Rusiya Qafqazda yeni savaş planlaşdırır: “Qırmızı cizgiləri” aşan Kremlə xaos daha sərfəlidir

9-06-2022, 20:34   


Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda gündəmə gətirdiyi “delimitasiya anlayışı” əsl diplomatik və geopolitik skandaldır... Bu, yalnız beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, Cənubi Qafqazda yeni müharibə üçün qondarma səbəblər yaratmaq cəhdidir...

Rusiyanın Cənubi Qafqaz siyasəti yenidən dəyişməyə başlayıb. Kreml növbəti dəfə regional gərginlik istiqamətində addımlar atmağa cəhd göstərir. Cənubi Qafqazda yeni geopolitik şərtlərin ön plana çıxması Rusiyanın regional maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və Kremlin yaxın gələcəkdə regiondan sıxışdırılıb, çıxarılmasına yönəlik proses artıq geriyədönməz xarakter alıb.

Xüsusilə də, Brüssel prosesi Kremldə ciddi tərəddüdlər yaradıb. Çünki, Rusiya Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesindən kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib. Hər halda, Kreml artıq bu prosesdə şəriksiz vasitəçi rolunu oynamaq şansını itirib. Və böyük ehtimalla yaxın gələcəkdə sülh prosesi müəyyən nəticələr verməyə başladıqda, Cənubi Qafqaz Rusiya üçün itirilmiş regiona çevriləcək.

Təbii ki, Rusiya hadisələrin belə inkişaf perspektivlərinə müqavimət göstərməyə çalışır. Azərbaycan və Ermənistanın münasibətlərinin norçallaşması ilə bağlı cəhdləri mümkün qədər bloklamağa can atır. Ermənistanda Kremlə bağlı raşistlərin hərəkətə gətirilərək, Paşinyan hakimiyyətinin dövlət çevrilişi təhlükəsi ilə daim təzyiq altında saxlanması da məhz Rusiyanın yeni regional ssenarilərinin tərkib hissəsidir.

3d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (279 KB)

Belə anlaşılır ki, Rusiya Cənubi Qafqazda öz mövqelərini qoruyub saxlamaq üçün növbəti dəfə regional savaş və xaos planlarını işə salmağa cəhd göstərir. Ona görə də, Rusiya siyasi dairələrindən verilən son açıqlamalar olduqca ziddiyyətli məzmun daşıyır. Və bəzi hallarda açıq mətnlə, bəzi hallardasa, üstüörtülü şəkildə Azərbaycanın maraqları hədəfə alınır.

Halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfərindən sonra Kremlin Azərbaycana və Cənubi Qafqaz regionuna münasibətdə daha konstruktiv və ya realist mövqeyə üstünlük verəcəyi gözlənilirdi. Çünki, Azərbaycan Rusiyanın da normal münasibətlərini qorumağa çalışdığı NATO ölkəsi olan Türkiyənin strateji müttəfiqidir. Rəsmi Ankara hazırda Azərbaycana qarşı atılmış istənilən yolverilməz addımı Türkiyənin əleyhinə yönəlmiş kimi qəbul etdiyini qətiyyən gizlətmir.

Şübhəsiz ki, Kremldə Türkiyənin Azərbaycanla bağlı bütün mövzulara həssa olduğunu bilirlər. Hər halda, rəsmi Ankara Azərbaycanın Türkiyə üçün “qırmızı cizgi” olduğunu dəfələrlə sübuta yetirib. Üstəlik, Türkiyə hazırda Cənubi Qafqazda əsas geopolitik oyunçular sırasında yerini möhkəmləndirib. Və Kreml bu önəmli faktoru diqqətdən kənarda qoya bilməz.

Ona görə də, Rusiya xarici işlər naziri S.Lavrovun Ankarada Türkiyə diplomatiyasının lideri Mövlud Çavuşoğlu ilə qapalı görüşdən sonra “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsi, qətiyyən gözlənilməz deyildi. Belə təsəvvür yarandı ki, Rusiya Cənubi Qafqaz siyasətini Türkiyə ilə uzlaşdırmaq qərarına gəlib. Və bundan sonra Kreml regionda Türkiyə-Azərbaycan İttifaqını narazı sala biləcək addımlardan yayınmağa çalışacaq.

39619785_271_0_1124_853_1920x0_80_0_0_95e7e8f6151d4da1f61c6678833d91f1.jpg (181 KB)

Ancaq belə anlaşılır ki, bu təsəvvürlər o qədər də reallığa uyğun deyil. Çünki, Türkiyədən birbaşa Ermənsitana səfər edən Rusiya xarici işlər naziri S.Lavrov İrəvanda tamamilə fərqli açıqlama ilə diqqəti çəkib. O, erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonrakı mətbuat konfransında Azərbaycanın əleyhinə fikirlər səsləndirib.

Diplomata yaraşmayan mövqedən çıxış edən S.Lavrov bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin prioritetlərindən biridir: “Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası baxımından orada müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”.

Rusiya xarici işlər nazirinin bu açıqlaması əsl geopolitik skandaldır. Çünki, Kreml rəsmisinin bu açıqlaması bütün “qırmızı cizgilər”in aşılması anlamına gəlir. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunublar. Üstəlik, Rusiya sülhməramlı qüvvələrinin statusu hələlik ratifikasiya edilməyib. Və əslində, beynəlxalq hüquq normaları baxımından, bölgədə qeyri-qanuni olaraq, yerləşdiriliblər.

Ona görə də, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlı qüvvələrinin hansısa prioritetləri ola bilməz. Əgər, üçtərəfli anlaşmalar üzrə öhdəliklər nəzərdə tutulursa, onda Kreml Rusiya sülhməramlı qüvvələrinin həmin sənədin tələblərini kobud şəkildə pozmaqda davam etdiklərini etiraf etməlidir. Və keçmişə dayalı ciddi araşdırma aparmadan belə, bunu sübut etmək qətiyyən çətin deyil.

fdc52c86d90390737395d6884c1746a1.jpg (99 KB)

Məsələ ondadır ki, son bir neçə gün ərzində Ermənistanın baş prokuroru Artur Davtyan və xüsusi vacib məsələlər üzrə səfiri Edmond Manukyan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər ediblər. Üçtərəfli anlaşmalara görə, Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılar isə rəsmi Bakının razılığı olmadan bu iki erməni rəsmi şəxsin bölgəyə girişinə imkan verib. Və bu, rus sülhməramlıların bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olduqlarını növbəti dəfə təsdiqləyir.

Digər tərəfdən, Rusiya xarici işlər nazirinin delimitasiya və demarkasiya prosesi ilə bağlı anlayışı da yanlışdır. Çünki, bu proses yalnız Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, bölgədə yeni savaşın əsasını qoymaq, bunun üçün süni səbəblər yaratmaq cəhdidir.

Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir. Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun. Və ardıncasa, Azərbaycan və Ermənistan arasında yeni savaşın baş verməsi mümkün olsun.

Belə anlaşılır ki, Rusiyanın vasitəçiliyi yalnız prosesin pozulmasına indeksləşib. Kreml Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrünün başlanmasında maraqlı deyil. Bəzi əlamətlərə əsasən, Rusiyanın hətta Cənubi Qafqazda yeni müharibə ssenariləri üzərində işlədiyini də düşünmək olar. Və xaosun hökm sürəcəyi Cənubi Qafqaz indi Kreml üçün daha sərfəlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar