O, tarixdə öz adından daha çox “Norveçin Hitleri” kimi yadda qalıb. Bir müddət SSRİ-də işləsə də, iki dəfə rəsmi nikahda olduğu xanımlar milliyətcə rus olsalar da, Vidkun Kvislinq sovet rejiminə və kommunistlərə qatı nifrət bəsləyib.
Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra isə Kvislinq bütün imkan və əlaqələri ilə faşistlərlə həmrəy olduğunu nümayiş etdirib və eyni zamanda nasist Almaniyasının dəstəyi ilə Norveçdə hakimiyyəti ələ keçirmək istəyib. Kvislinq istədiklərinə qismən nail olub, amma arzularını tam gerçəkləşdirə bilməyib, əksinə, hakimiyyət hərisliyi sonda onun həm siyasi karyerasına, həm də həyatına son qoyub...
Vidkun Kvislinq 1887-ci ildə Norveçin Fyuresdal kommunasında anadan olub. O, orta təhsil aldığı illərdə humanitar fənnlərə meyl göstərsə də, sonda riyaziyyat üzrə ali təhsil almağa qərar verib. Ancaq Kvislinq çox keçməmiş riyaziyyatçı olmaqdan da imtina edərək hərbi akademiyada ali təhsil alıb.
Akademiyanı bitirdikdən sonra bir müddət Norveç silahlı qüvvələrinin baş qərargahında xidmət edən gənc zabit bu illər ərzində dil bilgilərinə üstünlük verib, rus dilini isə mükəmməl öyrənib. Bunu nəzərə alan Norveç rəsmiləri onu Petroqraddakı Norveç diplomatik nümayəndəliyinə hərbi attaşe təyin ediblər. Rusiyada vətəndaş müharibəsi başlananda Kvislinq geri çağrılıb və öz ölkəsində Rusiya üzrə hərbi ekspert qismində çalışıb.
1922-ci ildə Kvislinq yenidən Norveçi tərk edib. Bu dəfə o, yeni yaradılmış SSRİ-də Millətlər Liqası beynəlxalq təşkilatının nümayəndəsi kimi Xarkovda fəaliyyətini davam etdirib. Kvislinqin üzərinə aclıqdan və yoxsulluqdan əziyyət çəkənlərə təşkilatın xətti ilə humantar yardım göstərmək missiyası düşüb.
Kvislinq məhz bu ərəfədə ailə qurub, birinci dəfə o, Aleksandra Voronina, bir ildən sonra isə Mariya Paseçnikova ilə nikaha girib.
1927-1928-ci illərdə Kvislinq fəaliyyətini Moskvada Norveç səfirliyində davam etdirib. Daha sonra Parisdə diplomatik missiyada çalışıb.
Nəhayət, 1930-cu o, Norveçə qayıdıb və “Mərkəz” partiyasına daxil olaraq siyasi proseslərdə yaxından iştirak edib. Məhz bu partiyadan namizəd olması sayəsində Kvislinq 1931-1933-cü illərdə ölkənin müdafiə naziri vəzifəsini tutub.
1933-cü ildə Kvislinq “Mərkəz” partiyasından könüllü ayrılaraq “Milli birlik” faşist partiyasını yaradıb və Almaniyadakı nasist partiyası ilə sıx əlaqələr qurub. Onun nasistlərlə belə yaxın münasibətlər qurmaqda məqsədi Almaniyanın köməyi ilə Norveçdə hakimiyyəti devirmək olub. 1940-cı ilin aprelində Almaniya Norveçə hücum edəndə Kvislinq dövlət çevriıişinə çəhd edərək yeni hökumət elan edib. Almaniya ona tam dəstək versə də, plan baş tutmayıb. Norveç krallığı kabineti tanımayıb, ordu yeni hökumətin əmrlərini yerinə yetirməkdən imtina edib. Belə bir gərgin vəziyyət yarananda Almaniya Kvislinqə geri çəkilməyi “məsləhət” görüb və işğal olunmuş Norveç üzərində nəzarət reyxskomissar Yozef Terbovenə həvalə edilib.
Hitler Norveçdə daha mükəmməl bir idarəetmə üsulu yarada bilmədiyindən 1942-ci ildə yenidən Kvislinqi siyasi müstəviyə gətirməyə qərar verib. Beləliklə, Kvislinq 1942-ci ildə Norveçin nazir-prezidenti təyin edilib. Amma bu təyinatdan sonra Almaniyanın Norveçdəki reyxskomissarlığı da ləğv edilməyib və idarəetmədə əsas qərarlar məhz rexyskomissarlıq tərəfindən verilib ki, bu da Kvislinqin səlahiyyətlərini məhdudlaşdırıb.
Kvislinq öz arzusuna, ölkəsinin birinci şəxsi olmaq istəyinə çatsa da, o, bu vəzifədə Almaniyadan tam asılı vəziyyətdə qalıb. İkinci tərəfdən. Kvislinq özü haqqında həm beynəlxalq müstəvidə, həm da öz ölkəsində mənfi reputasiya, satqın imici formalaşdırıb. Sonda o, satqınlığına görə layiqli cəzasını da alıb.
Almaniyanın məğlubiyyətindən sonra 9 may 1945-ci ildə Kvislinq Osloda öz şəxsi villasında həbs edilib. O cümlədən nazir-prezidentin bütün komandası da könüllü təslim olublar.
Kvislinqin istintaqı bir neçə ay davam edib. İstintaq dövründə sabiq prezident təcridxanada aşağılanacaq dərəcədə saxlanılıb. Məhkəmədə o, dövlət çevrilişində, Norveç əhalisini Almaniya tərəfindən qeyri-qanuni müharibəyə cəlb etməkdə, faşistlərlə əlbir olaraq hərbi cinayət törətməkdə, vətənə xəyanətdə, Norveçin bir neçə dövlət xadimlərinə sui-qəsddə və digər maddələrlə ittiham olunub. Məhkəmə prosesində bütün sadalanan faktlar öz təsdiqini tapıb.
Norveç məhkəməsi Vidkun Kvislinqi ən ağır cəzaya, güllələnməyə məhkum edib. Hökm 24 oktyabr 1945-ci ildə Osloda, Akersxus qalasında icra olunub.
Sabiq prezidentin həyat yoldaşlarından biri Mariya Paseçnikova Kvislinqin siyasi fəaliyyətində yaxından iştirak etsə də, o, cəzadan yayına bilib və ömrünün sonunadək, 1980-ci ilə qədər Oslo da yaşayıb. Kvislinqin digər həyat yoldaşı isə prezidentən rəsmi ayrıldıqdan sonra Moskvaya qayıdıb. 1993-cü ildə, 88 yaşında vəfat edən Aleksandra Voronina prezidentlə ailəsinin dağılmasına görə ömrünün sonuna qədər Mariyanı lənətləyib.
İlham Cəmiloğlu, Musavat.com