İyunun 13-dən Ermənistan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yay çağırışı başlayıb.
Bu məqsədlə müdafiə naziri Suren Papikyan Silahlı Qüvvələrin Baş qərargah rəisi Kamo Koçuntsla birlikdə nazirliyin Mərkəzi Toplantı Məntəqəsinə baş çəkib. "Papikyan çağırışçılarla söhbət edib, onların əhval-ruhiyyəsi, xidmətdən gözləntiləri ilə maraqlanıb, xidmət yerinin seçilməsi ilə bağlı püşkatma prosesi ilə tanış olub", - Ermənistan Müdafi Nazirliyinin məlumatında belə deyilir. Qeyd edək ki, bu çağırış Azərbaycanla Ermənistan arasında sülhə nail olunması baxmından siyasi əhəmiyyət daşıyır. Belə ki, rəsmi İrəvan bir neçə dəfə bu ilin 2022-ci ilin yay çağırışı zamanı Ermənistan hərbi qulluqçularının tamamilə Azərbaycan ərazisindən çıxarılacağını bildirib.
Ermənistanda həqiqi hərbi xidmət müddəti iki il olduğundan, sonuncu çağırışçılar Azərbaycan ərazisinə 2020-ci ilin iyun ayında gətirilib. 44 günlük müharibədən sonra sağ qalmış Ermənistan əsgərlərinin əksəriyyəti Azərbaycandan çıxarılsa da, bir hissəsi Qarabağda işğalçılıq və terrorçuluq fəaliyyətini davam etdirir. Rəsmi Bakı Ermənistandan silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmağı dəfələrlə tələb etsə də, İrəvan müxtəlif bəhanələrlə bu məsələdən yayınıb. Bununla da Ermənistan tərəfi Azərbaycan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın 4-cü bəndini pozub. Həmin öhdəliyə görə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olması ilə paralel Ermənistan Ordusu Azərbaycan ərazisini tərk etməlidir.
Ancaq Rusiya hərbi kontingenti Azərbaycana daxil olduqdan sonra Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənddəki erməni silahlı birləşmələri həmin ərazilərdə qaldı. Bu isə işğalın davam etməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Ermənistanın həmin torpaqlarda işğalçı silahlı birləşmələr saxlaması həm də Azərbaycanın Qarabağ üzərində suveren hüququnu tanımamasıdır. Yəni Ermənistan Azərbaycana qarşı ərazi iddiasını yenə də açıq şəkildə davam etdirir. Bu da öz növbəsində aparılan sülh danışıqlarının mahiyyətinə ziddir.
Bu halda 10 noyabr Bəyanatı qüvvəsini itirir və Azərbaycan istənilən vaxt antiterror əməliyyatı keçirib Ermənistan ordusunun qalıqlarını zərərsizləşdirə bilər. Rəsmi İrəvan danışıqlarda Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini tez-tez gündəmə gətirməklə silahlı birləşmələrin Azərbaycan ərazisində qalmasına əsas yaratmağa çalışır.
Ancaq Azərbaycan Ordusunun mart ayında Əsgəran, Xocalı və Ağdərə istiqamətində irəliləyərək düşmən postların dağıtmasından, Fərrux kəndini və Daşbaşı yüksəkliyini azad etmnəsindən sonra Ermənistan vəziyyətin ciddiliyini anladı. Ermənistan rəsmiləri silahlı birləşmələrin iyul ayının 1-dək Azərbaycan ərazisindən tamamilə çıxarılacağını vəd edir. Bu barədə mediaya verilən açıqlamalarla yanaşı, Ermənistanın qapalı danışıqlarda da Azərbaycandan iyun ayının sonuna qədər möhlət istədiyi bildirilir. Ermənistan 2020-ci ilin yay çağırışında Azərbaycan ərazisinə gətirilmiş əsgərlərin xidmət müddətinin iyun ayında başa çatacağını və onların iyulun 1-dək Ermənistana qayıdacağını vəd edir.
Bununla da Ermənistan özünün Qarabağdakı silahlı birləşmələri ilə bağlı 44 günlük müharibədən sonra həllini tapmamış problemə son qoyulacağına söz verir. Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın 2021-ci ilin fevral ayının 9-da imzaladığı fərmana əsasən, Ermənistan vətəndaşları başqa ölkənin ərazisində həqiqi hərbi xidmət keçə bilməz. Ona görə də yay çağırışçılarının Azərbaycan ərazisinə göndərilməsi qadağandir.
Ancaq Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olduğundan, Azərbaycanın Ermənistan hərbi qulluqçularının Qarabağa göndərilməsinin qarşısını almaq imkanları xeyli məhduddur. Hətta Ermənistan əsgərlərinin mülki geyimdə Laçın dəhlizindən keçirildiyi, Qarabağa daxil olduqdan sonra hərbi uniforma geyindikləri barədə məlumatlar var. Ermənistanda iyunun 13-də başlanmış yay çağırışı silahlı birləşmələr probleminin həllində İrəvanın nə qədər səmimi olduğunu müəyyənləşdirmək imkanı yaradacaq.
Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan kameralar və peyk görüntüləri vasitəsilə Laçın dəhlizindən istifadə edən insanların və nəqliyyat vasitələrinin 90-95 faizinin dəqiq sayını izləmək imkanına malikdir. Bu baxımdan, yaxın vaxtlarda Ermənistan əsgərlərinin Azərbaycan ərazisini tərk edib-etməyəcəyi aydınlaşacaq.
İstefada olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında Ermənistanın silahlı birləşmələrini Azərbaycandan çıxaracağına inanmadığını deyib:
"Ermənilər tam şəkildə olunurlar və onlara verilən tapşırığı yerinə yetirirlər. Ona görə düşünmürəm ki, Ermənistandan Azərbaycan ərazisinə çağırışçılar gəlməyəcək və separatçılara dəstək olmayacaq. Belə məsələləri çox eşitmişik və bu cür yalançı vədlər hər il rəsmi və ya qeyri-rəsmi səviyyədə təkrarlanır. Ermənistan Azərbaycan ərazisində öz əsgərlərinin olmadığını dəfələrlə bəyan edib. Gah bunu Qarabağdakı separatçı qurumun adına yazmağa çalışıblar. Ona görə də Rusiya sülhməramlıları Azərbaycan ərazisində qaldıqca Ermənistan da öz hərbi qulluqçularını Qarabağa göndərəcək. Çünki sülhməramlılar onları himayə edir. Halbuki, Ermənistan əsgərlərinin mülki geyimdə "Niva" markalı avtobillə Qarabağa gətirildiyi, ora çatdıqdan dərhal sonra hərbi formanı geyinib, silahı alıb sıraya düzüldüyünü təsdiq edən videogörüntülər var. Bu problemin həlli çox sadədir. Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini oradan təmizləməli, sülhün və əmin-amanlığın bərpa olunması üçün zəruri tədbirləri həyata keçirməlidir. Ermənistan vətəndaşları isə hərbi xidməti yalnız öz ölkələrinin ərazisində keçməlidirlər. Hesab edirəm ki, bu problem yaxın illərdə həll olunmayacaq və belə də davam edəcək".
Qeyd edək ki, hərbi xidmət müddəti başa çatmış Ermənistan əsgərlərinin Qarabağdakı cinayətkar rejimin "müqaviləli ordusu" adı altında terrorçu birləşmələrin tərkibində qalıb fəaliyyətini davam etdirdiyinə dair məlumatlar var.
Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistan imzaladığı sənədlərə hörmət etmədiyinə görə Paşinyanın da həqiqi hərbi xidmət barədə fərmanına obyektiv şəkildə əməl olunacağı şübhə doğurur:
"Paşinyan dörd ildir Ermənistana rəhbərlik edir. Amma bu müddətdə bir dəfə də olsun onun iradəsi və gücü çatmayıb ki, Ermənistan əsgərlərinin Azərbaycan ərazisinə göndərilməsini qadağan etsin. Çünki Paşinyan Rusiyanın girovudur. Moskva nə əmr etsə, Paşinyan da onu yerinə yetirir. Qarabağdakı separatçıların Azərbaycana qarşı müqavimət göstərmək gücü yoxdur. Erməni qadınların dəfələrlə Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirdiklərinin şahidi olmuşuq. Onlar övladlarının başqa ölkənin ərazisində xidmət keçməsinə etiraz edirlər. Bu prosesin dərin kökü var. Onlar verilən tapşırığı yerinə yetirirlər. Erməni silahlı birləşmələri Azərbaycan ərazisində olub, indi də var və əgər belə davam etsə, yenə olacaq".
Hərbi ekspert bildirdi ki, Ermənistan hərbçilərinin Qarabağa daxil olmasının qarşısını almaq üçün Azərbaycan ilk növbədə, Laçın dəhlizini tam nəzarətə götürməlidir. Azərbaycan Laçın dəhlizində sərhəd-buraxılış və gömrük-keçid məntəqələri quraşdırmalıdır. Amma bu da problemin yekun həlli demək deyil:
"Bu, prosesi ləngidə bilər, lakin aradan qaldıra bilməz. Erməni əsgər mülki geyimdə gəlib deyə bilər ki, guya qohumu Xaçatura qonaq gedir. Amma Qarabağa keçdikdən sonra geyimini dəyişib, əlinə silah götürüb xidmətini davam etdirə bilər. Bu problemin kökünü kəsmək üçün Azərbaycan ərazisi erməni silahlı birləşmələrindən təmizlənməlidir. Bundan sonra nəticə gözləmək olar".
Müşfiq Abdulla
Cebhe.info