Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ Ermənistana sarsıdıcı zərbə vurdu: Paşinyan Kremli dərhal təkzib etdi

15-06-2022, 18:25   


ABŞ səfiri Lenn Treysi, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən qısa müddət öncə Ermənistan diplomatiya idarəsinin rəhbəri Ararat Mirzoyan ilə qapalı görüş keçirib və Ağ Evin Paşinyan hakimiyyətinə son xəbərdarlıq mesajını çatdırıb... Rəsmi İrəvanın Rusiyaya sığınması və ABŞ-ın Ermənistandakı gizli biolaboratoriyaları üzərindən Kreml ilə "siyasi bazarlıq" etməsi artıq Ağ Evi qəzəbləndirib...

Ermənistan çıxılmaz vəziyyətdə qalıb. Rəsmi İrəvan bir tərəfdən Rusiyanın Ermənistana ənənəvi himayəsini qoruyub, saxlamağa çalışır. Çünki bu himayə olmadan yaxın və orta perspektivdə Ermənistanın dövlət kimi mövcudluğu ciddi təhlükə qarşısında qala bilər.

Digər tərəfdən isə Ermənistanın mövcudluğu üçün artıq yalnız Rusiyanın ənənəvi himayəsi də yetərli deyil. Kremlin hərbi-siyasi dəstəyi Ermənistanın digər önəmli, hətta böhranlı problemlərini həll etməyə təminat vermir. Rusiyanın ənənəvi himayəsi Ermənistana maliyyə-iqtisadi dəstəklə paralellik təşkil edəcəyi təqdirdə, effektiv ola bilərdi. Kreml isə Ermənistana xüsusilə də, Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşdüyü bir vəziyyətdə maliyyə-iqtisadi dəstək vermək imkanında və niyyətində deyil.

Təbii ki, belə vəziyyətdə Ermənistan istənilən halda, 30 illik blokada şəraitindən çıxmaq istiqamətində addımlar atmaq məcburiyyətindədir. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də, Azərbaycan-Türkiyə İttifaqının "qapısını döyməyə" məhkumdur. Çünki, yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa nail olacağı təqdirdə, Ermənistan blokadadan çıxa bilər.

e76961df-0ca5-4ea4-bd65-e66e65881256.jpg (253 KB)

Rəsmi İrəvanı çətinə salan əsas önəmli məqam da elə budur. Paşinyan hakimiyyəti Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin Azərbaycanla bağlı olmadığını tez-tez gündəmə gətirməyə çalışsa da, bu, reallıqdan çox-çox uzaqdır. Çünki, Azərbaycan və Türkiyə Ermənistana münasibətdə atdıqları bütün addımları mütləq uzlaşdırır. Türkiyə Xarici İşlər Nazirliyinin "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir” açıqlaması da bunu birmənalı şəkildə təsdiqləyir.

Təbii ki, belə situasiya rəsmi İrəvanı Rusiya ilə münasibətlərində Azərbaycan-Türkiyə İttifaqının reaksiyanı nəzərə almağa sövq edir. Paşinyan hakimiyyətinin manevr imkanları geniş olmasa da, hər halda, rəsmi İrəvan bəzi siyasi bəyanatların təsirlərini azaltmaq barədə də düşünür. Baş nazir Nikol Paşinyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda dilə gətirdiyi skandal "delimitasiya açıqlaması"nı təkzib etməsi də bu ehtimalı gücləndirir.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyaların fəaliyyətinin "Dağlıq Qarabağ məsələsi"nə aidiyyatının olmadığını vurğulayıb. S.Lavrovun İrəvanda yeni skandal "delimitasiya anlayışı" icad etdikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi də oxşar açıqlama ilə çıxış etmişdi. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti S.Lavrovun gərginliyi artıran "yeni icad"ına indeksləşmək Ermənistana baha başa gələ biləcəyini anlayır.

Ermənistan baş naziri onu da vurğulayıb ki, rəsmi İrəvan Azərbaycan ilə müxtəlif formatlar üzrə müzakirələr aparır və onlardan biri də məhz sərhədlərin demarkasiyası prosesi ilə bağlıdır. Erməni baş nazir Rusiyanın bu prosesdə rolunu Kremlin üçtərəfli anlaşmaların qarantı olması kimi təsəvvür etdiyini də bildirib. Və bu, rəsmi İrəvanın Rusiyaya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində balanslı iştirakından yana olduğunu göstərir.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Rəsmi İrəvanı narahat edən əsas bir neçə məqamın olduğunu ehtimal etmək mümkündür. Birincisi, erməni baş nazir Ukraynada "savaş bataqlığı"na düşən Rusiyanın artıq əvvəlki kimi güclü olmadığını nəzərə almağa başlayıb. Üstəlik, Rusiyanın Cənubi Qafqazda da mövqeləri ciddi şəkildə zəifləyib. Türkiyə isə regiona əsaslı şəkildə yerləşmək üzrədir. İndi Azərbaycan-Türkiyə İttifaqının geopolitik iradəsi artıq Rusiyanın Cənubi Qafqaza nəzarət imkanlarını böyük ölçüdə balanslaşdırır.

Belə vəziyyətdə Rusiyanın himayəsinə sığınıb, Azərbaycan-Türkiyə İttifaqının sərt reaksiyasını öz üzərinə çəkəcəyi təqdirdə, Ermənistan Kremlin bloklaya bilməyəcəyi böyük təhlükə qarşısında qala bilər. Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Azərbaycana səfər etməyi planlaşdırması da rəsmi İrəvan üçün əlavə narahatlıq doğuran məqamdır. Böyük ehtimalla S.Lavrov İrəvanda dilə gətirdiyi və rəsmi Bakının sərt reaksiyasına səbəb olan skandal "delimitasiya açıqlaması"na aydınlıq gətirməli olacaq. Yəqin ki, bu səfərə zərurət yaradan əsas səbəb də elə həmin "açıqlama"nın doğurduğu gərgin situasiya ola bilər.

Nəhayət, son vaxtlar Ermənistanın Rusiya ilə daha çox yaxınlaşması ABŞ və Qərb tərəfindən də ciddi narazılıq ilə qarşılanmağa başlayıb. Rəsmi İrəvanın Rusiya ilə ABŞ-ın Ermənistanda olan gizli biolaboratoriyaları üzərindən "siyasi bazarlığa" cəhd göstərməsi Ağ Evin diqqətindən qətiyyən yayınmayıb. Belə ki, Paşinyan hakimiyyəti Rusiya xarici işlər naziri Sergey Lavrovun, İrəvanda fasiləsiz kütləvi etiraz aksiyaları keçirən radikal-revanşist erməni müxalifətini tənqid etməsini xahiş etmişdi. Əvəzində isə ABŞ-ın Ermənistandakı gizli biolaboratoriyalarına Rusiya mütəxəssislərinin nəzarətini gündəmə gətirmişdi. Və buna Rusiyanın "əvvəlcə biolaboratoriyalar, sonra tənqid" variantı ilə cavab verdiyi bildirilir.

Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti nə qədər Kremlə yaxınlaşmağa çalışsa da, Rusiya rəsmi İrəvana güvənmir. Kreml öz istədiyini alana qədər Paşinyan hakimiyyətinə manevr imkanları tanımır, Rusiyanın "5-ci kolon"unu qoruyub, onun üzərindən rəsmi İrəvanı daim təzyiq altında saxlamağa çalışır. Və belə vəziyyətdə Paşinyan hakimiyyəti üstəlik, ABŞ və Qərbin etimadını da itirir.

pasha-sorossss.jpg (92 KB)

Son vaxtlara qədər Ermənistanın qeyri-rəsmi "xarici işlər naziri" kimi davranan ABŞ səfiri Lenn Treysinin mövqeyini dəyişməsi də bunu təsdiqləyir. Belə ki, ABŞ səfiri Lenn Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən qısa müddət öncə Ermənistan diplomatiya idarəsinin rəhbəri Ararat Mirzoyan ilə qapalı görüş keçirib. Həmin görüşdə ABŞ səfirinin erməni həmkarının diqqətinə rəsmi İrəvanın son davranışlarından Ağ Evin ciddi narahatlığını çatdırıb. Və bunun doğura biləcəyi nəticələr barədə erməni nazirə xəbərdarlıq edib.

Maraqlıdır ki, ilkin nəticələr artıq özünü biruzə verməyə başlayıb. Belə ki, ABŞ Dövlət Departamenti rəsmi İrəvanın kütləvi etiraz aksiyalarına qatılan şəxslərə qarşı zorakı davranışlarından narahat olduğunu bəyan edib. Ağ Ev Paşinyan hakimiyyətini vətəndaşların hüquq və azadlıqlarına, sərbəst toplaşmaq haqqlarına hörmətlə yanaşmağa çağırıb. Halbuki, son vaxtlara qədər ABŞ və Qərb Paşinyan hakimiyyətinin aksiyaçılara qarşı zorakılıq etməsinə israrla "göz yummağa" üstünlük verirdi.

İndi belə anlaşılır ki, Paşinyan hakimiyyətinin Rusiyaya yaxınlaşmaq cəhdləri, ABŞ-ın gizli biolaboratoriyalarını bu məqsəd üçün "siyasi bazarlıq" predmetinə çevirməsi Ağ Evin gözlərini nəhayət, almağa başlayıb. Hər halda, Ağ Evin rəsmi İrəvana yönəlik son çağırışı ABŞ-ın Paşinyan hakimiyyətini artıq Rusiyanın "5-ci kolonu" olan revanşistlər ilə eyniləşdirməsi kimi də yozmaq olar. Yəni, ABŞ "Soros" Fondu sayəsində hakimiyyətə sahiblənmiş baş nazir Nikol Paşinyan və onun komandası ilə Rusiyayönümlü revanşist düşərgə arasında indi elə bir ciddi fərq görmür.

Ona görə də, hesab etmək olar ki, ABŞ Paşinyan hakimiyyətinə siyasi dəstəyini geri çəkmək üzrədir. Ağ Evin rəsmi İrəvanı aksiyaçılara qarşı zorakılıqda ittiham etməsi, əslində, ABŞ-ın Rusiyanın yanında yer almaqla, özünü çevriliş təhlükəsindən sığortalamağa çalışan Paşinyan hakimiyyətini "vurması" anlamına gəlir. Böyük ehtimalla bu, ABŞ-ın növbəti və ciddi xəbərdarlığıdır. Əgər, rəsmi İrəvan Rusiyaya sığınmaqda və ABŞ-ın Ermənistandakı gizli biolaboratoriyaları üzərindən Kreml ilə "siyasi bazarlıq"da davam edərsə, Ağ Evin Paşinyan hakimiyyətinə növbəti zərbəsi daha sarsıdıcı xarakter daşıya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar