"Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm".
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.
İlham Əliyev bildirib ki, bu, Azərbaycan üçün çox önəmlidir: "Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ də bu gün müzakirə edildi".
Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir.
Dövlət başçısı vurğulayıb ki, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bir milyon qaçqın var: "Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki öz həllini tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq".
* * * 13:08
Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü olub.
Bu gün təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
* * * 12:55
Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
AzərTAc-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
* * * 11:28
Bu gün Azərbaycan prezidentinin iqamətgahında ölkəyə rəsmi səfərə gələn Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
AzərTAc-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri R. T. Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
Prezidentlər rəsmi foto çəkdiriblər.