 44 günlük müharibəyə son qoyan danışıqlar prosesində böyük güzəştlərə getdiyini deyirlər və onun istefasını tələb edirlər.

Müharibə dövründə Azərbaycana verdiyi dəstəyə görə Türkiyəyə qarşı da narazılıq var.

“Bayraktar” sözünü burada çox adam bilir.

Yerevan küçələrində keçirilən nümayişlərdə bəzən irqçiliyə qədər gedib çıxan millətçi şüarlar, millətçi marşlar da səsləndirilir.

Şüarların birində “türk” sözü olduğunu eşidib erməni həmkarımızdan aksiyaçıların nə dediklərini soruşuruq. O, şüarda “Türkün olmadığı Ermənistan” deyildiyini və Paşinyana ünvanlandığını bildirir.

İstər ölkədə, istərsə də diasporda Paşinyana “türk” deyən qruplar var. Hətta onu başında fəslə təsvir edən plakatlar da var.

Nümayişlərin liderlərlərindən olan deputat Artur Vanetsyanla “Azadlıq” meydanında görüşürük.

Vanetsyan Türkiyəylə normal münasibətlərin əleyhinə olmadıqlarını deyir, amma qeyd edir ki,  bu ölkə ilkin şərtlər irəli sürür və Paşinyan Ermənistanın narahatlıqlarını və tələblərini ona çatdırmır. Vanetsayan bildirir ki, proses birtərəfli olmamalıdır.

Gümrü Qarsa necə baxır?

İndiki Ermənistan dövləti 1991-ci ildə - SSRİ dağılanda yaranıb, Türkiyə bu ölkəni ilk tanıyan dövlətlərdən olub.

Birinci Qarabağ müharibəsindən sonra - 1993-cü ildə Ankara Ermənistanla sərhədləri bağlayıb, birbaşa ticarəti dayandırıb.

2008-ci ildə İsveçrənin vasitəçilik etdiyi normallaşma səylərində xeyli irəliləyiş əldə edilsə də, proses nəticəsiz qalıb.

Budəfəki prosesdə biri avtomobil yolu, digəri dəmir yolu olmaqla, iki sərhəd qapısının açılıb-açılmayacağı maraq doğurur.

Sərhəddə yerləşən, Yerevandan sonra Ermənistanın ən önəmli şəhəri olan Gümrüyə gedirik. 1920-ci ildə Türkiyə-Ermənistan müharibəsinə son qoymuş Gümrü müqaviləsi burada imzalanıb.

Şəhər Qarsın Akyaka rayonunun tam qarşısında yerləşir.

Gümrüylə Türkiyə arasında hazırda bağlı olan Akyaka Dəmiryolu Sərhəd Qapısı var.

Sərhədlər açılsa, bu yeniliyin ilk təsir etdiyi yerlərdən biri Gümrü olacaq.

Ermənistan, Türkiyə, turizm
Şəklin alt yazısı,

Gümrüdəki turizm bələdçisi Hovhannes Franqulyan: “Məncə, insanlardan soruşsanız, çoxu  “Biz sərhədlərin açılmasına qarşıyıq” deyər, amma sərhəd açılanda heç kim etiraz etməz və hamı yeni həyata və yeni reallıqlara uyğunlaşar”

Tarixi daş binalarıyla seçilən bu şəhərdə fikrini öyrənmək istədiyimiz insanların çoxu bizimlə danışmaq istəmədi.

Danışanlarsa fərqli şeylər dedilər.

Bəziləri bu fikirdədirlər ki, problemlər nə olur-olsun, sərhədlər açılmalı, iki qonşu ölkə arasında iqtisadi əlaqələr olmalıdır.

Digərləri isə sərhədlərin açılmasına xüsusi maraq göstərmir.

“Məncə, insanlardan soruşsanız, çoxu  “Biz sərhədlərin açılmasına qarşıyıq” deyər, amma sərhəd açılanda heç kim etiraz etməz və hamı yeni həyata və yeni reallıqlara uyğunlaşar”, - normallaşma tərəfdarı olan turizm bələdçisi Hovhannes Franqulyan belə deyir.

Ermənistan, Türkiyə, səyahət, iqtisadiyyat, sərhəd, münaqişə
Şəklin alt yazısı,

Arpine Kirakosyan: "Düşünürəm ki, sərhədin açılması adi vətəndaşlara təsir etməyəcək. Bu, bəzi iş adamları üçün yaxşı ola bilər, amma, məsələn, mənə təsir etməyəcək".

Məişət əşyaları mağazasında söhbətləşdiyimiz Arpine Kirakosyan babasının Muşdan olduğunu deyir, bildirir ki, Türkiyə 1915-ci il hadisələrini soyqırımı kimi tanımasa, normallaşmanı  müdafiə etməyəcək.

Sərhədlərin açılması məsələsinə gəlincə, Kirakosyan deyir ki, bu, "adi vətəndaşlara təsir etməyəcək. Ola bilsin ki, bəzi iş adamları üçün yaxşı olsun, amma məsələn, mənə təsir etməyəcək".

"Mənim fikrim budur ki, sərhədlərin açılması iqtisadiyyatımıza ziyan vuracaq. Biz bu gün böyük iqtisadiyyatı olan bir ölkəylə sərhədlərimizi açmağa hazır deyilik", - hədiyyələr mağazasının sahibi Hraç Xaçatryan belə deyir.

Yerevanda söhbətləşdiyimiz tədqiqatçı Georgi Mirzəbekyanın sözlərinə görə, Ermənistan bazarının Türkiyə şirkətləriylə rəqabət apara bilməyəcəyi və normallaşmadan əziyyət çəkəcəyilə bağlı narahatlıqlar işgüzar dairələrdə də geniş yayılıb.

Ermənistan, Yerevan, Türkiyə, siyasət

ŞƏKLİN MƏNBƏYİ,EGE TATLICI

Şəklin alt yazısı,

Yerevandakı ticarət mərkəzlərində Türkiyə brendlərinə də rast gəlmək olur

Yerevandakı ticarət mərkəzlərində Türkiyə brendləri

Türkiyəylə Ermənistan arasında birbaşa ticarət əlaqəsi olmasa da, Yerevanda Türkiyə brendlərinə rast gəlmək olur.

Bir ticarət mərkəzində və şəhərin mərkəzi küçələrində LCW, “Damat”, “Ramsey”, “Penti”, “Colins”, “Mavi Jeans” kimi brendlər var.

Şüşə məmulatlar mağazasında “Paşabahçe”, məişət əşyaları mağazasında isə “Beko” məhsulları satıldığını görürük.

Müşahidələrimizə görə, bu brendlərin məhsullarına maraq da az deyil.

Ermənistan, Türkiyə, “Respublika” meydanı, Yerevan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Yerevanın mərkəzində “Respublika” meydanı var

Ermənistan hökuməti proses haqqında nə düşünür?

Göründüyü kimi, normallaşmayla bağlı Ermənistanda müxtəlif fikirlər, çətin mövzular və həssas balanslar mövcuddur.

Bəs Ermənistan hökuməti proses haqqında nə düşünür?

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan suallarımıza yazılı  cavablarında vurğulayır ki, erməni tərəfi həmişə ilkin şərtlərsiz normallaşmanın tərəfdarı olub:

"Bu yanaşma Ermənistan hökumətinin 2021-2026 proqramında da öz əksini tapıb. Ümid edirik ki, iki ölkə arasındakı bu proses 1990-cı illərdə Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhədin açılması və Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasıyla nəticələnəcək”.

Ermənistan, Türkiyə, siyasət

ŞƏKLİN MƏNBƏYİ,MFA.AM

Şəklin alt yazısı,

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan BBC Türkcənin suallarını cavablandırıb

Bəs prosesin müsbət istiqamətdə irəlilədiyini demək olarmı?

Bu suala cavabında əvvəlcə tərəflərin normallaşma istiqamətindəki müsbət bəyanatlarını, nümayəndələrin təyin edilməsini və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mart ayında Antalya Diplomatiya Forumunda iştirakını xatırladan Hunanyan sonra bunları əlavə edir:

"Amma təəssüf ki, indiyədək konkret irəliləyiş olduğunu deyə bilmərik. Prosesin müsbət istiqamətdə irəliləyib-irəliləməyəcəyini Türkiyənin iradəsi müəyyən edəcək. Çünki Ermənistan elə indi, heç bir gecikmə və ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır".

Normallaşmada ən böyük çətinliklərlə bağlı sualımıza cavabında isə Hunanyan  prosesi sürətləndirməyə çağırır:

"İki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş istənilən prosesdə çətinliklər olur. Bununla belə, biz inanırıq ki, istəyəndə mütləq bir yol tapmaq olur. Ermənistan dəfələrlə öz iradəsini nümayiş etdirib və biz eyni şeyi Türkiyədən gözləyirik”.

"Dünyada durmadan dəyişən vəziyyət fonunda konkret addımlar ataraq sürətlə irəliləmək lazımdır. Məsələn, biz ilkin mərhələdə diplomatik pasportu olanlara quru sərhədinin açılmasını təklif etdik, amma Türkiyə tərəfi tərəddüd edir. Növbəti addım sərhəd bölgəsində yaşayanlar üçün quru sərhədin açılması ola bilərdi. Bundan sonra da digər kiçik, amma  möhkəm və konkret addımlar atıla bilərdi.Ümid edirik ki, bu istiqamətdə tezliklə nəticə əldə edəcəyik”.

Normallaşma prosesi uğurlu ola bilərmi?

Müxtəlif konfranslarda iştirak etmək üçün dəfələrlə Türkiyədə olmuş politoloq Styopa Səfəryan 2009-cu ildəki prosesin uğursuzluğuna istinadən indiki yaxınlaşma səylərinə münasibətini “ehtiyatlı optimizm” adlandırır.

O hesab edir ki, Türkiyə və Ermənistan arasındakı bir çox məsələ həll oluna bilər. Politoloq deyir ki, Ermənistan tərəfinin ən böyük gözləntisi Türkiyənin Azərbaycan gündəmini bu prosesdən ayrı dəyərləndirməsidir.

Azərbaycan müharibədən sonra belə bir normallaşmanın çətin olacağını, amma Washington, Moskva və Brüsselin prosesi dəstəklədiyini və bunun faydalı olduğunu bildirir.

Ermənistan, Türkiyə, Ağrı dağı, Yerevan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Hava aydın olanda Ağrı dağı Yerevandan bütün əzəmətiylə görünür

Yerevan nə qədər uzaq, nə qədər yaxındır?

Geri dönürük və təyyarəmiz yenə doludur. Və yenə də türkiyəli sərnişinlər ancaq bizik.

Bu dəfə səhər reysindəyik. Ağrı dağı düz qarşımışdadır.

Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra Araz çayı üzərindən Türkiyəyə keçirik.

Yəni, Ermənistanın paytaxtı Türkiyəyə bu qədər yaxındır.

Ancaq coğrafi baxımdan nə qədər yaxındırsa, siyasi baxımdan bir o qədər uzaqdır.

İndiki normallaşma prosesi siyasi səhnədəki məsafəni qısaldacaqmı?

Bunu proqnozlaşdırmaq çətindir.

Bilinən odur ki, proses heç də asan olmayacaq.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.