Moskva vilayətinin Krasnoqors şəhəri ərazisində, Moskva çayının sahilində yerləşən Arxangelsk malikanəsi Rusiya paytaxtına gələn turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Böyük ərazidə yerləşən park-saray kompleksində muzey, teatr və kino zalları, park kompleksi fəaliyyət göstərir. Sovet dövründə də bu məkan paytaxt Moskvanın ən prestijli məkanlarından biri sayılıb. Burada beynəlxalq konfranslar, rəsmi tədbirlər və görüşlər keçirilib, ali qonaqların şərəfinə ziyafətlər verilib. Qeyri-rəsmi isə SSRİ-nin siyasi elitasında təmsil olunanların ailə üzvləri, yaxın qohumları Arxangelsk malikanəsindən əyləncə mərkəzi kimi istifadə ediblər.
Bu məkan Leonid Brejnevin qızı Qalinanın da ən sevimli yerlərindən biri olub. O, məhz burada tez-tez dostları üçün ziyafətlər təşkil edib.
Belə ziyafətlərdən biri də 28 iyul 1981-ci ildə baş tutub. Amma əvvəlki əyləncə gecələrindən fərqli olaraq bu ziyafət qalmaqallı hadisə ilə yekunlaşıb. Məsələ o dərəcədə ciddiləşib ki, ölkənin birinci şəxsi, baş katib Leonid Brejnev hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb.
Həmin gecə Qalina Brejneva dostlarını brilyant “broş”la (yaxa sancağı) təəccübləndirib. Bu nadir zinət əşyası gecədə iştirak edənlərin hamısının diqqətini çəkib. Qalina Brejneva brilyant sancağı SSRİ Almaz Fondundan götürüb ki, qiyməti milyon rubldan artıq ölçülən sancaq fondun nadir əşyalarından biri sayılıb. Fond baş katibin qızını tez-tez belə “fərqləndirib” və ona etibar edib.
Gecədən xeyli keçmiş Arxangelsk malikanəsində səs-küy yaranıb. Gecədə iştirak edənlərin bir neçəsinin zinət əşyaları elə ustalıqla oğurlanıb ki, özlərinin də xəbəri olmayıb. Yəqin ki, bu da əyləncə həvəskarlarının sərxoş olmalarından irəli gəlib. O cümlədən Qalina Brejnevanın da brilyant yaxa sancağı Yoxa çıxıb.
Gücə saat iki radələrində Qalina Brejneva malikanənin inzibati otağından atasına zəng vurub. Adətən gecə zəngləri zamanı baş katibi yuxudan oyatmayıblar. Amma Qalinanın təkidi nəticəsində Brejnevin bağ evinin mühafizə rəisi baş katibi oyatmaq məcburiyyətində qalıb. Qalina telefonda birbaşa mətləbə keçib:
Yuxu dərmanlarının təsiri altında olan Brejnev məsələnin nə yerdə olduğunu tam anlamayıb, heç ağlına da gəlməyib ki, oğurlanan əşya Almaz Fonduna məxsusdur. O, qızını sakitləşdirməyə çalışıb:
Qalina ünvanı söylədikdən sonra Brejnev mühafizə rəisinə tapşırıq verib:
Dəqiqələr ərzində Moskva milisi ayağa qaldırılıb. Krasnoqorsk və Arxangelsk malikanəsinə yaxın olan yaşayış məntəqələrində milis maşınlarının və əməkdaşlarının sayı hesabı olmayıb.
Maraqlıdır, baş katibin qızını soymağa cəsarət edən kim olub?
Həmin gecədə 19 yaşlı Andery Kurdyaev də iştirak edib. Bu kimsəsiz cavan oğlan elit məclisə öz hesabına düşməyib. Onun sevgilisi İnqanın atası Dövlət Plan Komitəsində ən yüksək vəzifələrdən birini tutub və bunun hesabına da İnqa üçün bütün məkanlar açıq olub. Andreylə İnqa bir il əvvəl tanış olublar. Andrey öz qeyri-adi talantı ilə onu özünə cəlb edə bilib.
Bu qeyri-adi talant nədən ibarət olub?
1962-ci ildə Kiyevdə anadan olan Andrey Kurdyaevin atası dövrün ən tanınmış sirk ustası olub. Uşaqlıqdan Andreyi də sirkə cəlb ediblər. O, kiçik nömrələrlə tamaçıların qarşısına çıxıb. Hələ o vaxtdan Andreyin məşhur sehrbaz olacağına heç kim şübhə etməyib. Amma Andreyə bu sahədə fəaliyyətini davam etdirmək qismət olmayıb. Səkkiz yaşı olanda atası sirk zamanı yıxılaraq onurğasını sındırıb və vəfat edib. Bundan sonra Andrey sirkdən uzaqlaşıb.
Şəhər cibgirləri Andreyin talantından xəbərdar olub. Onlar Andreydən istifadə etmək fürsəti əldən verməyiblər. Beləliklə, Andrey oğurluq etməyə cəlb olunub. Bu yolla bir müddət pul qazanıb, amma himayədarları həbs olunduqdan sonra o, Kiyevdə qalmağa ehtiyat edib və Moskvaya köçüb.
Moskvada park gəzintilərinin birində Andrey İnqa ilə tanış olub. Onun sehrbaz hərəkətləri qızın xoşuna gəlib. Günlərin birində Andrey restoranda İnqaya xüsusi bir “talant”ını nümayiş etdirib. O, qonşu masada əyləşən kişinin cibindən qalın pulqabısını çıxardıb. Onun içindəki pulun yarısını götürdükdən sonra yenidən böyük peşəkarlıqla sahibinin cibinə qoyub. Bu “bacarıq” İnqanının təəccübünə səbəb olub.
Həmin gecə Arxangelsk malikanəsindəki zənginlər Andreyin diqqətindən yayınmayıb. Əvvəlcə o, birinci hədəfini seçib, rəqs edən cavan bir kişinin qızıl saatını çıxarıb. Sonra qadın çantalarının birindən qızıl alışqan və pulqabı yoxa çıxıb. Daha sonra rəqs edən iki qadının qiymətli boyunbağıları ustalıqla çıxarılıb. Sonda Andreyin diqqətini Qalina Brejnevanın sinəsindəki brilyant yaxa sancağı cəlb edib. Bu işdə Andrey bütün bacarığını səfərbər edərək yaxa sancağını baş katibin sinəsindən elə çıxarıb ki, Qalina Brejnevanın heç ruhu da inciməyib.
Ziyafət zalında itən əşyalarla bağlı səs-küy düşəndə həmin gecədə iştirak edən kriminal avtoritet Kolya Bosyak Andreydən şübhələnərək onu yardımçı otaqların birinə çağırıb. Andrey ilişməmək üçün bir neçə bıçaq zərbəsi ilə onu öldürüb və geri qayıdaraq İnqa ilə malikanəni tərk ediblər.
Əməliyyat qrupları araşdırmalara başlayıb. Gecədə iştirak edənlərin kimlikləri müəyyənləşdirilib. İnqanın kim olduğu bilinsə də, Andrey bu məclisdə yad bir adam kimi şübhə doğurub.
Andreyi ələ keçirmək üçün İnqanın yaşadığı mənzil nəzarətə götürülüb. Hadisədən bir gün sonra Andrey məhz İnqanın yaşadığı mənzildən çıxanda ələ keçib. O, əvvəlcə milislərə müqavimət göstərib. Hətta milis əməkdaşlarının birini bıçaqla yaralayıb. Amma qaçmağa müyəssər olmayıb.
Andrey Kurdyaev “Butırka” həbsxanasında saxlanılıb. İstintaq zamanı o, heç bir sualı cavablandırmayıb. Yalnız keçmişi haqqında məlumat verməklə kifayətlənib. Eyni zamanda istintaq dövründə aparılan axtarışlar zamanı zinət əşyalarının heç birini tapmaq mümkün olmayıb, o cümlədən Qalina Brejnevanın sinəsində olan brilyant yaxa sancağı da tapılmayıb.
İstintaq aparan müstəntiqlər ümid ediblər ki, gec-tez Andrey hər şeyi danışacaq, zinət əşyalarını da təhvil verəcək. Amma Şelokovun bir qrup təcrübəli əməkdaşları bu fikirlərində yanılıblar. İstintaqın 12-ci günü Andrey Kurdyaev saxlanıldığı təkadamlıq kamerada özünü asaraq intihar edib. Qalina Brejnevanın Almaz Fondundan götürdüyü brilyant sancağın taleyi isə məlum olmayıb.
Beləliklə, Şelokovun “brilyant broş” əməliyyatı heç bir nəticə verməyib
İlham Cəmiloğlu, Musavat.com