Azərbaycanda imzasını pula satan 10 yazıçı kimdir? - “Arvadını “arendaya” vermək…” - Seyran Səxavət

1-06-2022, 12:35   


Azərbaycanda imzasını pula satan 10 yazıçı kimdir? - “Arvadını “arendaya” vermək…” - Seyran Səxavət 


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış şair, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu öz "Facebook" hesabında imzası ilə bağlı məlumat paylaşmaqla gündəmə gəlib.

Şair bildirib ki, sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun imzasıyla çap olunan "Ənvər Paşa" romanını o yazıb. Onun bu açıqlaması rezonans yaradıb. İnsanlar onu imzasını pula satmaqda ittiham ediblər. Əslində bəzi qələm əhlinin imzasını pul, maşın, ev. bahalı hədiyyə qarşılığında "satmasını" hər birimiz eşitmişik. Lakin bu barədə özlərindən etirafların gəlməsi məsələni yenidən gündəmə gətirir.

Maraqlıdır, qələm sahəsində daha kimlər imzasını "hədiyyə" edib və ya böyük məbləğ qarşılığına "satıb"?

Bununla bağlı Cebhe.info-ya yazıçı Seyran Səxavət danışıb. O, mövzunun onun "yaralı yeri" olduğunu deyib: 

"Bizim vaxtımızda nəinki belə şeylər olub, heç eşitməmişik də. İndi Azərbaycanda təxminən 10 nəfərin bu cür davranması haqda məlumatım var, yəni imzasını pula satıb. Xüsusən xanımların əvəzinə kitablar yazırlar. Mən həmişə SOS siqnalı verirəm ki, belə bir şey yaranıb, bunun qarşısını almaq lazımdır. Söz namus-qeyrət məsələsidir. Kim başqasının əvəzinə nəsə yazırsa, namus işidir". 

Yazıçı bildirib ki, başqasının əvəzinə əsər yazmaq elə bil ki, öz arvadını "arendaya" vermək kimi bir şeydir: 

"Azərbaycanda plagiat baş alıb gedir. Kim kimin əvəzinə istəyir yazır-pozur. Bu faktların meydana gəlməsi də buna görə təbiidir. Bu hal böyük biabırçılıqdır. Eşitmişəm ki, belə hallar olur. Amma mən qulağıma inanmıram, gözlərimə inanıram. Çünki kənardan böhtan deyənlər, yalan danışanlar da çoxdur". 

Seyran Səxavət konkret ad çəkməsə də, imzasını pula satanların sayı kifayət qədər olduğunu deyib: 

"Dediyim kimi, baş alıb gedir. Bildirim ki, elə insanların içərisində istedadlı, tanınmış adamlar da var. Bu sözə, ədəbiyyata, özünə qarşı ən böyük ədalətsizlik, Allahsızlıqdır. Belə şeyləri etmək olmaz. Kim nə qədər alıb, kitab yazır bilmirəm. Əsas odur ki, belə hadisələr baş verir".

Şəlalə Babayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.