I Pyotr qurmuşdu, I Putin dağıdır: Rusiya "dərin quyu"dan çıxa bilmir, iflasın əlamətlərisə...

12-06-2022, 20:18   


Henri Kissincer Kremlin strateji məğlubiyyətini elan etdi, Frensis Fukuyama isə Çinin Rusiyanı əsarət altına salacağına əmindir... Prezident Vladimir Putinin düşünülməmiş hərbi-siyasi riskləri Rusiyanı böyük fəlakət ssenarisi qarşısında aciz duruma salıb...

Ukrayna savaşı ətrafında yaranmış vəziyyət davamlı olaraq, dəyişir. Rusiya və Ukrayna arasında sülh danışıqlarına olan ümidlər artıq demək olar, öz əhəmiyyətini itirmək üzrədir. Və bu istiqamətdə yaxın vaxtlarda hər hansı irəliləyişin ola biləcəyi qətiyyən inandırıcı görünmür.

ABŞ və Qərb Rusiyanın gələcək taleyini məhz Ukrayna savaş poliqonunda, eləcə də, maliyyə-iqtisadi sanksiyaların təsirləri ilə həll etməkdə israrlı davranır. Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyi də məhz ABŞ və Qərbin bu hədəflərini dəstəkləyir. Onun fikrincə, indiki mərhələdə Rusiya ilə hər hansı danışıqlar mənasız vaxt itkisindən başqa heç bir şey vəd etmir.

Ukrayna prezidentinin Rusiya ilə sülh danışıqları prosesinə daha əhəmiyyətli alternativ variantı da var. Prezident Volodimir Zelenski əmindir ki, indi əsas hədəf Rusiyaya öz yerini göstərmək olmalıdır: "Dünya ictimaiyyəti birləşməlidir və Rusiyaya öz yerini dəqiq şəkildə göstərməlidir. Rusiyanın yeri birmənalı şəkildə öz sərhədlərinin daxilindən ibarətdir. Onlar yalnız Rusiya sərhədləri içərisində qalmalı, yaşamalı və nə etməli olduqları barədə qərar verməlidirlər".

36fce5e1dee51ee272651fb2202a029f.jpg (111 KB)

Ancaq Rusiya prezidenti Vladimir Putin hələlik Ukraynanın dövlət başçısı olan adaşı ilə eyni fikirdə deyil. Kreml sahibi son vaxtlar tarixə xüsusi olaraq, düşkünlüyünü nümayiş etdirir. O, əmindir ki, Rusiya İmperiyasının qurucusu I Pyotr vaxtilə İsveç ilə müharibə sayəsində ölkəsinin qanuni ərazilərini qaytarmışdı. İndi prezident V.Putin hesab edir ki, keçmiş SSRİ-nin süqutu nəticəsində itirilmiş ərazilərin geri qaytarılması da məhz onun tarixi missiyasıdır. Yəni, Kreml sahibi bir tərəfdən özünü I Pyotr ilə müqayisə edir, digər tərəfdən isə postsovet ölkələrini və Şərqi Avropanı işğalla təhdid edir.

Təbii ki, Rusiyada imperiya ambisiyaları son vaxtlar daha da artmağa başlayıb. Ancaq nə qədər qəribə də olsa, bu, Rusiyanın gücü və resursları ilə qətiyyən uyğun deyil. Ona görə də, hesab etmək olar ki, Rusiya öz gücsüzlüyünü hiss etdikcə, daha da aqressivkəşir, hər kəsi təhdid edir, qorxutmağa çalışır. Və bu, Rusiyanın vəziyyətini yüngülləşdirmək əvəzinə daha da ağırlaşdırır.

Belə anlaşılır ki, Kremldə Rusiyanın düşdüyü indiki durumun nə qədər ağır və təhlükəli olduğunu ya hələ tam anlamırlar, ya da bunu qəbul etmək istəmirlər. Nəticədə bütün dünyaya qarşı təhdid yağdırmaqda davam edirlər. Və qarşılığında da bütün dünyanın birləşib, Rusiyaya öz yerini - sərhədlərinin içərisini göstərnəsinə məcburiyyət yaradırlar.

Halbuki Rusiya hazırda bütün dünya dövlətləri ilə münasibətləri normallaşdırmağa, Ukrayna savaşına başlamaqla, buraxılmış dəhşətli səhvi düzəltməyə çalışmalıdır. Hər halda, Rusiyanın hərbi qüdrəti ilə bağlı onilliklər boyu şişirdilmiş miflərin artıq dağıldığı hər kəs üçün inkaredilməz reallıqdır. Hətta bir müddət öncə Rusiyanın güclü olduğunu nəzərə alıb, ABŞ və Qərbi güzəştlərə çağıran məşhur məşhur ekspert Henri Kissincer belə, öz səhvini düzəldib, bir müddət öncə dediklərindən imtina edib.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Google-un keçmiş rəhbəri Erik Şmidtə müsahibəsində Kissincer bildirib ki, Rusiya artıq strateji baxımdan ağır məğlubiyyətə uğrayıb: "Rusiyanın başlatdığı müharibə Avropada qüvvələr balansının keyfiyyət dəyişikliyinə məruz qaldığını göstərdi. Gözlənildiyinin əksinə olaraq, Rusiya adi silahlı qüvvələri ilə daha zəif Ukraynanı məğlub edə bilmədi. Regionda qüvvələr nisbəti kardinal şəkildə dəyişdi. Ukrayna ordusu bu balansın önəmli faktorudur. Onun imkanlarına Polşanın, Almaniyanın hərbi imkanlarını da əlavə edəndə mənzərə tamam dəyişir. İndi Avropada Rusiyanın hər an hücum edə biləcəyi ilə bağlı xof yoxdur. Rusiya artıq əvvəlki kimi güc deyil".

H.Kissincerin açıqlamasında yer alan digər maraqlı məqam Rusiya-Çin münasibətləri ilə bağlıdır. Onun fikrincə,  Rusiyanın sürətli qələbəsinə ümid bəsləyən Çinin hesablamaları yanlış çıxdı. İndi isə rəsmi Pekinin Rusiyaya verdiyi dəstək Çinin əleyhinə çevrilməyə başlayıb. Ona görə də, müxtəlif istiqamətli zərbələr və ziyanla üzləşməkdə olan Çinin Rusiya ilə uzunmüddətli strateji tərəfdaşlığı qətiyyən inandırıcı deyil.

Məşhur politoloq və filosof Frensis Fukuyama da hesab edir ki, prezident Vladimir Putin tam hərbi və siyasi iflas ilə qarşı-qarşıya qalıb: "Ukrayna savaşı həm dünya düzənini dəyişdirəcək, həm də Rusiya lider üçün fəlakətlə nəticələnəcək. Ukrayna savaşı Rusiyaya olduqca baha başa gələcək".

F.Fukuyama əmindir ki, tezliklə yeni dünya düzəni formalaşmağa başlayacaq: "Bütün bunlar demokratik Qərbin avtoritar sistemlərə, ilk növbədə isə Rusiya və Çinə qarşı uzunmüddətli mübarizəsinin nəticəsidir. Ukrayna savaşı bu mübarizə prosesinin kuliminasiya nöqtəsidir. Rusiya məğlubiyyətə yaxınlaşır, növbəti mərhələdə Donbasdan da sıxışdırılıb, çıxarılacaq".

188883e8-f122-4fb2-81a9-91b8411fede4.jpg (110 KB)

Maraqlıdır ki, F.Fukuyama gələcəyə yönəlik bəzi proqnozlar da verib. Onun fikrincə, prezident Vladimir Putinin buraxdığı dəhşətli səhv ABŞ-a dünya liderliyini bərpa etmək şansı qazandırıb, NATO-nun isə Şərqə doğru genişlənmə yolunu açıb: "Rusiyanın özünü saldığı "dərin quyu"dan çıxması hazırda demək olar ki, mümkün görünmür. Bu ölkə Şimali Koreya kimi, dünyadan təcrid olunacaq, səfalətlə üzləşəcək".

Məşhur politoloqun fikrincə, bundan sonra zəifləmiş Rusiya Çinin təzyiqləri ilə də üzləşə bilər. Ancaq rəsmi Pekin bunu hərbi deyil, iqtisadi faktorlar ilə etməyə çalışacaq: "Qərbin sanksiyalar ilə cəzalandırdığı Rusiya artıq indidən enerji resurslarının alınması üçün Çinə yalvarır. Rusiya böyük ehtimalla tədricən Çinin təsir dairəsinə düşməyə başlayacaq. Prezident Vladimir Putinin düşünülməmiş hərbi-siyasi riskləri Rusiyanı böyük fəlakət qarşısında qoyub".

Göründüyü kimi, prezident Vladimir Putin bütün dünyanı davamlı olaraq, təhdid etsə də, hazırda Rusiya böyük sürətlə batmağa doğru istiqamət alıb. Ona görə də, Kreml sahibinin təhdidləri bir kənara qoyub, Rusiyanın xilas edilməsi üçün indiyə qədər buraxılan kobud səhvlərin düzəldilməsi barədə düşünməsi daha məntiqli olardı. Hər halda, prezident Vladimir Putin vaxtilə I Pyotrun qurduğu Rusiya imperiyasını dağıdan dövlət başçısı kimi tarixə düşmək üzrədir. Onun özünü I Pyotr ilə müqayisə etməsi Rusiyanın xilas edilməsi üçün yetərli deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar